EN

Yaradıcılığın gur işığı Xuraman Muradova

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xuraman xanım Muradova çağdaş Azərbaycan ədəbiyyatında xüsusi dəsti-xətti, özünəməxsus yazı manerası olan istedadlı vətənpərvər şairə, bir-birindən maraqlı şeirlərin, poemaların müəllifi olan böyük yaradıcı dünyası olan ruh adamıdır. Baxmayaraq ki, bədii yaradıcılığa hələ orta məktəb illərindən başlayan Xuraman xanım cəmi beş ildir ki, mətbuatda çap olunur, amma bu beş ildə başqa yaradıcı insanların on illərlə gördüyü işlərdən daha çox işlər görüb və uğurlar əldə edib. Bu beş ildə təkcə Azərbaycanda yox, Türk dünyası ölkələrinin yaradıcı insanları arasında da böyük uğur qazanıb. Yuxarıda yazdığım kimi orta məktəbdə oxuduğu illərdən o, bədii yaradıcılıqla məşğul olub, amma 2021-ci ilə qədər yazdığı şeirləri mətbuat səhifələrinə çıxarmayıb.

Bəlkə yenə də mətbuatda çap olunmasına razılıq verməyəcəkdi, əgər Xalq şairi, sağlığında klassik adını qazanmış Nəriman Həsənzadə və mən 2021-ci ilin sentyabr ayında onunla görüşməsəydik və israrla onu şeirlərini çap etdirməyə məcbur etməsəydik. Xuraman xanım Xalq şairi Nəriman Həsənzadənin kəşfidir desəm daha düzgün olar. Çünki həmin ilin sentyabr ayının sonlarında Nəriman müəllim Xuraman xanım Muradovanın yaratdığı və rəhbərlik etdiyi “Milan” Hospitalında müalicə olunurdu. Xuraman xanımla görüşəndə bu xanımın böyük ədəbiyyat həvəskar olduğunu və çoxlu şairlərin şeirlərini əzbər bildiyini görüb. Və eşidəndə ki, Xuraman xanım da orta məktəb illərindən şeirlər yazır və ondan xahiş edib ki, yazdığı şeirlərdən söyləsin. Əvvəlcə Xuman xanım təvazökarlıq edərək, söyləmək istəməyib. Amma sonra bir neçə şeirini söyləyib. Ədəbiyyata qarşı həddindən artıq prinsipial insan olan və hər şeiri bəyənməyən Nəriman müəllim, Xuraman xanımın şeirlərini bəyənib və elə oradan mobil telefonla mənə zəng vurub belə dedi: “Ağalar müəllim mən çox istedadlı bir şair xanımı kəşf eləmişəm. Çox maraqlı şeirləri var. Çox istərdim ki, onun şeirlərini mətbuatda çap edəsiniz”. Beləliklə, səhəri günü Nəriman müəllimlə birlikdə mən “Milan” Hospitalına gəlmişəm və Xuraman xanımla tanış olmuşam. Onun bu Hospitalrda Avropa və dünya səhiyyəsi səviyyəsində gördüyü işlərlə tanış olmuşam və heyran qalmışam. Və sonra israrla şeirlərini mənə verməsini xahiş etmişəm. O, isə bu şeirləri çap etdirmək istəmirdi və bu şeirləri yalnız özü üçün yazdığını deyirdi. Mən elə orada onun beş-altı şeirinin oxumuşam və hamısı xoşuma gəlib. Beləliklə, Nəriman müəllimin və mənim xahişimlə Xuraman xanım Muradova şeirlərinin mətbuatda çap olunmasına razılıq verdi.

