EN

Nazirə təhsil ekspertlərindən CAVAB

“Azərbaycanda təhsil eksperti institutu yoxdur”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, onlar özləri özlərini ekspert adlandırıblar:

"Kimsə öz həyatını danışmağa həsr edirsə, biz ona nə deyə bilərik. Azərbaycanda təhsil eksperti institutu yoxdur. Qarşılıqlı hörmət yoxdursa, ekspertlik institutunu biz özümüzdən yaratmışıq. Söhbət bütün ekspertlərdən getmir. Aralarında hörmət etdiyim şəxslər də var".

Bəs təhsil ekspetlərinin bu fikirlərə münasibəti necədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, Azərbaycanda təhsil eksperti institutu kimi ayrıca bir qurum mövcud deyil:

“Cənab nazirin səsləndirdiyi fikirləri başa düşmək olar. Burada əsas vurğunun institusional yanaşmaya yönəldiyini düşünürəm. Doğrudan da Azərbaycanda təhsil eksperti institutu kimi ayrıca bir qurum mövcud deyil.

Amma bu, təhsil sahəsində fəaliyyət göstərən, araşdırmalar aparan, beynəlxalq təcrübəni izləyən və ictimai rəyin formalaşmasına töhfə verən mütəxəssislərin mövcudluğunu inkar etmir. Mənim şəxsi məqsədim heç vaxt status qazanmaq olmayıb, əsas hədəfim təhsilin inkişafına faydalı ola biləcək fikirlər səsləndirməkdir.

Bu prosesdə biz hər zaman Elm və Təhsil Nazirliyi ilə ünsiyyətdə olmuşuq və əməkdaşlıq ruhunda fəaliyyət göstərmişik. Əsas olan şəxslərin adlandırılması deyil, ölkə təhsilinə fayda verən işlərin görülməsidir”.

Təhsil ekspert Elmin Nuri isə qeyd edib ki, dünyanın heç bir yerində təhsil eksperti institutu mövcud deyil:

“Hər dəfə təhsil ekspertləri ilə bağlı məsələyə xüsusi toxunulmasını başa düşmürəm. Nazir bildirib ki, Azərbaycanda təhsil eksperti institutu yoxdur və bu, doğrudur. Dünyanın heç bir yerində təhsil eksperti institutu mövcud deyil.

Sadəcə, təhsil məsələləri üzrə mütəxəssislərdən ibarət qrup, pedaqoji fəaliyyəti olan şəxslər, təhlil, tədqiqat və araşdırma ilə məşğul olanlar  bəzi məsələlərlə bağlı öz şərhlərini verir və təhsil eksperti kimi təqdim olunurlar.

Burada heç bir qanunsuzluq görmürəm, çünki təhsil eksperti adlandırılan şəxslər də bilirlər ki, bizdə təhsil eksperti institutu yoxdur, amma onlar mütəxəssisdirlər.

Məsələn, mən tədqiqatçıyam və təhsil məsələləri üzrə tədqiqat işi ilə məşğulam, mənim işim budur. Hər dəfə də xahiş edirəm ki, məni təhsil məsələləri üzrə tədqiqatçı kimi təqdim etsinlər. Başqaları isə özünü təhsil texnoloqu, təhsil tədqiqatçısı və ya təhsil məsələləri üzrə araşdırmaçı kimi təqdim edir.

Amma hər dəfə bu şəxslərin neqativ faktor kimi qabardılması və nazirə bu istiqamətdə sualın verilməsi ilə qəti razı deyiləm. Bəzi jurnalistlərin məqsədinin başqa olduğunu düşünürəm”.

Təhsil ekperti Rizvan Fikrətoğlu bildirib ki, təhsil ekspetləri reallığı deyirsə, bu naziri narahat edir:

“Bizdə əslində təhsil ekspertləri var, sadəcə adekvat təhsil yoxdur. Elm və Təhsil Nazirliyi qurumlara və agentliklərə bölünəndən sonra müxtəlif qruplaşmalar yaranıb.Heç Azərbaycanda Elm və Təhsil Nazirliyi baxımından bu qədər parçalanma olmamışdır, hər qurum öz istəyini etməmişdir. 

Bu qədər müəllim hüququ, təhsil alanın hüququ bu qədər pozulmamışdır, faktiki olaraq bu mövcuddur.Sadəcə ekspert bunu deyirsə, bu naziri narahat edir. Kim istəyər ki, o qədər yüksəlişlə aşağı ensin? Təhsil ekspertləri yuxarılara sərf etmir. 

Nazir deyir ki, özləri özlərini təhsil eksperti adlandırırlar, yaxşı bəs onu tənzimləyən mexanizm, qayda varmı? Ümumiyyətlə, Elm və Təhsil Nazirliyindən cəmiyyət qarşısına çıxarılan təhsil eksperti varmı? Media bu gün onlarla əlaqə yarada bilmir, qalmışdı ki, onların yetişdirdiyi ekspert çıxsın”.

Təhsil eksperti Kamran Əsədov həmkarlarının fikirlərinə qoşularaq vurğulayıb ki, hər hansı sahədə ekspert anlayışının mövcud olması üçün dövlət tərəfindən tanınan status olmalıdır:

“Azərbaycanda təhsil sisteminin inkişafı üçün ekspert institutunun olmaması təhlil ediləndə aydın görünür ki, məsələ daha çox struktur və idarəetmə boşluqları ilə bağlıdır.

