EN

Novorossiysk yaxınlığında Rusiyanın Qara dəniz donanmasının gəmisi vurulub

Kiyev, 11 sentyabr, AZƏRTAC

Qara dənizin Novorossiysk yaxınlığındakı akvatoriyasında Ukrayna hərbçiləri Rusiyanın Qara dəniz donanmasının gəmisini izləyərək sıradan çıxarıblar.

Bu barədə AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR MO) “Telegram” kanalına istinadla məlumat yayıb.

Kəşfiyyatçıların bildirdiyinə görə, sentyabrın 10-da Qara dənizdə Ukrayna QUR MO-nun xüsusi təyinatlıları düşmənin daha bir bahalı hərbi hədəfini - Rusiya Qara dəniz donanmasının arsenalında cəmi dörd ədəd olan MPSV07 çoxfunksiyalı gəmisini izləyib və uğurla hücuma keçiblər.

Ruslar bu gəmini 2015-ci ildə istismara veriblər. MPSV07 müasir dalğıc sistemləri, uzaqdan idarə olunan maşınlar, yandan skan olunan görünüş və elektron kəşfiyyat avadanlıqları ilə təchiz edilib. Gəminin qiyməti təxminən 60 milyon dollardır.

Hücum zamanı gəmi Rusiya Qara dəniz donanmasının qüvvələrinin yerləşdiyi Novorossiysk körfəzi yaxınlığında patrul xidməti və elektron kəşfiyyat aparırdı. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukraynaya məxsus döyüş pilotsuz uçan aparatı naviqasiya və rabitə vasitələrinin yerləşdiyi idarəetmə körpüsünü vurub. Hücum nəticəsində SIGINT avadanlıqları sıradan çıxarılıb, gəmiyə ciddi ziyan dəyib və onun bahalı təmirə ehtiyacı olacaq.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
33
2
azertag.az

3Sources