EN

Xarici Münaqişələr Nazirliyi

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Müharibə indiyədək Ukraynanın sərhədlərini pozmuşdu. Artıq Ukraynanın da sərhədlərini aşır.

Rusiya ruslarla eyni etnik kökdən olan daha bir slavyan qardaşına - Polşaya dronlarla hücum edib. Doğrudur, həmin dronlar vurulub. Ancaq bu hücum faktının özü çox ciddi, ağır perspektivdən xəbər verir. Çünki Polşanın sərhəddi təkcə Polşanın deyil, həm də NATO-nun sərhəddidir. Bu, NATO-ya hücum sayılır. Başqa sözlə, bu, həm də Türkiyəyə hücum sayılır. Bu tərəfi Azərbaycanı da əlaqədar edir. Hərçənd Rusiya artıq həm özünün ərazisində, həm də Ukrayna torpaqlarında Azərbaycanla... müharibəni çoxdan aparır.

NATO demişkən, Politico nəşri maraqlı, daha doğrusu, həyəcanlı bir məlumat verib. Nəşrin xəbərinə görə, Finlsndiya, Estoniya, eləcə də, Polşa özü Rusiya və Belorusla sərhədyanı ərazilərdə bataqlıqları bərpa etməyi düşünürlər. Məqsəd Rusiyanın ehtimal olunan yerüstü əməliyyatlarının qarşısını almaq və ya ən azı çətinləşdirməkdir. Əslində Rusiyanın Polşa ərazisini hədəf alması həm də bununla bağlı ola bilər. Başqa bir əsas səbəb isə Ukraynaya hərbi və hərbi-texniki dəstəyin Polşa ərazisi vasitəsilə çatdırılmasının qarşısını almaq niyyətidir.

Nəinki Şərqi Avropa, elə Qərbi Avropa da böyük müharibəyə hazırlaşır.

Rusiyanın iqtisadi vəziyyəti kəskin pisləşib - büdcə defisiti 61 milyard dollara çatıb

Müharibə iqtisadiyyatı Rusiyanın özünə zərbə vurmağa davam edir: Rusiya büdcəni ixtisar etməyə hazırlaşır, - Financial Times yazır.

Neft və qaz gəlirləri ilin əvvəlindən bəri 20% azalıb, ÜDM-in artımı isə demək olar ki, üç dəfə zəifləyib. Büdcə kəsiri isə planlaşdırılan ÜDM-in 0,5%-i əvəzinə 4,9 trilyon rubl (61 milyard dollar) təşkil edib.

Rusiya Maliyyə Nazirliyi artıq hərbi olmayan sahələrdə – infrastruktur layihələri, klublar və sanatoriyalara subsidiyalar kimi sahələrdə xərcləri azaltmağı müzakirə edir.

İqtisadçılar bildirirlər ki, yaranan "dəliklər" yeni borclanma hesabına və qismən ehtiyat fondundan qarşılanacaq. Qeyd olunur ki, ehtiyat fondunun yarısı artıq müharibəyə xərclənib.

Problemləri daha da dərinləşdirən səbəblər bunlardır:

İşçi qüvvəsi çatışmazlığı,Kömür sənayesində geriləmə,Kredit keyfiyyətinin pisləşməsi,

Rublun möhkəmlənməsi (rublun dəyəri artdıqca, neft və qaz satışından büdcəyə daxil olan rubl məbləği azalır, bu da kəsiri bağlamağı çətinləşdirir).

Hətta mümkün atəşkəs halında belə, Rusiya hərbi xərcləri dərhal azalda bilməyəcək, çünki hərbi texnikanın bərpası üçün zavodlara illərlə vaxt lazım olacaq.

Ekspertlər qeyd edirlər ki, Kreml ilk dəfə real büdcə "seçimləri" ilə üzləşir – yəni, hərbi xərclərlə sosial proqramlar arasında seçim etməli olacaq. Bu şəraitdə tənəzzül riski getdikcə daha real görünür. Artıq Avropa İttifaqı müdafiə və təhlükəsizlik qayğılarını maddi olaraq qarşılamağı qərarlaşdırıb. "Avropanın hərbi potensialını gücləndirmək (SAFE) proqramı çərçivəsində 150 milyard avro vəsait ayrılıb. Bu proqrama iyulda 18 ölkə qoşulmuşdu və SAFE çərçivəsində 127 milyard avro xərclənməsi nəzərdə tutuçurdusa, hazırda 19 ölkə proqrama dəstək verir və məbləğ 150 milyard avroya çatıb.