Çünki hər hansı sahədə ekspert anlayışının mövcud olması üçün həmin sahədə ictimai müzakirə mühiti, tədqiqat və analitik baza, eləcə də dövlət tərəfindən tanınan status olmalıdır. 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsində dövlət siyasətinin prinsipləri sırasında “təhsilin demokratikliyi və ictimaiyyətin iştirakı” açıq şəkildə qeyd olunur. Bu prinsip ekspert müzakirələrinin aparılmasını, müstəqil təhsil araşdırmalarına dəstək göstərilməsini zəruri edir. Amma praktiki mühitdə ekspert fikirlərinə daha çox ictimai diskussiyalarda rast gəlinir, dövlət strukturları tərəfindən isə bu institut tam şəkildə tanınmayıb.

Statistik məlumatlar göstərir ki, Azərbaycanda təhsil siyasətini şərh edən və təhsil problemlərinə dair mütəmadi çıxış edən müstəqil mütəxəssislərin sayı onlarla ölçülür. Lakin onların fəaliyyətini rəsmiləşdirən hüquqi mexanizm mövcud deyil.

Məsələn, 2023-cü ildə 74 nəfər ali təhsil üzrə professor və dosent media və ictimai müzakirələrdə çıxış edib, lakin onların heç biri rəsmi olaraq “ekspert” kimi akkreditasiya olunmayıb. Bu isə həm təhsilin idarə edilməsində, həm də ictimaiyyətlə kommunikasiya prosesində boşluq yaradır. Dünya təcrübəsinə nəzər salanda görürük ki, inkişaf etmiş ölkələrdə təhsil ekspertliyi xüsusi institutlarla təmin olunur.

Finlandiyada Təhsil Şurası dövlət siyasətini müəyyən edərkən müstəqil ekspertlərin rəyini alır, onların təhlilləri açıq hesabatlarda dərc olunur. Türkiyədə “Eğitim-Bir-Sen” və “TEDMEM” kimi qurumlar mütəmadi hesabatlar hazırlayır, dövlət qərarları onların rəyinə istinad edir. ABŞ-də isə “National Education Association” və “Education Policy Institute” kimi institutlar həm qanunvericiliyə, həm də icra orqanlarının fəaliyyətinə təhlil yönümlü töhfələr verir. Bu modellərin hamısında ortaq cəhət ondan ibarətdir ki, dövlət ekspert fikirlərini nəzərə alır, onları qərar qəbuletmə prosesinə cəlb edir”.

Onun sözlərinə görə, ekspertlərin rəyini sistemli şəkildə toplamaq üçün institutlaşmış platforma mövcud deyil:

“Azərbaycanda müsbət addım ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə daha çox açıq müzakirələrə gedir, sosial şəbəkələrdə təhsilə dair irad və təklifləri izləyir.

Nazir Emin Əmrullayevin müasir yanaşmaları, beynəlxalq təcrübəni bilməsi və yeni islahatlara açıq olması bu sahədə irəliləyiş üçün əsas şərtdir. Nazirliyin “Rəqəmsal bacarıqlar” layihəsi, STEAM mərkəzlərinin yaradılması, müəllimlərin sertifikatlaşdırılması və məktəb idarəetməsinin yenilənməsi istiqamətində gördüyü işlər təhsildə keyfiyyət artımına xidmət edir.

Bu tədbirlər həm də ekspert müzakirələri üçün real zəmin yaradır, çünki islahat nə qədər çox olsa, müzakirə mühiti də bir o qədər genişlənir. Mənfi tərəf isə odur ki, hələ də təhsil ekspertliyini rəsmiləşdirən mexanizm yoxdur. 

Nə “təhsil eksperti”nin kimliyi ilə bağlı normativ sənəd mövcuddur, nə də onların rəyini sistemli şəkildə toplamaq üçün institutlaşmış platforma var. Bu səbəbdən də çox zaman müzakirələr şəxsi təşəbbüslər üzərində qurulur və nəticə olaraq fragmentar olur.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində “təhsil sahəsində elmi-tədqiqat işlərinin təşviqi və müasir təhsil texnologiyalarının tətbiqi” dövlətin əsas öhdəliklərindən biri kimi göstərilir. Lakin bu öhdəlik yalnız rəsmi strukturların öz daxilində deyil, müstəqil ekspertlərin də fəaliyyətinə dəstək formasında icra olunmalıdır”.

Ekspert qeyd edib ki, mərkəzi platformasını yaratmaqla həm ictimaiyyətin iştirakını təmin edə, həm də təhsil ekspertliyinin institusional əsaslarını formalaşdıra bilər:

“Əgər bu mexanizm formalaşsa, təhsil ekspertləri yalnız tənqidçi yox, həm də islahatların dəstəkləyicisi rolunda çıxış edəcəklər. Belə olan halda həm ictimaiyyətin inamı artacaq, həm də nazirliyin qərarları daha elmi əsaslı olacaq. Bu dəyişikliklər nəticə etibarilə təhsilin keyfiyyətinə, müəllimlərin hazırlığına, dərslik siyasətinə və tələbələrin bilik səviyyəsinə müsbət təsir göstərəcək.

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi təhsil müzakirələrinin mərkəzi platformasını yaratmaqla həm ictimaiyyətin iştirakını təmin edə, həm də təhsil ekspertliyinin institusional əsaslarını formalaşdıra bilər. Bu həm qanunların tələbidir, həm də beynəlxalq təcrübənin diktə etdiyi bir zərurətdir. Nazirliyin hazırkı fəaliyyəti müsbət və dəstəklənməli olsa da, ekspert institutunun rəsmi status alması təhsilin gələcəyi üçün daha böyük təminat olacaq”.

Chosen
21
cebheinfo.az

1Sources