EN

Stiv Mandanda karyerasını bitirdi

Futbol üzrə Fransa milli komandasını sabiq qapıçısı, bu yay “Renn”dən ayrılmış Stiv Mandanda futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper bu barədə “Ekip” nəşrinə açıqlama verib:

“Bu qərarı vermək mənim üçün asan olmadı. Bir qədər düşündükdən sonra fikrimi qətiləşdirdim. Bir çox təkliflər alsam da, hamısından imtina etdim”, – deyə “əlcək sahibi” bildirib.

Xatırladaq ki, Mandanda sonuncu klubu olan “Renn”ə 2022-ci ilin yayında Marsel “Olimpik”indən azad agent kimi gəlmişdi. Təcrübəli qolkoper “Renn” forması ilə meydana çıxdığı 102 oyunda 120 qol buraxıb, 31 “quru” oyun keçirib.

Stiv Mandanda karyerası ərzində Marsel “Olimpik”ində (613 oyun, 674 buraxılmış qol, 199 “quru” matç), “Havr”da (72 oyun, 73 buraxılmış qol, 26 “quru” matç) və “Kristal Pelas”da (10 oyun, 17 buraxılmış qol, 1 “quru” matç) da oynayıb.

Mandanda 2008-ci ilin yazında debüt etdiyi Fransa milli komandasının heyətində 35 oyun keçirib, 32 qol buraxıb, 14 matçda qapısını toxunulmaz saxlayıb. Təcrübəli qolkiper 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında ölkəsinin milli komandasına qızıl medal qazanmağa kömək edib. O, 2021-ci ildə Fransa yığması ilə UEFA Millər Liqasının da qalibi olub.

Mandandanın klub karyerasındakı bütün uğurları isə Marsel “Olimpik”i ilə bağlıdır. O, bu klubla bir dəfə Fransa çempionu olub, 3 dəfə Fransa Liqa Kubokunu, 2 dəfə Fransa Super Kubokunu qazanıb. Stiv məhz bu klubda çıxış edərkən 5 dəfə mövsümün qapıçısı seçilib.

error: Məzmun qorunur!
Chosen
28
arena.az

1Sources