EN

“Yaşıl enerji məkanı”nda hibrid müzakirələr

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” işçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev çıxışında ölkə Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq iqtisadiyyatın, o cümlədən energetika sahəsinin inkişafının təmin edilməsi, qarşıda duran hədəflərə nail olunması məqsədilə dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Yaşıl enerji məkanı” məqsədinin enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, “yaşıl” texnologiyalardan istifadə, iqlim dəyişikliklərinə qarşı mübarizə baxımından əhəmiyyəti qeyd olunub. Strategiyanın icrası ilə bağlı ilkin hesabat layihəsindən bəhs edilərək hesabat dövrü ərzində görülmüş işlər üzrə nəticələrin qənaətbəxş olduğu vurğulanıb və gündəlikdə duran məsələlərə diqqət çəkilib.

Sonra işçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədi – “Yaşil enerji məkani” üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrasına dair cari ilin ilk yarısı üzrə hesabatı təqdim edib, görülmüş işlər, aparılmış monitorinq və qiymətləndirmə nəticələri nəzərdən keçirilib, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri, çağırış və tövsiyələr barədə məlumat verilib.

Sonda qrup üzvlərinin ilkin monitorinq və qiymətləndirmə hesabatına dair rəy və təklifləri dinlənilib, icrası davam edən tədbirlərlə bağlı mövcud vəziyyət və atılacaq növbəti addımlar müzakirə edilib və qarşıdakı dövrdə tədbirlərin tam və effektiv icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

XQ

Chosen
10
8
xalqqazeti.az

10Sources