EN

İcbari Tibbi Sığortanın son 3 illik "hesabatında" nə problemlər var...


Maliyyə pozuntularında məsuliyyət daşıyan rəhbər şəxslər aşkarlanarsa, bu, yüksək səviyyədə istefalara və ya kadr dəyişikliklərinə səbəb ola bilər

İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) son üç ilin maliyyə hesabatlarını açıqlamaması bir neçə mühüm məqamı gündəmə gətirir.

Əvvəla, “Mühasibat uçotu haqqında” Qanunun 12 və 13-cü maddələri dövlət vəsaiti ilə maliyyələşən qurumların ictimai hesabatlılığını məcburi edir. Yəni İTSA kimi qurumların illik maliyyə hesabatlarını açıqlamaması birbaşa qanun pozuntusu sayılır. Bu, həm təşkilat, həm də onun rəhbər şəxsləri üçün inzibati məsuliyyət doğurur.

Digər tərəfdən, sığorta sistemi cəmiyyətin həssas sahələrindən biridir və vətəndaşların ödədiyi vəsaitlərin necə xərcləndiyi barədə məlumatın gizlədilməsi şəffaflığa zərbə vurur. Bu, həm ictimai etimadı zəiflədir, həm də sığorta xidmətlərinin keyfiyyətinə dair şübhələri artırır.

Eyni zamanda, beynəlxalq normalara görə (INTOSAI, IMF, Dünya Bankı), büdcədən maliyyələşən qurumların vaxtında hesabat təqdim etməməsi maliyyə intizamının pozulmasıdır. Bu hal beynəlxalq maliyyə təşkilatları qarşısında Azərbaycanın hesabatlılıq və idarəetmə imicinə mənfi təsir göstərə bilər.

Vurğulamaq yerinə düşər ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin həm İTSA, həm də TƏBİB-də yoxlamalara başlaması təsadüfi deyil. Bu, dövlətin maliyyə intizamının pozulmasını qəbul etmədiyini göstərsə də, sual yaranır: niyə pozuntular üç il ərzində aşkarlanmayıb və vaxtında qarşısı alınmayıb?

Sağlamlıq sahəsi əhalinin ən çox narazılıq etdiyi istiqamətlərdən biridir. Hesabatlılıq boşluğu həm ictimai qınağı gücləndirir, həm də siyasi müstəvidə dövlət orqanlarının fəaliyyətinə kölgə sala bilər.

Yəni İTSA-nın hesabat verməməsi təkcə texniki prosedur pozuntusu deyil, həm də şəffaflıq, etimad və idarəetmə prinsiplərinin zədələnməsidir. Bu hal dövlət nəzarət orqanlarının fəaliyyətində operativlik və effektivliyin artırılmasını da gündəmə gətirir.

Nədənsə, son illər böyük dövlət layihələrinin (TƏBİB və İTSA-nın icrası, xəstəxanaların maliyyələşməsi, dərman təminatı) bəzi hallarda düzgün uçotu aparılmır. Bu da hesabatların vaxtında hazırlanmasına mane ola bilər. İTSA və TƏBİB səhiyyə sistemində son illərdə ən çox diqqət mərkəzində olan qurumlardır. Hər iki qurumda idarəçilik problemləri barədə tez-tez məlumat yayılır. Hesabatların açıqlanmaması bəzən maliyyə göstəricilərinin ictimai qınağa səbəb ola biləcəyindən ehtiyatlanmaqla bağlı ola bilər. TƏBİB-in icbari tibbi sığortani həyata keçirən yeganə qurum, yəni bu sahədə təbii inhisarçı olmasi vəziyyəti bir qədər də qəlizləşdirir.

Rəqəmsal uçot sistemlərinin tam tətbiq edilməməsi, daxili audit proseslərinin gecikməsi və hesabatların vaxtında hazırlanıb təsdiqlənməməsi texniki və idarəetmənin zəifləməsinə gətirib çıxarır.

Əgər hesabatlar uzun müddət açıqlanmırsa, bu, həm də vəsaitlərin təyinatı üzrə xərclənməməsi və ya səmərəsiz istifadəsi barədə şübhələri artırır.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamalarının nəticəsində müəyyən pozuntular aşkar olunarsa, inzibati sanksiyalar tətbiq edilə bilər.

Təzyiqlərdən sonra İTSA məcbur qalıb 2022–2023-cü illərin hesabatlarını açıqlaya bilər. Bununla dövlət şəffaflıq görüntüsünü qismən bərpa edəcək.

Əgər hesabatların gizlədilməsində və ya maliyyə pozuntularında məsuliyyət daşıyan rəhbər şəxslər aşkarlanarsa, bu, yüksək səviyyədə istefalara və ya kadr dəyişikliklərinə səbəb ola bilər.

Məlum olduğu kimi, Dünya Bankı və digər beynəlxalq qurumlar səhiyyə islahatlarına maliyyə dəstəyi göstərir. Hesabatlılıq boşluğu davam edərsə, maliyyə dəstəklərində şərtlər sərtləşdirilə və ya yeni vəsaitlərin ayrılması təxirə salına bilər.

Əgər açıqlanan hesabatlarda ciddi maliyyə pozuntuları üzə çıxsa, bu, səhiyyə sisteminə ictimai inamsızlığı daha da dərinləşdirə bilər.

Yekun olaraq qeyd edək ki, hesabatların açıqlanmaması təkcə inzibati məsələ deyil, həm də idarəetmə keyfiyyətinin, ictimai etimadın və beynəlxalq maliyyə intizamının göstəricisidir. Növbəti aylarda Maliyyə Nazirliyinin audit nəticələri bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək.

Akif NƏSİRLİ

Chosen
29
baki-xeber.com

1Sources