EN

Hindistanlı ekspert: Azərbaycanın sədrliyi AQEM-in təkamül prosesində mühüm addımdır

Bakı, 10 sentyabr, AZƏRTAC

Bu gün AQEM yeni bir mərhələyə qədəm qoyur. Bu, həm yeni vizyonun formalaşması, həm də üzv dövlətlər arasında dialoqun və əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Beynəlxalq təşkilat kimi AQEM - transformasiya və institusional potensialın artırılması” mövzulu iclasda Hindistan Dünya İşləri Şurasının Baş direktor vəzifəsini icra edən Nutan Kapur Mahavar söyləyib.

O qeyd edib ki, təşkilatın transformasiyası mərhələli şəkildə həyata keçirilməlidir. Bu proses həddindən artıq yüklənmədən, lakin ardıcıl və sistemli formada davam etməlidir. Bu kontekstdə Astanada qəbul olunmuş və Azərbaycanın sədrliyini nəzərdə tutan qərar, AQEM-in təkamül yolunda mühüm addım kimi qiymətləndirilir.

“Hazırda dünya çoxsaylı təhlükəsizlik çağırışları ilə üz-üzədir. Cinayətkarlıq, terrorizm, ekoloji problemlər, yoxsulluq bizim birgə mübarizə aparmalı olduğumuz reallıqlardır. Transformasiya olunmuş AQEM isə bu problemlərin qarşısının alınması üçün konkret tədbirlər görmək gücündə ola bilər. Unutmamalıyıq ki, sadalanan bütün çağırışlar Asiya məkanında yaşayan hər bir insanın gündəlik həyatına təsir edir. Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində də məhz bu məsələlərə xüsusi diqqət ayrıldı və bu, bütün auditoriyanın diqqətinə çatdırıldı. Çünki həll yollarının tapılması üçün ən doğru platformalardan biri məhz AQEM-dir”, - deyə hindistanlı nümayəndə vurğulayıb.

O, sonda Hindistandakı mərkəzlərin bu Forumun bütün müzakirələrində fəal iştirak etdiyini və əməkdaşlığın daha da möhkəmlənməsi üçün səylərinə davam edəcəyini deyib.

Chosen
7
2
azertag.az

3Sources