Bu gün Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onları təqdim etməsi ilə bağlı birgə bəyanat yayıb.
QHT.az xəbər verir ki, bu məsələ ilə bağlı narazılıqlar gündəmə gəlib. Mövzu ilə bağlı ictimaiyyətin və bir çox QHT nümayəndələrinin kəskin mövqeyi mütəmadi olaraq ifadə olunub.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi Kəlağayı Muzeyinin rəhbəri Güllü Eldar Tomarlı bəzi QHT-lərin saxta orden və medallar təsis etməsinə münasibət bildirib. QHT sədri belə halların yolverilməz olduğunu qeyd edib:
“Allah kömək olsun sizə. Qarşısı alınmalıdı bu qondarma medalların, ordenlərin. Hərə özünnən bir oyun çıxarır. Bundansa bir faydalı iş görülsə daha yaxşıdı. Yəqin ki, burda fikir pul qazanmaq, ya da ki özlərini dövlət qurumu kimi göstərməkdi, ictimaiyyətə tanıtmaq məqsədi daşıya bilər. Hər nə isə, medal, orden alana nə xeyri var bilmirəm, təqdim edənə xeyri mütləq var”, – deyə Güllü Eldar Tomarlı vurğulayıb.
O, şəhid ailələrinin adından sui-istifadə hallarına da toxunub:
“Bir şəhid tədbirində bir QHT rəhbəri yaxınlaşdı ki, mənə söz verin. Mən də dedim, çıxışçıların sırasında adınız yoxdu, vaxt da məhdud idi. Bildirdi ki, şəhid anasına medal verməlidi. Mən qəti şəkildə etiraz etdim, çünki rəhbərlik etdiyim tədbirlərdə belə təqdimatlar olmaz. Tədbir başlayanda bu insan yox idi. Deməli, məqsəd tədbirdə iştirak yox, medal təqdim etmək imiş. Halbuki, şəhid valideynlərinə ən uca, ən böyük adı övladları verib – Şəhid Atası, Şəhid Anası”.
Güllü Eldar Tomarlı bildirib ki, bu kimi halların çox olduğunu, lakin hamısını qeyd etməyin mümkün olmadığını deyib və məsələ ilə bağlı ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Pərvanə Fərhadqızı