EN

PUA insidenti Varşavanı hərəkətə gətirdi Savaş Polşa ərazisinə keçir?

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya PUA-larının Polşa hava məkanını pozması vəziyyəti gərginləşdirib: “Bu, müharibə aktıdır”

Sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hava hücumu zamanı bir neçə pilotsuz uçuş təyyarəsi (PUA) Polşanın hava məkanını pozub. Bu barədə ölkənin Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

"Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhlükə yaradan təcavüz aktıdır. Hava məkanımızı zəbt edən pilotsuz təyyarələrin bəziləri vurulub. Hazırda həmin obyektlərin mümkün yerlərinin müəyyənləşdirilməsi istiqamətində axtarış aparılır", - komandanlıqdan qeyd edilib.

Həmçinin əlavə edilib ki, məhv edilmiş pilotsuz təyyarələrin fraqmentləri Podlaskie, Mazowieckie və Lyublində tapıla bilər. Bu rayonların sakinlərinə hərbi əməliyyatlar müddətində evdə qalmaları tövsiyə olunub.

Rusiya pilotsuz təyyarələrinin qarşısını almaq üçün Polşa Silahlı Qüvvələri döyüş təyyarələri və yerüstü hava hücumundan müdafiə sistemlərini işə salıb. Eyni zamanda, ölkənin bir hissəsi üzərində hava məkanının bağlanması səbəbindən Rzeşov-Yasionka, Lyublin və Varşavanın hər iki hava limanı təyyarələrin qəbulunu və göndərilməsini dayandırıb.

Polşanın Baş naziri Donald Tusk bildirib ki, o NATO-nun baş katibini mövcud vəziyyət və Varşavanın “hava məkanımızı pozan obyektlərlə bağlı” gördüyü tədbirlər barədə məlumatlandırıb.

Bununla yanaşı, Baş nazir Rusiya PUA-larının ölkənin hava məkanını pozması səbəbindən hökumət üzvlərini səhər tezdən təcili iclasa çağırıb. Bu barədə hökumət sözçüsü Adam Szlapka “X” sosial şəbəkəsində məlumat verib.

"Baş nazir Donald Tusk milli təhlükəsizlik məsələlərinə cavabdeh olan nazirlərlə görüş keçirir", - sözçü qeyd edib.

Prezident Karol Navroçki hadisələrlə bağlı məlumat aldığını və tezliklə Milli Təhlükəsizlik Bürosunda hökumət başçısının iştirak edəcəyi brifinq keçirəcəyini bildirib.

“Financial Times” qeyd edir ki, bu, Polşa hərbçilərinin ölkə ərazisi üzərində Rusiya pilotsuz təyyarələrini ilk dəfə vurmasıdır.

Baş nazir Tusk bildirib ki, Polşa PUA insidenti ilə əlaqədar Polşa PUA ilə bağlı insidentdən sonra NATO-dan 4-cü maddəni tətbiq etməyi xahiş edəcək.

NATO-da görüşün bu gün baş tutacağı bildirilib. Qeyd olunub ki, burada dronların müdaxiləsinə necə cavab veriləcəyi müzakirə olunacaq.

Polşa Prezidenti Karol Navrotskiy Milli Təhlükəsizlik Şurasının yaxın iki gün ərzində insidentlə bağlı müzakirələr aparacağını və bundan sonra bütün məlumatların əldə olunacağını açıqlayıb.

Eyni zamanda, Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə rusiyalı diplomat bildirib. O Polşaya dron hücumu ilə bağlı bəyanatlar fonunda XİN-ə çağırıldığını qeyd edib.

Ordaş Polşa hakimiyyətinin öz ərazisi üzərində vurulan PUA-ların Rusiya mənşəli olması ilə bağlı bəyanatlarını əsassız adlandırıb: “Bu dronların Rusiya mənşəli olduğuna dair heç bir sübut təqdim edilməyib”.

Polşanın Baş naziri Rusiyanın genişmiqyaslı təxribat törətdiyini və gecə saatlarında öz ərazisində çoxlu sayda rus pilotsuz uçan aparatının məhv edildiyini elan etdikdən sonra Belarus bəyanatla çıxış edib. Belarus müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirib ki, ölkə öz hava məkanında PUA-ların hərəkəti ilə bağlı Polşanı xəbərdar edib: “İtirilmiş pilotsuz təyyarələrin bir hissəsi ölkəmizin hava hücumundan müdafiə qüvvələri tərəfindən respublika ərazisi üzərində məhv edilib”.

