Naxçıvan, 12 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatlar əsasında nazirliyin müvafiq qüvvələri çağırış ünvanlarına cəlb olunub.
Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.