Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Emin Əfəndi,
Çoxları mənim Rusiya ilə son zamanlardakı münasibətlərimdən xəbərdardır. Vəziyyət doğrudan da ruscadır, amma… Dünən üç saatdan artıq davam edən Yekaterina Qordeyevanın Alla Puqaçova ilə müsahibəsinə baxdım və anladım ki, dünyada iki Rusiya var. Birincisi haqda çox yazmışam, orada hər şey aydındır. İkincisi idə mənim sevdiyim Puqaçovanın təmsil etdiyi Rusiyadır.
Puqaçova mövzusu heç vaxt təkcə "Rusiya” anlayışı ilə məhdudlaşmayıb. Mənim üçün o, uşaqlıqdan bəri həm musiqi, həm də həyat fəlsəfəsi demək olub. İlk dəfə televizorda "Эй, вы там наверху” oxuduğunu görəndə, bağça yaşında bir uşaq kimi anlamasam da, hiss etmişdim ki, qarşımda başqa ölçüdə bir dünya dayanır. Elə o an müasirliyin nə olduğunu anladım.
İllər keçdi, və Puqaçova yaddaşımda həmişə müasir olaraq qaldı. O dəyişmədi, sadəcə zamanın içində özünü qoruyaraq hər dəfə yenidən doğuldu. Bu günlərdə isə Qordeyeva ilə müsahibəsini izləyəndə mənə elə gəldi ki, təkcə onun həyatına yox, öz həyatımın da gözümün qabağından keçdi. Söhbət o qədər açıq, o qədər təmiz idi ki, bəzi anlarda, xüsusilə də ölüm haqqında danışanda, mən də qəribə bir kövrəklik hissi yaşadım… Qəribə ifadədir. Əslində elə kövrəldim…
Bu müsahibə sadəcə sənətkarın cavabları deyil, bütöv bir filmdir. Həm də bizim də yaşadığımız həyatın filmi. Puqaçova burada həm güclü, həm də kövrək görünür. Onun səsindəki azadlıq iddiası ilə yanaşı, qorxularının səmimiyyəti də duyulur. Və bəlkə də elə buna görə, o, mənim üçün hər zaman bir simvol olaraq qalacaq. Çünki o, kimin nə deyəcəyindən, hansı damğa vurulacağından asılı olmayaraq öz mövqeyini qoruyan güclü bir qadındır.
Puqaçovanın Rusiya ilə bağlı son sözləri bəlkə də "birinci Rusiyada” çoxlarının xoşuna gəlməz. Amma o, sadə bir həqiqəti dedi: "Vicdan şöhrətdən də, dəbdəbədən də ucadır.” Bu cümlə bəzən saatlarla kitab oxumaqdan daha artıq təsir gücünə malikdir. Çünki burada söhbət nə musiqidən, nə kinodan, nə də dəbdən gedir. Puqaçova bütün Rusiyalar üçün bir vicdan məsələsidir.
Onu böyük edən sadəcə mahnıları deyil. Onu böyük edən hər zaman müasir qalmaq, zamanın ruhunu hiss etmək və ən əsası vicdanını itirməməkdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.