Onun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Belarusun növbətçi qüvvələri Polşa və Litvanın “növbətçi qüvvələri və vasitələri ilə hava və radar vəziyyəti haqqında məlumat mübadiləsi aparıblar”.

"Bu, Polşa tərəfinə öz növbətçi qüvvələrini havaya qaldırmaqla pilotsuz təyyarələrin hərəkətlərinə operativ reaksiya verməyə imkan verdi", - Muraveyko qeyd edib. Onun sözlərinə görə, Belarus tərəflərin elektron döyüş sistemlərinin təsiri nəticəsində kursunu itirən Rusiya və Ukrayna pilotsuz təyyarələrini daim izləyib.

Polşa Prezidenti Karol Navroçki bildirib ki, Polşa hakimiyyəti Rusiya pilotsuz təyyarələri tərəfindən hava məkanını pozduğuna görə Şimali Atlantika Müqavilənin 4-cü maddəsinə müraciət etməyi düşünür. Bu müddəa əgər ölkələrdən birinin təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, Alyans daxilində məsləhətləşmələr nəzərdə tutulur.

NATO-dan isə bildirilib ki,  təşkilatın baş katibi Mark Rutte Polşa rəhbərliyi ilə əlaqə saxlayır və Alyans Polşa ilə sıx məsləhətləşmələr aparır.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiya pilotsuz təyyarələrinin Polşaya qəsdən buraxıldığını bildirib. O sosial şəbəkədə yazıb ki, “Rusiya münaqişəni sona çatdırmaqdansa, onu gücləndirir”.

CNN müxbiri Kaitlan Kollins xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio vəziyyətlə bağlı məlumatlandırılıb. Demokrat senator Dik Durbin isə bildirib ki, Rusiya pilotsuz təyyarələrinin NATO hava məkanını dəfələrlə pozması Rusiya Prezidenti Vladimir Putinin Qərbin Polşa və Baltikyanı ölkələri qorumaq əzmini sınaqdan keçirdiyinə işarədir: “Bu basqınlara göz yummaq olmaz. Respublikaçı nümayəndə, Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli üzvü Co Vilson “X” sosial şəbəkəsində Rusiyanın "Polşadakı NATO müttəfiqinə pilotsuz təyyarələrlə hücum etdiyini" yazıb və bunu "müharibə aktı" adlandırıb. Vilson ABŞ Prezidenti Donald Trampı “Rusiya hərbi maşınını iflasa uğradacaq” sanksiyalarla cavab verməyə çağırıb.

Xatırladaq ki, ötən gecə bütün Ukrayna ərazisində, o cümlədən Polşa yaxınlığında yerləşən Volın, İvano-Frankivsk və Lvov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib. Ukrayna Hərbi Hava Qüvvələrinin əməliyyat xülasəsinə əsasən, raketlərin sonuncu qrupu İvano-Frankovsk vilayəti üzərindən Zakarpatya istiqamətində uçub.

"Terrorçu ölkə daim sülh arzusunda olduğunu bəyan etsə də, müharibəni davam etdirir", - Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak hücumu şərh edib.

Bundan əvvəl Polşa sentyabrın 7-də Ukrayna ərazisinə endirilən zərbələr fonunda özünün və müttəfiqlərinin döyüşçülərini hazırlıq vəziyyətinə gətirmişdi. Partlayışlar Kiyev, Krivoy Roq, Dnepr, Kremençuk və Odessada baş verib. Kiyevdə Ukrayna hökumət binasına ziyan dəyib. Polşanın Ukrayna ilə həmsərhəd bölgələrində bir neçə dəfə pilotsuz təyyarələrin qalıqları aşkar edilib. Avqustun 20-də Rusiyaya məxsus pilotsuz uçan aparat Varşavadan təxminən 100 kilometr aralıda qəzaya uğrayaraq partlayıb. Hadisə zamanı xəsarət alan olmasa da, partlayış dalğası bir neçə evin pəncərələrini uçurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
30
ayna.az

10Sources