ain.az, 525.az portalına istinadən məlumat verir.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Sevil Əliyevadır. Onunla Azərbaycan SSR Əməkdar incəsənət xadimi, tanınmış rəssam Cavad Mircavadovun "Planetin çığırtısı" əsəri haqqında danışmışıq.
Cavad Mircavadov 19 yanvar 1923-cü ildə Bakı şəhərində anadan olub. Sənətinin vurğunu olan Cavad Mircavadov incəsənəti ideoloji təbliğat vasitəsi kimi tamamilə inkar edirdi. O, rus rəssamı Konçalovskinin ailəsinin yaxın dostu idi və dəfələrlə Pyotr Petroviçin Abramsevodakı evində olmuş, incəsənət haqqında müzakirələrdə iştirak etmişdi. Bir məqamı da qeyd edək ki, Cavad Mircavadov Leninqradda Dövlət Ermitajında fəhlə işləyib. Rəssam bunu muzeydəki kolleksiyalara baxmaq üçün etmişdi. Rəssamın xatirələrinə görə, onu muzeyin işçiləri "dəli" adlandırırdılar və öz niyyətindən daşınmayacağını görüb, Sovet İttifaqının ən böyük muzeyinin əsas guşələrinə maneəsiz daxil olmağa icazə verirlər. Beləliklə, rəssam El Qrekonun, Rembrandtın əsərlərindən çox şey öyrənir, surətlərini çıxarır, orijinalını ətraflı tədqiq edir. Sezan və Van Qoqun qadağan edilmiş əsərləri Cavad Mircavadov üçün əsl məktəb rolunu oynayır. Dünya incəsənətinə yaxından bələd olandan sonra Bakıya dönüb on il Buzovnada işləyir. Gənc yaşlarından incəsənətə olan marağı sonrakı illərdə onu rəssam kimi formalaşdırır. O, Azərbaycan təsviri sənətinin ən fərqli, cəsarətli və avanqard simalarından biridir. Yaradıcılığı sovet dövrünün sərt çərçivələri içində formalaşsa da, onun əsərləri həm üslub, həm də mövzu baxımından klassik sovet realizmindən kəskin şəkildə fərqlənirdi. 1992-ci ildə "Kopenhagen-Moskva" qatarında vəfat edən rəssamın məzarı Yasamal qəbiristanlığındadır.
- "Planetin çığırtısı" Cavad Mircavadov yaradıcılığının hansı dövrünə təsadüf edir?
- Bu əsər Mircavadovun ən dramatik və fəlsəfi işlərindən biridir. 1960-70-ci illər Cavad Mircavadovun yaradıcılığında böyük dönüş dövrü olub. Bu dönüş nöqtəsində o, "Planetin çığırtısı" və ya digər adı ilə "Planetin fəryadı" əsərini 1978-ci ildə ərsəyə gətirir. Rəssam artıq sırf dekorativ təsvirlərdən imtina edərək, insanın daxili faciəsini, kosmik ölçülü həyəcanlarını əks etdirən kompozisiyalara üz tutmuşdu. Sovet ideoloji mühiti Mircavadov kimi fərqli düşüncəli rəssamların işini çətinləşdirirdi. O, sosial-məişət mövzularından qaçaraq ümumbəşəri mövzulara müraciət edir, kainatın taleyindən, insanın planet qarşısındakı məsuliyyətindən bəhs edən mövzulara üz tuturdu. Sözügedən əsərin əsas mövzusu planetin ağrısı, ekoloji fəlakət və insanın məsuliyyətsizliyidir. Mircavadov burada Yer kürəsini canlı orqanizm kimi təsvir edir - sanki planet özü nəfəs alır, iztirab çəkir və insanın dağıdıcı fəaliyyətinə qarşı fəryad edir.
Mahiyyət etibarilə Cavad Mircavadovun obrazlarını iki hissəyə bölmək olar: mənəvi işığı olanlar və bundan məhrum olanlar. Tipoloji baxımdan isə, yenə bir neçə qrupda təsnifləndirmək olar: buynuzlu və qorxulu yekəqarın şeytanlar cəhənnəmi təcəssüm etdirir və tamaşaçını istər-istəməz yaşadığı dünya barədə qəmli düşüncələrə sövq edir.
- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
- "Planetin çığırtısı" tablosu sənətkarın dünyaya, onun təzadlı hadisələrinə, insan faciələrinə səbəb amansız müharibələrə, ümumilikdə isə xeyir və şər arasındakı daimi mübarizəyə həsr edilən yaradıcılıq nümunələrindəndir. Rəssam burada yaşadığı dünyaya münasibətini bədən hissələri metamarfoza uğramış qorxunc qroteskli obrazlar, fantastik məxluqlar vasitəsilə ifadə edib. Səthi-sxematik tərzdə işlənilmiş kompozisiya sənətkarın palitrasına xas coşqun, dekorativ boyaların özünəməxsus ahənginə əsaslanır. Əsərin kompoziyası qarışıq və dinamikdir. Mərkəzdə antropomorfik - insanabənzər formada təqdim olunan süjetlər planetin hərəkətli simasını göstərir. Ətrafında deformasiyaya uğramış insan süjetləri və kosmik elementlər yerləşdirilib. Bu süjetlər sanki mərkəzə doğru çəkilir və ümumi hərəkət spiralvari bir quruluş yaradır. Rəssam bu üsulla kainatdakı xaosu, fəlakətin böyüməsini və nəticəsinin müsbət olmayacağını çatdırmağa çalışır. Eyni zamanda, mərkəzdə verilmiş at fiquru vasitəsilə qorxu, təlaşı göstərilib. Fonda yanan evin verilməsi iqlimin istiləşməsinə, yanğınların baş verdiyinə və yaxud baş verəcəyinə işarədir. Əsərin yuxarı hissəsinə nəzər yetirsək, peykləri görmüş oluruq. Bu da artıq kosmosa peyklər göndərildiyinə işarədir. Həmçinin, əsərdə rəssamın yaradıcılığına xas olan, milli xalça elementlərinə də rast gəlirik.
