Azərbaycanda 2018-ci ilədək əmək müqaviləsinə xitam verilmiş şəxslərə “işsizlik müavinəti” adı altında ödənişlər edilirdi. Lakin həmin ildən etibarən həm anlayışda, həm də ödənişin təyinat qaydalarında dəyişiklik edilib.
Artıq “işsizlik müavinəti” anlayışı əvəzinə “işsizlikdən sığorta ödənişi” tətbiq olunur.
Bəs bu ödəniş nədən ibarətdir, kimlərə şamil edilir və hansı şərtlərlə verilir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmizdə "işsizlik müavinəti" adlı müavinət növü mövcud deyil.
Qeyd edilib ki, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda işsizlikdən sığorta ödənişi ödənilir.
Əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və müəyyən edilmiş qaydada işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar sığorta ödənişini almaq hüququna malikdirlər:
- dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;
- işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
- əmək müqaviləsinin müddəti qurtardıqda;
- müəssisənin mülkiyyətçisi dəyişdikdə;
- əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
- əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə
Nazirlikdən verilən məlumata görə, sığorta ödənişi almaq hüququ yaranmış şəxslər Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya “DOST” Mərkəzlərində işsiz kimi qeydiyyata alındıqdan sonra bu ödənişi almaq üçün müraciət edə bilərlər.
Müraciət edən şəxslər sığorta ödənişinin təyin olunması üçün müvafiq sığorta stajına malik olduqda qeyd olunan şəxslərə işsizlikdən sığorta ödənişi ödənilir.
Mehin Mehmanqızı