EN

Küçədə corabı ona daha ucuz qiymətə satmayan qardaşlardan biri döyüldü - MƏHKƏMƏ

Samux Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Sahir Babayevin (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tərifə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


İttiham aktına əsasən, hadisə 01 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Samux rayonunun Hacıalılı kəndində baş verib.


Belə ki, təqsirləndirilən Sahir Babayev sözügedən kənd ərazisində yerləşən “Osmanın çayçısı” adlanan çayxananın qarşısında zərərçəkmiş Eldəniz Qulzadənin (soyadı şərtidir) qardaşı tərəfindən satılan corabı daha ucuz qiymətə tələb edib. O, rədd cavabı alandan sonra narazılığını bildirərək ictimai qaydaya hörmətsizlik edib. Hadisə zamanı Sahir Babayev və zərərçəkmiş Eldəniz Qulzadə arasında mübahisə yaranıb. Bu zaman Sahir qəsdən zərərçəkmişin sifət nahiyəsinə baş nahiyəsi ilə iki dəfə vuraraq ona alın nahiyəsinin əzilmiş yarası, burnun və sol gözün alt qapağının qançırları ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib.


Kənd camaatı və zərərçəkmişin qardaşı hadisəni görərək Sahiri ondan uzaqlaşdırıb, Eldənizin qardaşı Asəf dərhal polisə məlumat verib.


Hadisədən sonra polis əməkdaşları hadisə yerinə gəlib və təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
 

Kamal Məmmədov 

Tarix: 10 Sentyabr 2025, 08:55   
Chosen
19
2
pravda.az

3Sources