EN

ABŞ-da şok: Tramp tərəfdarı Çarli Kirk universitet tədbirində güllələndi – siyasi şiddətə qarşı qlobal qınaq - VİDEO

Musavat.com xəbər verir ki, sentyabrın 10-da ABŞ-ın Yuta ştatının Orem şəhərində yerləşən Utah Valley Universitetində keçirilən “American Comeback Tour” adlı tədbirdə silahlı hücum baş verib. Hücumun hədəfi məşhur respublikaçı siyasətçi və mühafizəkar fəal Çarli Kirk olub.

Tədbir canlı yayımda davam edərkən səhnədən silah səsləri eşidilib. Görüntülərdə Kirk boynundan güllə yarası alaraq yerə yıxılıb. Bu zaman onun boynundan qan fışqırdığı videoda aydın görünür. Təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılan siyasətçinin kritik vəziyyətdə olduğu bildirilir. Hücumun 200 metr məsafədən atəş açan şəxs tərəfindən həyata keçirildiyi, şübhəlinin dərhal saxlanıldığı açıqlanıb. Universitet dərhal bağlanıb, FBI və ATF araşdırmalara başlayıb.

1993-cü ildə anadan olmuş Kirk ABŞ-da tanınmış sağçı siyasi fəal, Turning Point USA təşkilatının təsisçisi və icraçı direktorudur. O, uzun illərdir gənclər arasında mühafizəkar dəyərlərin təbliği ilə məşğuldur və ABŞ prezidenti Donald Trampın yaxın tərəfdarlarından biridir.

Hadisə ABŞ siyasətində böyük rezonans doğurub. Prezident Donald Tramp tərəfdarlarını “Çarli Kirk üçün dua etməyə” çağırıb. Vitse-prezident J.D. Vance, senator Mike Lee, Utah qubernatoru Spencer Cox və digər respublikaçı siyasətçilərlə yanaşı demokrat liderlər də — Hakeem Jeffries, Gavin Newsom — siyasi şiddəti pisləyib.

BMT, ABŞ administrasiyası və Avropa İttifaqı da bəyanat yayaraq hadisəni kəskin şəkildə qınayıb, siyasi mübarizənin zorakı vasitələrlə aparılmasının yolverilməz olduğunu vurğulayıblar.

MSNBC telekanalında yayımlanan şərhlər isə cəmiyyətdə narazılıq yaradıb. Kanalın qonaqlarından biri hadisəni kiçiltməyə çalışaraq atəşin “bayram üçün havaya açılan güllə” ola biləcəyini ehtimal edib. Bu yanaşma sosial şəbəkələrdə və mühafizəkar dairələrdə kəskin qəzəblə qarşılanıb. Məşhur sahibkar İlon Mask belə reaksiyalar fonunda sərt bəyanat verərək “solçuları qətl partiyası” adlandırıb. Amerikalı siyasi şərhçi Benni Conson isə MSNBC-nin efir lisenziyasının geri alınmasını tələb edib.

Çarli Kirkə qarşı bu sui-qəsd yalnız ABŞ daxilində deyil, beynəlxalq müstəvidə də siyasi şiddətin təhlükəli yüksəlişi kimi qiymətləndirilir. Gənc mühafizəkar fəalın həyatı uğrunda mübarizə davam edir, hadisə isə Amerikanın siyasi həyatında yeni gərginlik ocağı yaradıb.

 

Musavat.com

Chosen
54
33
musavat.com

10Sources