EN

“Rusiya reallıqları anlasa, Azərbaycanla təzyiq dili ilə danışmaz” - Natiq Miri

Yazını böyüt
Yazını kiçilt

Orta Dəhliz layihəsinin Cənubi Qafqazdan keçən ana xəttinin - Zəngəzur Dəhlizinin açılması istiqamətində gedən proseslər sentyabr ayında intensivləşən görüşlər, aparılan danışıqlarla diqqət çəkir. Vaşinqton görüşündə əldə olunan razılaşmaya əsasən Azərbaycan-Ermənistan ikitərəfli münasibətlərinin irəliləyərək növbəti görüşün Astanaya daşınması heç də hər kəsi məmnun etmir. Belə ki, Rusiyanın region dövlətlərinə qarşı təzyiqlərinin artdığı getdikcə daha çox müşahidə olunur. Xüsusilə Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı sərgilənən aqressiya, eləcə də Ermənistana edilən xəbərdarlıqlar heç də gərginliyin azalmadığını deməyə əsas verir. Regionda müşahidə olunan mövcud geosiyasi mənzərənin perspektivləri birmənalı qarşılanmır.

Bu istiqamətdə hafta.az-a politoloq Natiq Miri danışıb.

- Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Astanada görüşü gözlənilir. Eləcə də Türkiyə və Ermənistan nümayəndələrinin də görüşünün keçiriləcəyi deyilir. İntensivləşən bu görüşləri zəruri edən nədir və bu, regionla bağlı proseslərin hansı istiqamətdə inkişaf etməsindən xəbər verir?

- Azərbaycan-Ermənistan rəhbərliyinin Astana görüşünün keçirilməsi mümkündür. Çünki bu informasiya dövriyyəyə buraxılmadan öncə Qazaxıstanın prezidenti Qasım-Comərd Tokayev, ABŞ prezidenti Donald Trampla telefonla danışıb. Tramp bu danışıqlardan çox məmnun qaldığını və bu kontekstdə Tokayevi təqdir etdiyini də bildirib. Düşünürəm ki, məhz Astana görüşünün təşkili də Tokayevlə Donald Tramp arasında müzakirə edilib və razılaşdırılıb. Bu, sülh müqaviləsinin imzalanmasından daha çox Zəngəzur Dəhlizinin açılması ilə əlaqədardır. Ona görə ki, Orta Dəhlizin inkişafı, əsasən Zəngəzur dəhlizinin açılmasında Qazaxıstan xüsusi olaraq maraqlıdır. Çünki Qazaxıstan Orta Dəhlizdə, Mərkəzi Asiyada bu yolun keçdiyi əsas ölkələrdən biridir. Perspektivdə istər Gürcüstan yolu, istər Zəngəzur yolu vasitəsi ilə Çindən gələn əsas yüklər məhz Qazaxıstandan keçəcək. Bu baxımdan Qazaxıstan da bu prosesdə açar ölkələrdən biridir. Bu görüş Astanada baş tutacağı təqdirdə Zəngəzur dəhlizinin gələcəyinə tam aydınlıq gələcək. Çünki hələ də qeyri-müəyyənlik mövcuddur. Bu qeyri-müəyyənliyə aydınlıq gətirilməsi və problemlərin, razılaşdırılmış məqamların həyata keçirilməsi üçün məhz sentyabr ayında intensiv görüşlər keçirilməsi ilə bağlı Vaşinqtonda bir razılıq var. Ona görə də əgər Astanada belə bir görüş olacaqsa, eyni zamanda Türkiyə və Ermənistan nümayəndə heyətlərinin, yaxud Sərdar Kılıcın Ermənistana səfəri baş tutacaqsa, bu da həmin böyük prosesin tərkib hissəsi kimi görülməlidir. Çünki razılaşdırılmış məsələlər kontekstində bir çox problemlər geridə qalıbsa və Azərbaycan Ermənistan-Türkiyə münasibətlərinin yaradılmasından narahat deyilsə, bu məsələyə müsbət baxıram. Düşünürəm ki, prosesi irəliyə aparmaq olar. Çünki Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasında maraqlıdır. Sərhədlərin açılması 2026-cı il parlament seçkiləri öncəsi Vaşinqtonda imzalanan sülh razılaşması ilə bərabər Nikol Paşinyan hökumətinin əlində ikinci bir üstünlük olacaq. Çünki Türkiyə ilə ticarətin olmasında və sərhədlərin açılmasında, gediş-gəlişlərin asanlaşmasında və bütün logistik mərkəzlərin, nəqliyyat kommunikasiyalarının açıq olması erməni cəmiyyətinin maraqlarındadır. Digər tərəfdən, ermənilərin qohumları, yaxınları Türkiyədə yaşayır və bu baxımdan gediş-gəlişin açılması onların da maraqlarına uyğundur. Bütün bu görüşlərin hamısı sentyabr ayında baş verir və bu, Vaşinqton razılaşmalarının tərkib hissələri kimi görülməlidir.

