ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ötən gün Polşa ərazisində baş verən hadisələr ciddi bir insident və təxribatdır. Bununla bağlı çox müxtəlif iddialar var. İlk versiya bundan ibarətdir ki, məhz Rusiyaya məxsus olan dronlar Ukraynanın qərb hissələrinə, o cümlədən Belarus ərazisinə keçməklə Polşaya daxil olublar və Polşa hava hücumundan müdafiə sistemləri, o cümlədən NATO-nun dəstəyi ilə bu hücumlar dəf edilib və dronlar zərərsizləşdirilib. Amma başqa bir iddiada da qeyd olunur ki, guya həmin dronlar Rusiyanın arsenalında yoxdur və bunlar Rusiyaya aid deyil, hansısa naməlum ünvanlardan gəlib. Hətta bir az "irəli gedən" rusiyalı ekspertlər bu hücumun guya Avropa ölkələri və Ukrayna tərəfindən təşkil olunduğunu, Rusiyaya təzyiqlərinin artırılması üçün Donald Trampı təşviq etmək və onu Rusiya aqressiyasına qarşı daha sərt addım atmağa yönəltmək cəhdləri kimi də dəyərləndirməyə çalışırlar”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Oqtay Qasımov danışıb. Politoloq qeyd edib ki, əslində bu təxribat Rusiya tərəfindən həyata keçirilib və Rusiya prezidenti hesab edir ki, kollektiv Qərbdə müəyyən bir parçalanma yarada bilib: “Xüsusilə də Amerika Birləşmiş Ştatları prezidentinin, Avropa İttifaqında NATO ölkələrinə qarşı sərgilədiyi mövqe, o cümlədən Rusiya ilə normallaşma cəhdi və Putinlə də dəfələrlə telefon danışığı aparması, nəhayət Alyaskada görüş keçirməsi, Rusiya ilə yaxınlaşma cəhdləri məhz Qərb parçalanma elementlərini ortaya çıxarıb. İndi də Rusiya bundan istifadə etməyə çalışır. Bununla həm Avropa ölkələrini təhdid altında saxlamaq istəyir, eyni zamanda NATO-dakı həmrəyliyi test etməyə çalışır və bunun işlək mexanizm olub olmadığını həm də görmək istəyir”.
Oqtay Qasımov
Polşa nə üçün "hədəf" seçilib?
Oqtay Qasımov hesab edir ki, Polşanın Rusiya ilə olan tarixi düşmənçilik münasibətləri, o cümlədən Polşanın Ukraynaya aktiv dəstəyi və Rusiyanın da özünün Polşa ilə olan keçmiş hesabları, məhz Putini bu cür addımlar atmağa sövq edib.
NATO ölkələri bu "sınaq"dan necə çıxacaqlar?
“Doğrudur, dünən NATO hücum edən dronların zərərsizləşdirilməsində Polşaya dəstək verib. Eyni zamanda NATO-dan verilən açıqlamalar da onu göstərir ki, onlar da bu məsələyə təmkinli yanaşmağın tərəfdarlarıdır. Bununla yanaşı, məhz baş verən hadisə onlara əsaslar verib ki, yenidən Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq olunsun. O cümlədən, Rusiya ilə ticarət aparan və yardım edən üçüncü ölkələrə də bu sanksiyaların təsiri ilə bağlı məsələlər öz həllini tapmalıdır”-deyə Oqtay Qasımov bildirib.
“Eyni zamanda bu tədbirlər çərçivəsində Rusiyanın dondurulmuş aktivlərdən istifadə məsələsi sürətlənə bilər. Yəni bütün hallarda dünənki hadisə artıq Rusiya-Avropa arasında münasibətləri bir az daha gərginləşdirdi və bu hadisə həm də Avropa cəmiyyətlərinə də müəyyən mesaj oldu”-deyən politoloqun fikrincə, bu hadisə Avropa hakimiyyətlərinin öz cəmiyyətlərinə Rusiya təhdidinin nə qədər böyük miqyasda olduğunu göstərmək baxımından "fürsət" kimi dəyərləndirilməlidir.
“Avropa cəmiyyətləri Ukrayna-Rusiya savaşından yorulmuş vəziyyətdədir və bununla bağlı narazılıq edilir. Çünki bu savaş sosial-iqtisadi vəziyyətin pisləşməsinə səbəb olur. Bu hadisə Avropa ölkələrinin liderlərinə müəyyən imkan yaratdı. Rusiya təhdidinə qarşı yönəltmək, onları birləşdirmək və müəyyən qədər də diqqəti daxildəki sosial-iqtisadi problemlərdən yayındırmaq üçün bundan istifadə olunacaq”-deyə Oqtay Qasımov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.