- Rəng həlli necədir?
- Burada qırmızı, qara, mavi və sarı rənglərdən istifadə olunduğunu görürük. Mircavadov bu əsərdə rəngdən təkcə təsvir vasitəsi kimi deyil, həm də ideyanı daşıyan əsas element kimi istifadə edib. Qırmızı rəngdən daha çox mərkəzdə istifadə olunur və fəlakəti, ağrını, parçalanmağı simvollaşdırır. Bu rəng həm planetdəki əzabları göstərir, həm də daşıyıcının emosional reaksiyasını gücləndirir. Tünd rəngli kompozisiya boşluq və ümidsizlik effekti yaradır, eyni zamanda bütün səhnəyə fəlakətli səs gətirir. Tünd mavi rənglər kosmik dərinliyi və kainatın sonsuzluğunu ifadə edir. Bu üç əsas rəngin kontrastı əsərə ekspressionist xarakter verir, fiqurlara gərginlik və həyəcan qatır.
- Rəssam rəngləri sərt konturlarla ayırmır, əksinə, ləkə kimi, çaşqın şəkildə verir.
- Bu, sanki alovun tüstüsü, alovun hərəkəti və planetin qışqıran enerjisi kimi görünür. Rənglər bir-biri ilə qarışaraq dinamik axın əmələ gətirir və kompozisiyanın spiralını yaradır. Ona görə də rənglər dramatik, emosional və simvolik xarakter daşıyır. Qırmızı rəng insanın dağıdıcı fəaliyyətini, qara - fəlakətin qaçılmazlığını, mavi isə kainatın fonunu təmsil edir. Rənglərin yaratdığı bu gərgin atmosfer "planetin fəryadıdır"...
- Tablo hazırda harada saxlanır?
- Əsər Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunur.
- "Planetin çığırtısı"nın rəssamın digər işləri ilə hansı oxşar və fərqli xüsusiyyətləri var?
- Rəssamın bir çox əsərlərində olduğu kimi, burada da ekspressionist üslub, deformasiyaya uğramış insan obrazları, simvolik obrazlar ön plana çıxır. Mircavadov üçün insan bədəni sadəcə təsvir obyekti deyil, fəlsəfi mənaların daşıyıcısıdır. "Planetin fəryadı"ndakı insan ideyalarının pozulmuş formaları, mimikaların gərginliyi rəssamın digər əsərlərində rastlaşdığımız üslub xüsusiyyətlərini xatırladır. Bundan əlavə, rəng xoş ab-hava yaradır: rəssamın bir çox əsərlərində istifadə etdiyi qırmızı, qara və tünd çalarların kontrastı bu əsərdə dramatik ab-hava yaradır. Mircavadovun digər rəsmlərində insanın daxili aləmi, fərdi fəlakətləri, mənəvi gərginliyi ön plandadırsa, "Planet fəryadı"nda bütün Yer canlı varlıq kimi təqdim olunur. Rəssam burada təkcə bir insanın deyil, bütün planetin ağrısını, iztirabını ifadə etməyə çalışır. Əsərin kompozisiyasında da bu fərq vurğulanır: digər əsərlərdə mərkəzləşdirilmiş konkret ideya daha çox diqqəti cəlb edirdisə, bu rəsmdə xaotik spiralvari quruluş və qeyri-məhdud dinamika mövcuddur. Bu quruluş bütövlükdə kainatın fəlakətinin ifadəsidir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Mifoloji və dini çalarlar Cavad Mircavadovun yaradıcılığının əsas xəttidir. Onun yaradıcılığını müasirlərinin yaradıcılığından fərqləndirməli olsaq, o, əsərlərində əsasən, millilik ilə müasirliyin vəhdətini göstərirdi. Rəssamın davamlı axtarışlarının, fərqli mədəniyyətləri öz əsərlərində birləşdirməsinin nəticəsi olaraq, onun əsərlərində kifayət qədər zənginlik görürük. Buradakı həyəcanlı üz də planetin özünün deyil, insanın içindəki iztirabın, tənhalığın və ümidsizliyin simvoludur. Mircavadov həm fərdin, həm də bütöv toplumun faciəsini bir tabloda birləşdirir. Əsərin bizə demək istədiyi isə budur: insan öz məsuliyyətini dərk etməli, təbiəti və həyatı qorumalıdır. Əks halda, planetin qışqırtısı bizim öz fəryadımıza çevriləcək.
Aytac SAHƏD
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.