EN

Kiçik bizneslərin qarşılaşdığı çətinliklər və KOBİA-nın dəstəyi

Kiçik bizneslər iqtisadiyyatın inkişafında vacib rol oynasa da, fəaliyyətlərinin ilkin mərhələsində bir sıra çətinliklərlə üzləşirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Finss.az-a açıqlamasında bildirir ki, mütəmadi sorğular və görüşlər nəticəsində müəyyən olunub ki, sahibkarlar dəstək mexanizmləri, tətbiq edilən güzəştlər və hüquqi prosedurlar barədə məlumatlılıqlarını artırmağa ehtiyac duyurlar. “Kiçik bizneslər istənilən iqtisadiyyat üçün vacibdir. Lakin fəaliyyətləri müddətində onlar da bir sıra çətinliklərlə üzləşirlər, xüsusən də fəaliyyətlərinin ilkin mərhələsində. Mütəmadi olaraq KOBİA-nın sahibkarlar arasında keçirdiyi sorğuların və keçirdiyi görüşlərin nəticələrinə əsasən sahibkarların dəstək mexanizmləri, tətbiq edilən güzəştlər və hüquqi prosedurlar barədə maarifləndirilməsinə, innovasiyaların və rəqəmsal həllərin tətbiqi barədə məlumatlılıq səviyyəsinin artırılmasına, habelə müasir trendlərdən xəbərdar olan və çalışdığı sahə üzrə bilik və bacarıqları yaxşı olan mütəxəssislərə ehtiyacı var.”

Agentlik bildirir ki, kiçik bizneslərin əsas çətinliklərindən biri biznesin qurulması və inkişaf etdirilməsi ilə bağlı məlumat azlığıdır. Bu problemi aradan qaldırmaq üçün KOBİA-nın KOB inkişafı mərkəzləri ödənişsiz təlimlər və məsləhət xidmətləri təqdim edir. “KOB-ların qarşılaşdıqları əsas problemlərdən biri biznesin qurulması və inkişaf etdirilməsi ilə bağlı məlumatlarının az olmasıdır. Bu çətinliyin aradan qaldırılması üçün KOBİA-nın KOB inkişafı mərkəzləri tərəfindən biznesə başlayanlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün ödənişsiz təlimlər keçirilir, məsləhət xidməti göstərilir.”

Maliyyə resurslarının çatışmazlığı da sahibkarların üzləşdiyi vacib çətinliklərdəndir. KOBİA qeyd edir ki, “Bütün dünyada banklar kiçik biznesi riskli hesab edir. Bununla bağlı dövlətin güzəştli maliyyə mexanizmlərinin rolu böyükdür. Yerigəlmişkən mikro və kiçik sahibkarların kiçik həcmli kreditlərə çıxışına dəstək üçün KOBİA və Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (öncəki adı Sahibkarlığın İnkişafı Fondu) əməkdaşlıq edir. Bu dəstək 10 min manatadək kredit təlabatı olan və fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün nəzərdə tutulub.”

Bazar araşdırması, brendinq və bazarlara çıxış da kiçik bizneslərin üzləşdiyi çətinliklər arasındadır. Agentlik əlavə edir ki, “KOB-ların digər çətinlikləri bazar araşdırması, brendinq və bazarlara çıxışla bağlıdır ki, bunların həlli üçün də bir sıra dəstək mexanizmləri mövcuddur. Məsələn, KOBİA KOB-ların ticarət şəbəkələrinə çıxışına, yerli və xarici bazarlarda məhsul/xidmətlərini təqdim etməsinə dəstək göstərir, daxili bazar araşdırmasının aparılmasını maliyyələşdirir. Peşəkar kadrların cəlb edilməsi, xüsusilə texnoloji və ya ixtisaslaşmış sahələrdə ixtisaslı işçilərin cəlb edilməsi və saxlanılması da kiçik bizneslərin qarşılaşdığı çətinliklər sırasındadır.”

Sahibkarların dəstəklənməsi və problemlərinin həlli məqsədilə KOBİA mütəmadi sahəvi görüşlər də keçirir: “Agentlik tərəfindən sahibkarların maarifləndirilməsi, onların üzləşdiyi çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə aidiyyəti qurumlarla birgə mütəmadi olaraq sahəvi görüşlər keçirilir. Görüşlərdə sahibkarlıq subyektlərinin çətinlik və təklifləri dinlənilməklə yanaşı, müvafiq qurumlarla birgə onların həlli istiqamətində tədbirlər görülür və ya qanunvericiliyin tələbləri izah edilir.”

Beləliklə, KOBİA-nın dəstək mexanizmləri, təlimlər, güzəştli maliyyə imkanları və sahəvi görüşlər kiçik bizneslərin inkişafına və qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına böyük töhfə verir.

Fuad Mədətov
Finss.az

Chosen
38
fins.az

1Sources