Bu gün 2001-ci il 11 sentyabrda ABŞ-də baş verən dəhşətli terror hücumlarından 24 il ötür.Metbuat.az xatırladır ki, həmin gün “Əl-Qaidə” terror təşkilatının üzvləri dörd sərnişin təyyarəsini qaçıraraq Nyu-York və Vaşinqtonda hədəflərə çırpıblar. İki təyyarə Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli Əkiz Qüllələrinə, biri isə Pentaqon binasına dəymişdi. Daha bir təyyarə isə sərnişinlərin müqaviməti nəticəsində Pensilvaniyada qəzaya uğramışdı. Hücumlar nəticəsində təxminən 3 min insan həlak olmuş, 6 mindən çox insan yaralanmışdı. Təkcə Nyu-York şəhərinə dəymiş zərər 36 milyard dollar olaraq qiymətləndirilmişdi. Qüllələrin dağıntılarının təmizlənməsi 8 aydan çox çəkmiş, Pentaqonun zədələnmiş qərb hissəsi isə 2002-ci ilin sentyabrında bərpa olunmuşdu.Hadisədən sonra ABŞ və Böyük Britaniya “Əl-Qaidə” və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı Əfqanıstanda hərbi əməliyyatlara başlamışdı. Hücumlarla bağlı aparılan istintaqda isə ölkənin kəşfiyyat xidmətləri arasında koordinasiya çatışmazlığı əsas səbəblərdən biri kimi göstərilmişdi.ABŞ-də hər il 11 sentyabr “Vətənpərvərlik Günü” və “Dualar günü” kimi qeyd olunur. Bu gün ölkə üzrə matəm tədbirləri keçirilir, federal binalarda bayraqlar yarıya qədər endirilir. 2011-ci ildə Əkiz Qüllələrin yerində qurbanların adlarının həkk olunduğu memorial kompleks istifadəyə verilib, 2014-cü ildə isə 11 sentyabr Muzeyi fəaliyyətə başlayıb.Ülkər Cəlilzadə / Metbuat.az