Yadıma gəlir Xuraman xanım Muradovanın şeirləri 2021-ci ilin oktyabr ayında respublika mətbuatında çap olunanda, böyük oxucu marağına səbəb olmuşdu. Çünki bu şeirlərdəki orijinallıq, onun hər şeirində maraqlı, obrazlı ifadələr tapması, sözaltı mənaların dərinliyi, şeirlərin lakonikliyi, az sözlə böyük fikirlər ifadə etməsi Xuraman xanımı az bir vaxtda oxuculara çox sevdirdi. Tez bir vaxtda başqa şeirlərini də çap etdik. Elə həmin il onun “Sənə məktub yazacam” şeirinə çox istedadı bəstəkar Ruslan Səfərov mahnı bəstələndi və bu mahnını cavan, istadadlı müğənni Mirələm Mirələmov yüksək peşəkar səviyyədə oxudu. Mahnının sözləri, musiqisi və ifası yüksək peşəkar səviyyədə olduğuna görə az bir vaxtda böyük populyarlıq qazandı. Bütün bunlardan ruhlanan Xuraman xanım Muradova da 2023-cü ildə ilk kitabını “Sənə məktub yazacam”ı çap etdirdi. Azərbaycan Yazıçılar Birliyində, Xalq yazıçısı Çingiz Abdullayevin rəhbərliyi ilə bu kitabın böyük təqdimatı oldu. Bu kitaba görə Xuraman xanıma ədəbiyyat və incəsənət xahəsində böyük mükafat sayılan “ Humay” mükafatı verildi. Sonra bu kitab Türk, Özbək və Qırğız dillərinə çap olundu və həmin ölklərdə də çox maraqla qarşılandı. Azərbaycandan, Türkiyədən olan çoxlu bədii qiraətçilər onun şeirlərini yüksək peşəkar səviyyədə söyləməyə başladılar. Bir neçə maraqlı bəstəkarlar onun şeirlərinə yenə də mahnılar yazdılar. Mən bütün bunlara çox sevindim. Çünki daxilimdə böyük bir inam vardı ki, Xuraman xanım Muradaova az bir vaxtda bədii yaradıcılıqda çoxlu uğurlar əldə edəcək. Axı o, təkcə istedadlı şairə yox, həm də böyük zəhmətkeş, əldə etdiyi uğurlara adi bir iş kimi baxan xanımdır. Belə ki, onun sahibkarlıq sahəsində əldə etdiyi böyük uğurlar bunu sübut edirdi ki, Xuraman xanımın ədəbiyyat sahəsində də əldə etdiyi uğurlardan heç vaxt razı qalmayıb və həmişə daha böyük işlər görməyə can atacaq. Əldə etdiyi uğurlara görə heç vaxt özündən razı olmayan belə təvazökar insanlar da çox mübariz olurlar.

Elə 1987-ci ildən, yəni ali məktəbi bitirəndən sonra əldə etdiyi uğurlara nəzər salanda bunu çox ayadın görmək olur. Belə ki, o, 1987-ci ildə İnşaat Mühəndisləri Akademiyasını memar-mühəndis kimi yüksək qiymətlərlə bitirib. 1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb və “Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə “Laçın” Kiçik müəssisəsinin nəzdində 2009-cu ildən “Laçın” Klinikasını yaradıb. 2014-cu ildə isə daha böyük iş görərək, “Milan” Hospitalını ərsəyə gətirib. Xuraman xanım Avropa Tibb Assosiasiyasinin və EPMA-nin fəxri üzvüdür. Oksford Akademiyasının fəxri professoru olan ilk azərbaycanlı xanımdır.

Onun yaratdığı “Milan” Hospitalı uzun illərdir ki, insanlarımızın sağlamlığı keşiyində mətin dayanıb. Burada çalışan yüksək səviyyəli, peşəkar həkimlərin və dünya standartlarına cavab verən tibbi avadanlıqların sayəsində Hospitala müraciət edən pasiyetlərin sayı günü-gündən artır. Burada birinci və ikinci Qarabağ müharibəsi qaziləri, onların ailələri pulsuz müalicə olunurlar.

Xuraman xanım tibb sahəsində çalışdığı bu müddətdə, bir sahibkar kimi də xalqımıza bu müqəddəs yolda xidmət edir. Yüksək təşkilatçı, dərin erudiyalı, uzaqgörən siyasətçi Xuraman xanım Muradova sahibkarlıqla məşğul olmağa başladığı dönəmdə çoxlu mükafatlarlara layiq görülüb. Onlardan bir neçəsini burada tarix kimi yazıram. Şuşa fatehi Xususi Təyinatlı Qüvvələr komandanı general polkovnik-leytenatnı Hikmət Mirzəyev tərəfindən Fəxri Fərmana layiq görülüb. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Azərbaycan Döyüş Sənətləri Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub. "N" saylı Hərbi Hissə komandirləri tərəfindən mükafatlandırılıb. Vətən muharibəsində cəbhəyə göstəriyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına laiq görülüb. 2017-ci ildə “Lider” TV-də Azərbaycan səhiyyəsinin inkişafında və dünya miqyasında tanınmasında verdiyi xüsusi töhvələrə, ailələrin sağlamlığının möhkəmlənməsində göstərdiyi fədakarlığa, xeyriyyəcilik fəaliyyətinə görə təltif olunub. Son zamanlarda isə Xuraman xanım Muradova Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən Xurşid Banu Natəvan adına mükafata və Türkiyə Cümhuriyyətinin ödülünə layiq görülub.

