EN

Alla Puqaçova müsahibəsində Müslüm Maqomayevin məsləhətindən və Fərman Salmanovla dostluğundan danışdı – VİDEO

Rusiya estradasının ən simvolik fiqurlarından biri olan Alla Puqaçova Rusiyanı tərk etdikdən sonra ilk dəfə jurnalist Yekaterina Qordeyevaya böyük müsahibə verib.

Bizim.Media xəbər verir ki, söhbət üç saat yarımdan çox davam edib və ən müxtəlif mövzulara toxunulub: onun Ukraynada müharibənin başlanmasından sonra ölkədən getmə səbəbləri, şəxsi xatirələri, taleyə baxışı, zaman və ictimai həyatdan uzaqlaşmaq barədə düşüncələri.

Müsahibədə həyatına və yaradıcılığına təsir göstərmiş insanlarla bağlı xatirələr xüsusi yer tutub. Onların arasında əfsanəvi müğənni və musiqiçi Müslüm Maqomayev də olub. Puqaçova Rusiyanı tərk etdikdən sonra həmkarlarının, bəzi siyasətçilərin və ictimai xadimlərin kəskin tənqidinə məruz qaldığını deyib. O, Maqomayevin ona vaxtında səhnədən və ictimai həyatdan getməyin vacibliyini xatırlatdığını bildirib:
 

“Məni təhqirlərin bu qədər olması heyrətləndirdi... çox heyrətləndirdi... amma təəccübləndirmədi. Bilirdim ki, belə olacaq. Gənc olanda və ilk addımlarımı atanda çox ağıllı və istedadlı insanların əhatəsində idim. Lidiya Ruslanova, Müslüm Maqomayev, Klavdiya İvanovna Şuljenko kimi. Onlar hamısı çox sadə yaşayırdılar... və Müslüm həmişə deyirdi: ‘60 yaşında get’. Soruşurdum, niyə 61-də yox? Cavab verirdi: ‘And içirəm, 60-dan sonra dəhşət başlayacaq, səni alçaldacaqlar və məhv edəcəklər’. Mən buna inandım və qətiyyən peşman deyiləm. Və başa düşürəm ki, səhnədən də, siyasi arenadan da vaxtında getmək lazımdır, sadəcə vaxtında, yoxsa sonra sənə qarşı çıxacaqlar”.


Müsahibədə Puqaçova həmçinin Tümen şəhəri ilə bağlı xatirələrindən danışıb, buranı müqəddəs adlandırıb və orada ona inanan, dəstək verən insanları yad edib. Onların arasında məşhur azərbaycanlı geoloq Fərman Salmanov da olub. Onun sözlərinə görə, Salmanov həyatında mühüm rol oynayıb:

“...Tümen mənim üçün müqəddəs şəhərdir. Mən orada möhtəşəm insanlarla tanış oldum – Ervye, Salmanov... necə insan idi o. Onlar mənə o qədər inanırdılar, oxumağımı o qədər bəyənirdilər. İlahi, mənim haqqımda necə danışırdılar, məni nə qədər işlərin gözlədiyini deyirdilər və əgər nəsə olsa, həmişə kömək edəcəklərini bildirirdilər. Bunlar mənim ilk pərəstişkarlarım idi və mən onlara inanmışdım”.

Xatırladaq ki, Alla Puqaçova və onun həyat yoldaşı Maksim Qalkin Ukraynada müharibə başladıqdan sonra Rusiyanı tərk ediblər. Daha sonra müğənni də həyat yoldaşının ardınca Rusiya hakimiyyətindən onu da “xarici agent” kimi tanımasını xahiş edib.


Bizim Media

Chosen
65
2
bizim.media

8Sources