EN

“Sənəddə Zəngəzur dəhlizi ifadəsi yoxdur, amma reallıq dəyişməzdir” -AÇIQLAMA

Ermənistan və Azərbaycan Vaşinqtonda bir-birlərinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıblar. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Zəngəzur dəhlizi ifadəsi rəsmi sənədlərdə yer almasa da, Azərbaycanda bu ad geniş şəkildə işlədilir və Bakı öz ərazisindən keçən istənilən infrastrukturu istədiyi adla adlandıra bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qəvami Sadıqbəyli bildirdi ki, Nikol Paşinyanın parlamentdə səsləndirdiyi “Zəngəzur dəhlizi anlayışı yoxdur” fikri erməni siyasi ritorikasının klassik nümunəsidir:

"Bu yanaşma bir neçə səbəbdən irəli gəlir. Əvvəla, Ermənistan rəhbərliyi terminoloji olaraq “dəhliz” sözündən çəkinir. Çünki bu ifadə beynəlxalq hüquq müstəvisində “eksteryal”, yəni başqa dövlətin ərazisindən xüsusi statusla keçid mənası daşıya bilər. Bu səbəbdən də Paşinyan və komandası eyni marşrutu “kommunikasiya xətlərinin açılması” və ya “regiondaxili yolların bərpası” kimi yumşaq terminlərlə ifadə etməyə üstünlük verir. Digər tərəfdən, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində açıq şəkildə göstərilir ki, Ermənistan ərazisindən Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında maneəsiz nəqliyyat əlaqəsi təmin olunmalıdır. Sadəcə olaraq, sənəddə “Zəngəzur dəhlizi” ifadəsi işlədilməyib. Lakin məzmun baxımından bu termin tamamilə eyni mənanı ifadə edir".

Siyasi ekspert əlavə etdi ki, Paşinyanın bu cür açıqlamaları daha çox daxili auditoriyaya hesablanıb.

"Çünki Ermənistan cəmiyyətində “dəhliz” anlayışı “ərazi güzəştinə bərabər” kimi qəbul edilir. Baş nazir özünü “satqın” damğasından qorumaq üçün bu ifadəni inkar etməyə çalışır. Bununla yanaşı, Paşinyan xarici auditoriyaya da mesaj göndərir və termin seçimi ilə həm Rusiya, həm də Qərb qarşısında balans saxlamaga cəhd göstərir. Azərbaycan üçün Paşinyanın bu tip bəyanatları hüquqi mahiyyəti dəyişmir. Bakı üçün əsas olan, maneəsiz və beynəlxalq təminatlı nəqliyyat əlaqəsinin yaradılmasıdır. Ermənistan nə qədər inkar etsə də, Azərbaycanın qərb bölgələrinin Naxçıvanla birləşdirilməsi regionun iqtisadi, siyasi və geosiyasi gündəliyində qalmaqda davam edir", - deyə Qəvami Sadıqbəyli bildirdi.

Nuriyyə NATİQQIZI

Chosen
2
1
redaktor.az

2Sources