Beləliklə, Xurşud Banu Natəvan adına mükafatın laureatı, Azərbaycandakı bir neçə məşhur Hərbi Korpusların, qoşun birləşmələrinin diplomlarını, Fəxri Fərmanlarını almış, bir neçə xarici ölkələrin ödüllərinə layiq görülmüş, Türkiyə Cümhuriyyətinin ödülünü almış əsl vətənpərvər azərbaycanlı xanım - Xuraman İsmayıl qızı Muradovanı xalqımız əvvəllər sahibkar kimi yaxşı tanıyırdı. Amma indi çox maraqlı şair, yazıçı kimi tanıyır. Xuraman xanım Azərbaycanı təkcə mələkətimizdə keçirilən möhtəbər ədəbiyyat tədbirlərində yox, Türkiyədə, Şimali Kiprdə, Özbəkistanda, Qırğızıstanda və başqa respublikalarda tanınmış yazıçı, şair kimi qarşılayır, onunla ölkə, ədəbiyyat rəhbərləri səviyyəsində maraqlı görüşlər keçirilir. Xaql şairimiz Nəriman Həsənzadə də, mən də bundan böyük fəxarət duyuruq. Deməli, Xuraman xanım özünün Allah vergisi olan istedadı, ən əsası isə böyük zəhməti, çalışqanlığı ilə az bir vaxtda böyük uğurlara imza atıb. Artıq bu beş ildə onun yeddi kitabı çap olunub. İndi isə xalqımız üçün ən böyük sevindirici hal bu oldu ki, Xuraman xanım Muradova yenicə yardılan türkdilli yazar xanımların yaradıcı təşkilatının- Türk Dünyası Qadın Şairlər ( Yazıçılar) Birliyinin sədri seçildi. Bu, çox böyük və cavabdehli vəzifədir. Çünki Yer kürəsində 250 milyondan çox türkdilli xalq yaşayır. Və bütün türkdilli xalqlar da çox istedadlı, bacarıqlı, böyük təfəkkürlüdür. İndi bundan sonra bu xaqların yazar xanımlarına məhz azərbaycanlı xanım Xuraman Muradova rəhbərlik edəcək. Bu, həqiqətən də böyük qürurverici və cavabdehli işdir. Mən, bu münasibətlə əziz bacım Xuraman xanımı təbrik edirəm və ona yaradıcılıqda və bu cavabdehli işdə daha böyük uğurlar arzu edirəm.

Böyük yaradıcı insanlar deyib ki, “istedad və zəhmət elə bir müqəddəs nemətdir ki, onun qarşısını almaq elə də asan deyil. O gec-tez özünü lazım olan kimi göstərir. Bax, bundan sonra həmin insanların qarşısını almaq mümkün olmur”. Bəli. Xuraman xanımın da yazdığı bir-birindən maraqlı, məzmunlu, obrazlı ifadələrlə zəngin şeirləri, poemaları, hekayələri, bayatıları, şeirlərinə bəstələnən mahnılar bizə bu fikiri deməyə əsas verir.

Sizə bədii yaradıcılıqda bundan sonra da böyük uğurlar və Türk dünyası şair xanımların başqanı-sədri kimi çətin, cavabdehli, məşəqqətli yolda uğurlar arzu edirik, Xuraman xanım!

İndi isə Xuraman xanım Muradovanın son vaxtlar yazdığı yeni şeirlərini sizə təqdim edirik əziz oxucular. İnanırıq ki, bu şeirlər də sizin xoşunuza gələcək.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi,

yazıçı-rejissor

Xuraman xanım MURADOVA

(şeirləri)

Salam, 60 yaşım, xoş gördük səni

Salam, 60 yaşım, xoş gördük səni,

Gecikdin demirəm… vaxtında gəldin.

Nə isti yaymsan, nə də sərt qışım -

Ömrümün ikinci payında gəldin…

Öncə gözlərindən tanıdım səni,

Orda dərin izlər qoyubdu zaman.

Bir az yorğunluq var, bir az da qürur

Bir az da qəlbini oyubdu zaman…

Salam, 60 yaşım, otur, dincələk,

Gəl, söhbət eləyək, çay süzüm sənə.

Söylə kim incitdi, küsdürdü səni?