- Şimal qonşumuzun Azərbaycana qarşı hədələyici çıxışları bitmir. Eləcə də Rusiya Ermənistana xəbərdarlıq edib ki, Avropa İttifaqına üzv olsa tariflərə yenidən baxılacaq. Necə hesab edirsiz, Rusiya beləcə “erməni maşası”nı əlində saxlayıb bundan Zəngəzur dəhlizinin açılmasına qarşı istifadə edə biləcək?

- Rusiya bəzi sərt açıqlamaları ilə Zəngəzur dəhlizinin açılmasına maneə törətməklə özünün geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək istəyir. Bu prosesə İranı da cəlb edib. Çünki İranın bu məsələdə müəyyən narahatlıqları və Rusiya ilə birləşib prosesi sabote etmək istəyi var. Bu kontekstdə Azərbaycana və Ermənistana təzyiqlər olur. Digər tərəfdən, Azərbaycan və Ermənistan hakimiyyətlərinin mövqelərinin üst-üstə düşməsi regionda kommunkasiyaların açılmasında həlledici rol oynayacaq. Rusiya ikibaşlı danışır. Bir yandan regionda sülhün tərəfdarı kimi çıxış edərək bu yöndə qərarlar verəcək Azərbaycan və Ermənistanın təbii siyasi hüquqlarının olduğunu bəyan edir, digər tərəfdən müəmmalı açıqlamaları ilə Rusiyanın maraqlarının təmin olunmayacağı təqdirdə prosesin çətin olacağını deyir. Bu, dolayısı ilə təzyiq elementidir və mütləq mənada Rusiyanın maraqlarını təmin edir. Çünki Rusiyanın Cənubi Qafqazda strateji nəqliyyat kommunikasiyalarına nəzarət edə biləcəyi tək yer dəhlizdir. Rusiyanın əli bu nəzarətdən çıxdığı təqdirdə Cənubi Qafqazda təsir imkanları sıfıra enəcək. Ona görə də bu məsələdə həlledici siyasi hadisə 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilər olacaq. Rusiya bütün imkanlarını səfərbər edib ki, Paşinyanın seçilməsinin qarşısını alsın. Ona görə də Rusiyada yaşayan bütün milyarder ermənilərin imkanları səfərbər edilib. Başqa bir tərəfdə Qərb də dayanmır. Avropa Birliyi ciddi şəkildə Paşinyanın 2026-cı ildə qalib olması üçün Ermənistana emissarlar və maliyyə göndərir. Ermənistan mediasında baş verə biləcək bütün dezinformasiyaların qarşısını almaq üçün Avropa Birliyi ortaya ciddi fəaliyyət qoyur. Rusiya bundan da narahatdır və bu, rus mediasında açıq görünür. Ona görə də bu gün nəqliyyat kommunukasiya sistemində Azərbaycan və Ermənistana qarşı ciddi bir rəqabəti görürük. Bu kontekstdə də Astanada dövlət rəhbərlərinin görüşü baş tutarsa, irəliyə doğru addımlar atılıb qərarlar qəbul edilərsə, bu çox əhəmiyyətli və prosesin irəliyə getməsi üçün ciddi töhvə olacaq. Bir daha qeyd edim ki, əgər Astanada belə bir görüş olacaqsa bu, ABŞ-ın prosesdə iştirakı və razılığı anlamına gəlir. Ona görə də hazırda Rusiya ABŞ-a qarşı çıxmamaq üçün ikibaşlı danışmağa üstünlük verir və dolayı mesajlarla Azərbaycanla Ermənistanı Rusiyanın maraqlarını təmin etməyə məcbur etmək istəyir. Ancaq bu alınmayacaq və bəlkə də nəqliyyat kommunikasiyalarının, Zəngəzur dəhlizinin açılması, Ermənistanda parlament seçkiləri Rusiyanın Qafqazda sıxışdırılmasının son nöqtəsi olacaq.

