
Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Varşavadakı səfirliyinin nümayəndəsini çağırıb və ona PUA-nın ölkənin hava məkanını pozması ilə bağlı etiraz notası təqdim edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə PAP agentliyinə nazirliyin mətbuat katibi Pavel Vronski məlumat verib.
Agentlik qeyd edir ki, Polşa XİN-in nümayəndəsi nota təqdim edilməmişdən əvvəl onun məzmununu açıqlamayıb.
Qeyd edək ki, sentyabrın 10-da səhər tezdən Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan və PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb.
Hazırda vurulmuş PUA-larIn axtarışı davam etdirilir.
Digər tərəfdən, Polşa Baş naziri Donald Tusk sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanının 19 dəfə pozulduğunu, bütün dronların Belarus ərazisindən uçduğunu bildirib.
Hazırda 3 PUA-nın vurulduğu məlumdur. Hadisə ilə əlaqədar ölkənin bir hissəsi üzərində, o cümlədən, Frederik Şopen adına Varşava hava limanı üzərində hava məkanının bir neçə saatlıq bağlanması barədə qərar qəbul edilib.