Kim qaldı qəlbində, gizlin de mənə.

Gözlərində izləri var illərin,

Hər xatirəm ömrümə yaraşıqdı.

Amma ruhum - uşaq kimi hələ də,

Sevinclə nur saçan xoş bir işıqdı…

Oğlumun, qızımın sevincləri var,

Xeyirxah, gərəkli hər bir işində.

Demək ki, bu ömür tək mənim deyil,

Onların payı var xoş gəlişində…

Salam, 60 yaşım, əziz qonaq tək,

Evimə, qəlbimə xoş gəlmisən sən.

Ömrümün ikinci baharı kimi,

Ömrümdən ömrümə xoş gəlmisən sən.

Salam, Uşaqlığım

Salam, uşaqlığım…

Xoş gördük səni.

Bu yaşımda - saçlarıma qar yağan çağımda,

Sənin həyəcanlı gözlərinə baxmağa gəlmişəm…

Tanıdınmı məni?

O vaxt oyuncağını heç kəsə verməzdin…

İndi isə xatirələrini heç kimə etibar etməyən

Mənəm, mən…

Qapını döydüm…

Açdın yenə gülümsəyərək,

Əlində bir tikə təndir çörəyi,

Üstündə bir az yağ, pendir -

Bilsən, o bir tikə çörək

İndi necə həsrət mənə…

Uzanmışam divanın bir küncünə,

Nənənin tikdiyi yastığın qoxusunu axtarıram…

Danış, uşaqlığım, danış bir az,

O illərdən nə qaldı sənə?

Məktəb çantası yerində durur,

Divardakı saat hələ də gecikmir,

Pəncərənin o tayında günəş oynayır,

Könlümün içində bir səs pıçıldayır:

“Sən burda idin, sən daim burda idin…”

İndi bu yaşımda –

Yaralarımla, sevincimlə,

Sənin o saf gülüşünə sığınmağa gəlmişəm.

Qoy bir az qalım…

Üzümə bax, qorxma,

Yenə də mənəm…

Sadəcə bir az yorğunam…

Bir az da küskünəm…

Amma... sənin sevən Xuramanınam…

Bir şeir yaz…

Bir şeir yaz,

Orda keçmişim sükutla danışsın,

Atamın səsi, anamın qoxusu...

Uşaqlıq qapımı döysün yenidən.

Həyətdə bacımın sakit ayaq izləri,

İllərlə yolunu gözlədiyim qardaşımın

kölgəsi gəlsin…

Bir şeir yaz,

O şeirdə doğmalarım mənimlə olsun -

Nəfəsimdə, dualarımda,

Dünyanın ən gözəl mahnısı kimi,

Yanımda addımlasınlar…

Bir şeir yaz,

Orda düşmənlər zəlil olsun,

Zalım sözə tab gətirməsin,

Haqqın oduna yansın hər fitnə, hər xəyanət.

Bir şeir yaz,

Xəbislərə, riyakarlara

Dünya işığı zindan olsun,

Onlar gecənin soyuğunda azsın,

Biz isə səhərin duası ilə

Haqqın günəşi altında isinək.

Bir şeir yaz,

Sözlər qılınc kəsilsin,

Əyrilərə düzlük dərsi olsun…

Əllərim ümidlə qalxsın göyə,

Adım unudulmasın -

Qəlblərdə yaşasın.

Bir şeir yaz -

Elə bir şeir ki,

Oxuyanlar səssizcə köks ötürsün,

“Bu, Xuramanın şeiridir…”

- deyib,

Gözlərinə nur, qəlblərinə fərəh gətirsin...

Türkün Xanımı

Türkün xanımı - millətin, xalqın qeyrəti,

Elin məğrur duruşu, hünər, əzəmət kimidir.

Qəlbindəki dualar yüz illik tarixdən gələr,

Səbrində, əməlində - Tanrıdan hikmət kimidir.

O - ləyaqət güzgüsü, həm anadır, həm bacıdır,

Haqqı heç ödənməyən - sonsuz hesabat kimidir.

O- Türkün xanımıdır, igidlər verər vətənə,

Şərəfiylə ucalar, əlçatmaz nemət kimidir.

Həm çiçəkdir, həm polad, həm zərifdir, həm də ki, sərt,

Qanı Türkün qanıdır - gücdür, dəyanət kimidir.

Göz yaşlarında dua, gülüşlərində bahardır,

Sözü - namus sözüdür, xalqa əmanət kimidir.