- Bu gün Rusiyada azərbaycanlılara qarşı atılan addımlar Azərbaycanla münasibətləri hansı halda yoluna qoya bilər?

- Rusiya orada yaşayan azərbaycanlılara təzyiq etməklə hələ də düşünür ki, hansısa məqamda Azərbaycan hakimiyyətini geri çəkilməyə məcbur edəcək. Çünki bundan başqa Azərbaycana qarşı əllərində təzyiq imkanları yoxdur. Ona görə də Rusiyada yaşayan azərbaycanlılardan bir təzyiq aləti kimi istifadə edir. Eyni zamanda Rusiya bir çox gerçəkləri anlamış olsa da, bu konteksdə addımlar atmır. Bu da onu göstərir ki, Rusiya rəhbərliyi reallıq hissini itirib. Bu, Ukrayna-Rusiya müharibəsində Rusiyanın təcavüzkar və eskalasiyanı daha da artırmaq qərarını davam etdirməsi ilə də özünü göstərdi və Azərbaycana qarşı münasibətdə də büruzə verir. Rusiya reallığı dərk etsə, Ukrayna ilə müharibənin, sonrakı proseslərin heç də xeyrinə inkişaf etmədiyini anlayardı. Ancaq Rusiya hələ də müharibəni davan etdirməyin Qərbə qarşı yeganə təzyiq mexanizmi olduğunu düşünür. Belə zənn edir ki, hansısa mərhələdə Avropa Birliyi nəhayət tükənərək Ukraynaya dəstəkdən imtina edəcək. Amma görünənlər onu deməyə əsas verir ki, bunlar olmayacaq. Eyni məsələ Azərbaycana da aiddir. Azərbaycan öz haqlı tələblərindən geri çəkilməyəcək. Azərbaycan özünə hörmət edən, müstəqil siyasət yürüdən suveren ölkədir. Rusiyanın düşündüyü əvvəlki Azərbaycan çoxdan tarixə qovuşub. Bu gün Cənubi Qafqaza stabillik faktoru Rusiya deyil, Azərbaycandır, Türkiyə ilə qurulan əlaqələrdir. Bu kontekstdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə yönələn addımlar, bu iki dövlətin fikirlərinin üst-üstə düşməsi göstərir ki, proseslər Cənubi Qafqazın bütünləşməsinə doğru aparır. Bu da Rusiyanın tədricən regiondan sıxışdırılması deməkdir. Rusiya bütün bu reallıqları anlamış olsa, Azərbaycanla təzyiq dili ilə danışmaz. Rusiya dərk etməlidir ki, Azərbaycana, azərbaycanlılara qarşı anormal davranışları artdıqca, Azərbaycanı daha çox itirir.

Chosen
69
hafta.az

1Sources