Avropa İttifaqı NATO-dan öz təhlükəsizliyinə tam zəmanət görə bilmir; üzvlər arasında koordinasiya effektiv işləmir. Ona görə də Avropa İttifaqı öz hərbi gücünü artırmaq barədə düşünür. Hərçənd Aİ üzvlərinin çoxu həm də NATO üzvləridir. Söhbət Şimali Atlantika blokunun Avropadankənar üzvlərinin "məsuliyyət bölgüsü" problemindən gedir.

Öz hərbi gücünü yaratmaq Avropa İttifaqına ucuz başa gəlməyəcək: bu, məlumdur. Ancaq Rusiya iqtisadiyyatı daha böyük müharibəyə nə qədər davam gətirə bilər? Əsas sual budur.

Biz əvvəlki yazılarımızdan birində Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə, yumşaq desək, yaxın olan "Nezavisimaya qazeta"da Rusiya baş nazirinin müavini, nazir və Mərkəzi Bank rəsmiləri səviyyəsində etirafların dərc olunduğunu yazmışdır: müharibə Rusiya iqtisadiyyatını çökdürür.

The Financial Times də öz növbəsində Rusiya üçün bu acı gerçəkləri təhlil edib. Nəşr etibarlı qaynaqlara əsaslanaraq yazır ki, bu ilin əvvəlindən Rusiyanın neftdən və qazdan əldə etdiyi gəlirlər 20 faiz azalıb. Ümumi Daxili Məhsulun artımı isə üç dəfə geriləyib. Büdcə kəsiri isə 61 milyard ABŞ dolları həddinə yüksəlib. 2024-ce ildə büdcə proqnozlaşdırılanda kəsir 11 milyard dollar civarında gözlənilirdi. Ancaq reallıqda 4,9 trilyon rubl - 61 milyard dollara doğru gedir. 2026-cı, 2027-ci illər üçün isə elə Rusiya hökuməti özü daha dəhşətli proqnozlar verir - ölkə tam iqtisadi kollapsın bir addımlığındadır. Rusiya 2022-ci ildə NATO təhlükəsi gərəkçəsi ilə Ukraynaya müharibəyə başlayıb. Nəticədə bundan da böyük təhlükə ilə - tam tənəzzül perspektivi ilə qarşılaşıb. Ancaq buna baxmayaraq, Kreml müharibəni davam etdirmək, hətta genişləndirmək niyyətlərindən də əl çəkmir.

Bunlar Rusiya üçün çox ağır yüklərdir. Moskva öz işğal planlarını və miqyaslı geopolitik ambisiyalarını reallaşdırmaq üçün ya sosial və infrastruktur xərclərindən kəsib, hərbi büdcəni tarazlaşdırmalıdır, ya da, sadəcə, müharibəni dayandırmalıdır. Ancaq hələlik bu niyyət görünmür; danışıqlar masasına Ukraynanın tam kapitulyasiyası şərti ilə oturmaq istəyir. Bu isə danışıqlara "yox" cavabının qəbul edilə bilməyəcək "hə" formasıdır. Putun Ukrayna prezidentini Moskvaya çağırır, həm də gəlməyəcəyini bilə-bilə çağırır. Bu, danışıqlardan - qaçmağın Rusiyasayağı variantıdır. Putin-Lavrov diplomatiya qaçaqlarıdır.

Lavrov demişkən, hadisələrin bu nöqtəyə gəlib çıxması Putin qədər xarici işlər naziri Sergey Lavrovun da günahıdır. Ukrayna ilə vaxtında dil tapıb, danışmaq əvəzinə, məsələni vuruşmaq həddinə çatdırdılar. Bunun məsuliyyəti həm də Sergey Lavrovun və Rusiya Xarici İşlər Nazirliyinin üzərindədir. Rusiya, bəli, döyüş meydanında da istədiyini ala bilmədi; uğursuzluqlara görə Sergey Şoyqu müdafiə naziri postunu itirdi, deklarativ-dekorativ bir təyinat verib, ordu rəhbərliyindən uzaqlaşdırdılar. Ancaq uğursuzluğun daha bir memarına - Sergey Lavrova hələ də "böyük diplomat" deyirlər.

Rusiyanı NATO ilə müharibə həddinə gətirib çıxarmış "baş diplomat" Sergey Lavrovun edə biləcəyi təkcə üzərində "SSSR" yazılmış köynək geyinmık idi, onu da etdi və... bitdi. Rus diplomatiyasını Polşaya atılan dronlarla birlikdə vurub dağıtdılar...

Prezident Donald Tramp ABŞ Müdafiə Nazirliyini "Müharibə Nazirliyi" adlandırdı. Putin öz Xarici İşlər Nazirliyinin adını dəyişsə, sizcə, nə qoyar?

Doğrudur. Mən də elə düşünmüşdüm: "Xarici Münaqişələr Nazirliyi".

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
bizimyol.info

1Sources