O - sevgidir, mərhəmətdir, nurdur, bərəkətdir,

Onu Allah göndərib - göylərdən enmiş mələkdir.

O - Türkün anasıdır, yerdəki cənnət kimidir,

O- Türkün xanımıdır, yerdəki cənnət kimidir.

Sübh Dualarım

Sübh namazında – hələ qaranlıqda,

İşıq doğmamış, üfüqlər yanmamış.

Dənizlərin üzərindən süzülən dualarım,

Buludları yara-yara yüksəlir göylərə.

O dualar - qəlbimin sükut çiçəkləridir,

Yaradana boylanan yalvarış səsləridir,

Səmalara toxunur, ulduzlara qarışır,

Mələklərdə dil açıb elə məndən danışır.

Sabahın sükutunda eşidilən bir nida,

Ümidimin çırağı, ruhumun yüksəlişi.

Göylərə qalxan o saf yalvarışlar...

Məni Rəbbimə ən yaxın edən anlar.

Şükürlə açılar dua əlləri,

Səmada pıçıldar iman dilləri.

Rəhmətin yağışı ruhuma qonar,

Ümidlə açılar könül gülləri.

O-Allaha bağlılıq o, ruhun pıçıltısı,

O, rəhmət yağışıdır, göydən yerə dönəcək.

Dua acizlik deyil, iman gücünün səsi,

O sevgidən yaranır, Yaradana dönəcək…

“Ağ saçlarım”

İllər pıçıldadı ki, saçlarının ağı çox.

Dedim, hesabsız olan bircə telim belə yox.

Sevda ilə ödənmiş, ağ saçların hesabı,

Eşqlə möhürlənibdir onların hər kitabı.

Güzgü söylədi mənə, saçlarına yağmış qar...

Dedim, onlar ömrümün çiçəkləri, gülüdür.

Səni dərdə salmasın bu ağların çoxluğu,

Hər telim bir xatirə, bir ömrün mənzilidir.

Saçlarımdakı ağlar həsrətimin izidir,

Qaranlıq gecələri nişıqlı gündüzüdür.

Sevgi ilə yazılmış susqun məktubdu onlar,

Ürəyimdə gizlənən bir sevdanın izidir.

Ağ tellərYaradanın verdiyi hikmət tacı,

Onlar ömrümün yolu, sevda fəlsəfəsidir.

Ağaran hər bir telim həyatın həqiqəti,

Ömrün ağ çiçəkləri, ürəyimin səsidir.

Saçımdakı ağ tellər bir xatirə, bir dua,

Qocalıq yükü deyil, səbrin nişanəsidir.

Səni dərdə salmasın qoy ağaran saçlarım,

Onlar Allahdan gələn ömrün hədiyyəsidir.

Onlar mənlə yürüyən eşqin pərvanəsidir.

Azərbaycan-Türkiyə

Əzəldən bir doğulub

Birgə boy atmısınız,

Adı, ruhu, qanı, bir,

Kökü, soyu, canı bir,

Siz doğma qardaşsınız

İşıqlı gələcəyə

Azərbaycan-Türkiyə!

Tarix boyu bir olub

Yolunuz, məqsədiniz.

Dünyaya car çəkibdi

Türk adlı haqq səsiniz,

Sizin bu varlığınız

Bölünməzdir ikiyə

Azərbaycan-Türkiyə!

Baş əyməz türk övladı

Düşməninə, yadına.

Sadiq olub hər zaman

Özünün türk adına.

Layiqdir ərənliyə,

Layiqdir hər sevgiyə,

Azərbaycan-Türkiyə!

Daşınızda doğmalıq,

Sözünüzdə qürur var.

Yenilməz vüqarınız

Düşmənin bağrın yarar.

Siz ey doğma şahinlər,

Turana gedən yolun

Göyərən ümidləri

Sülhün göyərçinləri!

Nə mutlu Türküm deyə,

Azərbaycan-Türkiyə!

Kəndimiz yada düşür...

Düşüb xəyallarımın

Yenə şirin vaxtına...

Əyləşirəm ömrümün

Şirin-şəkər taxtına...

Keçirəm uşaqlığın,

Gəncliyin xoş çağından

Keçirəm kəndimizin

Sakit axan çayından...

Boylanıb gül qoxulu

Çiçəkli çəmənindən

Dərirəm laləsindən,

Küskün bənövşəsindən.

Bağ-bağçamız gülüşür,

Kəndimiz yada düşür...

Göz gəzdirib sürməli

Al-əlvan meşəsinə.

