EN

Osman Nurmaqomedov: “Onlara qalib gəlməyin yolunu bilirəm” - MÜSAHİBƏ

Sərbəst güləş üzrə milli komandanın üzvü Osman Nurmaqomedovun (92 kq) federasiyanın mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, dünya çempionatı öncəsi hazırlığını dəyərləndirib, şanslarından danışıb.

– Avqustda Türkiyədə təlim–məşq toplanışı keçdiniz. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Bununla bağlı nə deyə bilərsən?

– Türkiyədəki təlim-məşq toplanışı yaxşı keçdi. Hazırlıq prosesində 4-5 komanda iştirak edirdi. Xalça üzərində məşqlərə daha çox yer ayrıldı və səhvlər üstündə işlədik. Bakıdakı təlim-məşq toplanışında isə yoxlama görüşlərinə üstünlük verildi. Zədəsiz başa vurduq. Hər şey yaxşıdır. Uşaqlar da yaxşı formadadırlar.

– Komandada əhval-ruhiyyə necədir?

– Komandanın əhval-ruhiyəsi yaxşıdır. Yüksək səviyyədə toplanışlar keçdik. Güləşçilərimiz qələbəyə köklənib.

-Yarışa özünü tam hazır sayırsan?

– Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır.

– Bir neçə dəfə dünya və Avropa çempionatının finalında məğlub olmusan. Final sindromu nə ilə bağlıdır?

– Hamısında qələbəyə çox yaxın olmuşam. Yəqin ki, həmin görüşlərdə çatışmayan idman xoşbəxtliyi olub.

– Əsas rəqiblər kimlərdir?

– 92 kq-da güclü rəqiblər çoxdur. Zəif-güclü tərəflərini təhlil etmişəm. Onlara qalib gəlməyin yolunu bilirəm.

– Fərdi keyfiyyətlərini yaxşılaşdırmaq üçün hansı detallar üzərində işləyirsən?

– Parter üzərində çalışmalara, ayaqlarla işləməyə diqqət ayırdıq. Görüş sonluğuna da yer ayırdıq. Bu da yaxşı forma yığmağa imkan verdi.

– Sərbəst güləşdə 8 illik qızıl medal həsrətinə son qoymağa hazırsan?

– İlk növbədə özümə sübut etmək istəyirəm ki, mən dünya çempionu ola bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

– 92 kq qeyri-olimpiya çəkisi olduğu üçün növbəti Olimpiya Oyunlarında hansı çəkidə güləşməyi planlaşdırırsan?

– Səhhətim imkan versə və ciddi zədə olmasa, gələcəkdə 97 kq-a keçməyi planlaşdırıram.

İdman.biz

Chosen
50
3
idman.biz

4Sources