EN

Elnur Bağırov: Yeni laboratoriyalar müasir texnologiyaların tətbiqinə mühüm töhfələr verəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan Metrologiya İnstitutunda yeni laboratiyalarin açılışı ölkəmizin keyfiyyət infrastrukturunun inkişafı, elm və texnologiyanın tətbiqi və beynəlxalq əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biri də standartlaşdırma, akkreditasiya və metrologiya sahələrində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdir. Ölçmələrin dəqiqliyi və beynəlxalq tələblərə uyğunluğu isə iqtisadiyyatımızın bütün sahələrində ədalətli rəqabətin, sənaye və ixrac potensialımızın gücləndirilməsinin, habelə istehlakçı hüquqlarının qorunmasının əsas şərtlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Azərbaycan Metrologiya İnstitutunda yeni laboratoriyaların açılışı mərasimində deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin dayanıqlı inkişafı üçün konkret yol xəritəsi müəyyən edib. Həmin sənədə əsasən, AzMİ-də 20 yeni laboratoriyanın qurulması və 7 mövcud laboratoriyanın təkmilləşdirilməsi nəzərdə tutulub. Bu strateji hədəflərin icrası məqsədilə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumunun Milli Metrologiya İnstitutu (TUBİTAK UME) ilə geniş əməkdaşlıq çərçivəsində 12 laboratoriyanın yaradılması üçün müqavilə imzalanıb. 15 noyabr 2024-cü il tarixində artıq 5 laboratoriyanın açılışı həyata keçirilib. Bu gün isə həmin layihənin növbəti mərhələsi kimi daha 7 müasir laboratoriyanın istifadəyə verilir. Bu laboratoriyalar səhiyyə, energetika, sənaye, rabitə və digər sahələrdə dəqiq və izlənilə bilən ölçmələrin aparılmasına xidmət edəcək, milli etalon bazamızı gücləndirəcək və ölkəmizin beynəlxalq metrologiya standartlarına uyğunluğunu təmin edəcək”, - deyə Elnur Bağırov vurğulayıb.

E.Bağırov deyib ki, eyni zamanda, TUBİTAK UME və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bağlanılmış müqavilələrə uyğun olaraq növbəti dövrlərdə daha 8 yeni laboratoriyanın qurulması və mövcud 7 laboratoriyanın təkmilləşdirilməsi işləri həyata keçiriləcək: “Bu tədbirdə, həmçinin Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) prezidenti Lazizbek Saidoripov da iştirak edir. Onun burada olması, AzMİ-nin regional metrologiya əməkdaşlığında və beynəlxalq standartların tətbiqində oynadığı rolu göstərir. Bu həm də ölkəmizin beynəlxalq metrologiya cəmiyyətində mövqeyinin güclənməsinə bir töhfədir. Bu nailiyyətlər dövlətimizin keyfiyyət infrastrukturuna göstərdiyi davamlı diqqət və dəstəyin, beynəlxalq tərəfdaşlarımızla səmərəli əməkdaşlığın nəticəsidir. Azərbaycan bu istiqamətdə həm regionda, həm də daha geniş miqyasda nümunə göstərən ölkələrdən birinə çevrilməkdədir. Əminəm ki, yeni laboratoriyalarımız elmi-tədqiqat işlərinin inkişafına, müasir texnologiyaların tətbiqinə, sənayemizin rəqabət qabiliyyətinin yüksəlməsinə, iqtisadi artıma və ən əsası, vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək”.

Chosen
24
azertag.az

1Sources