Üzümü söykəyirəm

Dağların sinəsinə..

Çobanın tütək səsi,

Yazın ilıq nəfəsi

Qonum-qonşu harayı,

Sevindirir hər kəsi,

Bulud-bulud yağışlar.

Qəlbimin sərinliyi,

Torpaq qoxusu duyur,

Ruhumun dərinliyi.

Könlüm elə üşüyür

Kəndimiz yada düşür...

Qol budaqlı çinarlar,

Yollara işıq saçır.

Neçə qəlblərə fərəh,

Ümudlərə yol açır...

Neçə ömür sirdaşı,

Neçə sevən ürəyə

Olubdu yol yoldaşı.

Hər düşən yarpağında,

Bir sevdanın izi var,

Hər yarpağın köksündə,

Bir yarımçıq arzu var.

İllər necə ötüşür...

Kəndimuz yada düşür...

Atalı, həm analı

Ömümün ən xoş günü.

Necə də sevinərdik

Kəndimizin toy günü.

İsti ocağımızın

Başına yığışardıq,

Nağıllı gecələrdə

Nağılla yarışardıq.

Doğmaların ətrini

İndi kənddən alıram,

Ömrü günü beləcə

Sakit yola salıram

Yolların ayrıcında

Xəyallarım görüşür

Kəndimiz yada düşür...

Səcdənə gəlmişəm, Şuşam!

Həsrətdən üşüyən arzularımı,

Götürüb səcdənə gəlmişəm, Şuşam.

Neçə baharımı, neçə yazımı,

Sənsiz həyatımdan silmişəm, Şuşam.

Mərmi gülüşlərin göz dağım olub,

Hər damla göz yaşın bulağım olub,

Sənsiz kaş bilsəydin nə çağım olub,

Dərdinlə can verib ölmüşəm, Şuşam.

Anam tək sinəmə bağladım səni,

Hər gecə, hər gündüz qoxladım səni,

Otuz il ürəkdən ağladım səni,

Otuz il ürəksiz gülmüşəm, Şuşam.

Qarlı dağlarına çökən duman-çən,

Mənim ürəyimə çökmüşdü nədən,

Ruhumu özüylə aparıb gedən,

Dünyanı öz dünyam bilmişəm, Şuşam.

Olub keçənləri unudaq daha,

Bağışla, deyəsən batdım günaha,

Bilsəydin açılan bu xoş sabaha,

Nə qədər qurbanlar kəsmişəm, Şuşam.

Xoşdur azadlığın, xoşdur bu sədan,

Səni gözlərimdə yaşatdım hər an,

Səcdənə durubdur qızın Xuraman,

Səni candan artıq sevmişəm, Şuşam.

Turan elləri

Gözün aydın olsun, ey ulu yurdum,

Yayıldı dünyaya Türkün gür səsi!

Nuruna qərq oldu könüllərimiz,

Cahana od saldı Turan nəfəsi…

İgid oğullarım, çıxıb tufandan,

Qaldırdı göylərə “kurt başlı” tuğu!

Zəfər tarixini yazan əllərim,

Göstərdi âləmə “Dəmir Yumruğu!”

Yenilmez Türk ruhu, Türkün geyrəti,

Tarixin bağrından qopup gəldik biz!

Bu torpaq uğruna, vətən uğruna,

Qan axıdıb can verərək öldük biz!

Yüksəldərək yurdun hür bayrağını,

Duyduq azadlığın şirin dadını.

Çıxdıq savaşlardan alnımız açıq,

Yaydıq bu dünyaya Türkün adını.

Birlikdə yürürlər Kızıləlma’ya,

Qardaş Türkiyə’ylə, can Azərbaycan.

Kazak, Türkmən, Özbək, Kırgız da gəlir,

Qurulacaq mütləq, o büyük Turan!

Sönməyən çırağam , yanan ocağam,

Əslım Oğuz Türk’ü, hədəfim Turan.

Günəş kimi doğub yurdum üstünə,

Saçarım nurumu, rəhbərim Qur’an.

Əsirlərlə ayrı düşsək də bizlər.

Tariximiz eynı, dilimiz birdir.

Bir ağacın qollarıyıq biz Türkler,

Qönçəmiz də birdir, gülümüz birdir.

Gəlin, səmasında qanad gərək biz,

Sarsın qollarımız Turan elini.

Birləşək biz eyni bayraq altında,

Bayrağımız olsun, TURAN gəlini!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
sia.az

3Sources