EN

AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə “İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusunda AQEM Beyin Mərkəzlərinin 13-cü sessiyası keçirilib.

APA xəbər verir ki, açılış mərasimində BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına müraciətini səsləndirib.

AQEM Baş katibi Kayrat Sarıbay Azərbaycanın AQEM-ə sədrliyinin ilk ilində bu forumun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, AQEM-in regional əməkdaşlığın gücləndirilməsi, təhlükəsizlik, iqtisadi inkişaf və iqlim diplomatiyası sahələrində artan rolunu qeyd edib, təşkilatın tam hüquqlu beynəlxalq quruma çevrilməsinin vacibliyini önə çəkib. K. Sarıbay Forum çərçivəsində “Asiyada Kiçik və Orta Sahibkarlıq Strategiyası: İnteraktiv Bələdçi” adlı elektron kitabın əhəmiyyətindən bəhs edərək iştirakçıları bu resursa töhfə verməyə çağırıb. O, həmçinin, AQEM Fondu vasitəsilə tədqiqatların maliyyələşdirilməsinin vacibliyini qeyd edib, COP29 və digər regional təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin Avropa-Asiya məsələləri departamentinin təmsilçisi, səfir Yan Venbin AQEM-in regional ölkələr arasında kommunikasiyaların gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın təşviqi istiqamətində unikal və konstruktiv rol oynadığını bildirib. Onun sözlərinə görə, ortaq, hərtərəfli, qarşılıqlı əməkdaşlığa əsaslanan və dayanıqlı təhlükəsizlik yanaşmasını dürüst şəkildə tətbiq etməklə, AQEM Asiyanın mövcud reallıqlarına uyğun təhlükəsizlik sisteminin qurulmasına əhəmiyyətli töhfə verə bilər. Azərbaycanın AQEM sədrliyinə toxunan səfir ölkəmizin bir sıra mühüm təkliflərlə çıxış etdiyini və Çinin bu təkliflərə dəstək göstərəcəyini ifadə edib.

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Çen Dongxiao AQEM-in çoxtərəfli əməkdaşlıq və qarşılıqlı anlayış üçün mühüm platforma olduğunu qeyd edib. Bildirib ki, AQEM Asiya məkanında təhlükəsizlik və inkişaf sahəsində toplanmış zəngin təcrübəyə malikdir və bu biliklər həm regional, həm də qlobal səviyyədə dəyərli töhfə verə bilər. Onun sözlərinə görə, fundamental fikir ayrılıqlarına əsaslanan münaqişələrin təkcə dialoqla həlli çətindir və bu səbəbdən, siyasi düşüncə tərzində dəyişiklik zəruridir. Çen Dongxiao formalaşan çoxqütblü dünya nizamında Asiyanın artan rolunu vurğulayıb və bu prosesdə AQEM-in fəal iştirakının vacibliyini diqqətə çatdırıb.

Beyin Mərkəzləri Forumunun birinci günü “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi”; “Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq”; “Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr” mövzularında sessiyalar keçirililib.

“İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi” mövzusuna həsr olunan birinci sessiyada iştirakçılar Asiyada təhlükəsizliyin davamlı və inklüziv inkişaf yolu ilə möhkəmləndirilməsi imkanlarını müzakirə etdilər.

“Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq” mövzusundakı sessiyada Asiyada davamlı və texnoloji cəhətdən inkişaf etmiş təchizat zəncirlərinin formalaşmasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti müzakirə edildi. Təchizat zəncirlərinin geosiyasi təzyiqlərə davamlılığı, ticarətin rəqəmsallaşdırılması və ekoloji dayanıqlığın təmin olunması kimi mövzulara diqqət yetirildi.

“Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr” mövzusundakı sessiyada “Bir Kəmər, Bir Yol” (BRI), Orta Dəhliz və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) kimi strateji nəqliyyat dəhlizlərinin inkişafı və onların Avrasiya qitəsində ticarət, infrastruktur və regional əməkdaşlıqda yaratdığı transformasiyalar müzakirə edildi.

Sentyabrın 10-da keçirilən “AQEM beynəlxalq təşkilat kimi: Transformasiya və potensialın artırılması” mövzusundakı sessiyada AQEM-in dialoq platformasından tam hüquqlu beynəlxalq təşkilata çevrilməsi müzakirə edildi. Ekspertlər strateji institusional islahatların, potensialın artırılmasının və innovativ diplomatiyanın zəruriliyini vurğuladılar.

Forumun yekununda sessiyalarda səsləndirilən fikirlərin qurumun gələcək inkişaf trayektoriyasına müsbət təsir göstərəcəyi bildirilib.

Bundan əlavə, “Yeni Asiya Nizamının Formalaşması” mövzusunda tematik panel təşkil edilib. Müzakirələrdə qadın və gənclərin sülh, inklüzivlik və ədalətli inkişafın təmin olunmasındakı rolu müzakirə edildi. Tədbirdə gənclər və qadınların sülh quruculuğu, davamlılıq və innovasiyaya cəlb olunması, qeyri-hökumət təşkilatları, gənclər şəbəkələri və texnoloji startapların regional iştirakının genişləndirilməsi, ənənəvi mexanizmlərlə yeni səslər arasında sinerjinin yaradılmasının vacibliyi vurğulandı.

Chosen
8
apa.az

1Sources