EN

Qafqazdan dünyaya yeni strateji yol

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Vaşinqton razılaşmaları: Sabitlik, tərəqqi və əməkdaşlıq ideyası

XXI əsrin ikinci onilliyinin başlanğıcından etibarən dünyanın siyasi, eləcə də iqtisadi xəritəsində mühüm korrektələr edilir, yeni strateji konsepsiyalar irəli sürülür. Bu isə özlüyündə yeni güc mərkəzləri formalaşdırır, köhnə stereotiplərin isə öz aktuallığını itirməsinə yol açır. Belə mürəkkəb və ziddiyyətli proseslərin fonunda Cənubi Qafqazda baş verən hadisələr yalnız regional kontestdə izah oluna bilməz - bölgədə baş verən siyasi-iqtisadi, hərbi proseslər həm də qlobal güclərin diqqət mərkəzində dayanır. Çünki Qafqaz Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən, enerji və nəqliyyat yollarının qovuşduğu, siyasi-strateji çəkisi ölçüyəgəlməz dərəcədə böyük olan bir coğrafi məkan kimi çıxış edir.

Azərbaycanın bu coğrafiyada oynadığı rol isə təkcə regionun deyil, bütövlükdə Avrasiyanın gələcəyini müəyyənləşdirən amillərdəndir. Zəngəzur dəhlizi ideyası, Orta Dəhlizin dirçəldilməsi, enerji və yaşıl gündəlik layihələri - bütün bunlar Azərbaycanı artıq sadəcə coğrafi körpü kimi  səciyyələndirmir, strateji mərkəzə çevirir. Bu ünvandan yüksələn hər bir təşəbbüs, hər bir layihə qlobal iqtisadiyyatın, siyasətin və təhlükəsizliyin istiqamətlənməsinə təsir göstərir.

Beynəlxalq aləmə mesaj...

Bu nöqteyi - nəzərdən avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər, əldə olunan razılaşmalar, imzalanan sənədlər və dünyaya verilən mesajlar təkcə diplomatik nailiyyət deyil - bu, Avrasiyada yeni iqtisadi mərhələnin başlanğıcıdır. Vaşinqton razılaşmaları:

- Cənubi Qafqazda sabitliyin təmin olunması;

- Regional əməkdaşlığın dayanıqlı əsaslar üzərində qurulması;

- Azərbaycan-ABŞ münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi deməkdir.

İmzalanan sənədlər Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat arteriyasını açır. Zəngəzur dəhlizi (TRİPP) artıq sadəcə bir yol deyil - Avrasiyanı birləşdirəcək, dünya iqtisadiyyatına yeni nəfəs verəcək, qlobal tranzit xəritəsində dönüş yaradacaq layihədir. Bu dəhlizdən keçən hər qatar, hər yük maşını, hər enerji xətti təkcə iqtisadi anlam daşımayacaq, həm də sabitlik, tərəqqi və əməkdaşlıq ideyasını daşıyacaq.

Azərbaycan-ABŞ tərəfdaşlığı yeni mərhələdə

Qeyd edilən məqamlar sentyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri arasında baş tutan görüşün də əsas müzakirə predmetləri olub. Belə ki, görüş zamanı cari il avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələrin və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülhə və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.

Həqiqətən də 2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş regionun və bütövlükdə dünyanın siyasi gündəliyində tarixi hadisə kimi qiymətləndirilməlidir. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında aparılmış müzakirələr, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar yalnız Cənubi Qafqazda yeni reallıqların təsbit olunmasına xidmət etmir, eyni zamanda, qlobal təhlükəsizlik, inteqrasiya və tərəqqi üçün də mühüm nəticələr vəd edir. Ən əsası, bu sənədlər Azərbaycanın strateji mövqelərinin gücləndirilməsinə, Azərbaycan-ABŞ tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinə və regional əməkdaşlığın daha dayanıqlı əsaslarda qurulmasına təkan verir.

Münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün həm geostrateji, həm geoiqtisadi, həm də geosiyasi mənada yeni üfüqlər açır. Bu isə qlobal səviyyədə vacib nəticələr vəd edir. Nəzərə alsaq ki, artıq bir neçə aydır dünyada yeni siyasi nizamın formalaşdırılması istiqamətində aktiv prosesləri müşahidə edirik, Cənubi Qafqazda əbədi sülhün yaranması qütblərarası iqtisadi münasibətlərdə yeni bir cığır aça bilər. Şərq-Qərb kontenti üzrə ticari münasibətlərin ən vacib geocoğrafi nöqtəsi sayılan Cənubi Qafqazın sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxaraq yeni dividendlər yaradacaq. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın apardığı effektiv siyasi xətt bütün dünyada yüksək dəyərləndirilir. Bu sferada ABŞ-Azərbaycan münasibətləri diqqət çəkir - yeni bir trayektoriya qazanan ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir. Rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir.

Mühüm logistik mərkəzə çevrilirik: Bakı - Şərq, Bakı - Qərb istiqamətləri

C.Bayramov ilə ABŞ nümayəndələri arasında keçirilən görüşdə Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb,  Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb. Görüşdə həmçinin Orta Dəhliz üzrə Xəzər dənizinin şərqindəki tərəfdaş dövlətlər, dost və qardaş Mərkəzi Asiya ölkələri ilə, həmçinin Azərbaycanın strateji əlaqələrə malik olduğu məmnunluqla xatırlanıb.

Vurğulandığı kimi, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin Vaşinqton razılaşmalarında xüsusi yer alması diqqətçəkicidir. Zəngəzur dəhlizi (TRİPP) seqmentinin beynəlxalq dəstəklə təsdiqlənməsi ölkəmizin daxili logistik imkanlarının yüksək dəyərləndirilməsi olmaqla yanaşı, həm də dünyaya yeni bir strateji tranzit alternativi təqdim edir. Bu, iqtisadi, siyasi və təhlükəsizlik baxımından regionun inkişafına xidmət edəcək mühüm nailiyyətdir.

Orta Dəhlizin canlandırılmasında Azərbaycanın roluna gəldikdə isə, bu rol olduqca əhəmiyyətli və yüksəkdir. Ölkəmiz son onilliklər ərzində Şərqdən Qərbə uzanan ən mühüm tranzit yollarından biri olan Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi istiqamətində böyük səylər göstərib. Yerləşdiyimiz əlverişli coğrafi mövqe bu dəhlizin təbii mərkəzinə çevrilməsinə şərait yaradıb. Görüşdə vurğulanan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi layihələr Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi böyük addımların bariz nümunələridir. Bu layihələr vasitəsilə Azərbaycan yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında mühüm logistik qovşağa çevrilib.

Orta Dəhlizin inkişafı təkcə nəqliyyat imkanlarının artırılması demək deyil. Bu, həm də iqtisadi əməkdaşlıq, investisiya, regional inteqrasiya və siyasi dialoqun genişlənməsi anlamına gəlir. Azərbaycanın təşəbbüsləri nəticəsində Orta Dəhliz Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaş dövlətlər və dost-qardaş Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr üzərində qurulub. Bu əməkdaşlıq müstəvisində Şərq-Qərb kontentinin yaradılması, yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması və regional sabitliyin möhkəmləndirilməsi prosesləri sürətlə irəliləyir.

Enerji təhlükəsizliyi müstəvisində artan rolumuz təsdiqlənir...

Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırda ölkəmizin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-ə çatdığı qeyd olunub.

Azərbaycanın hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub, bu məqsədlə Qara Dəniz Enerji sualtı kabelinin inşası kimi konkret layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edildiyi kimi, Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biridir. Son illərdə ölkəmizin təbii qazı ilə təmin olunan ölkələrin sayı 14-ə çatıb və onların böyük əksəriyyəti Avropa dövlətləridir. Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP kəmərləri Azərbaycanı Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi möhkəmləndirib. Azərbaycanın enerji resurslarının sabit və davamlı şəkildə çatdırılması Avropa dövlətləri üçün strateji əhəmiyyət kəsb edir.

Bütün müstəvilərdə müasir çağırışlara məhz müasir standartlar əsasında qarşılıq verən Azərbaycan təkcə ənənəvi enerji resursları ilə kifayətlənmir, həm də bərpaolunan enerji potensialını qlobal enerji gündəliyinə təqdim edir. Xüsusilə son illərdə yaşıl gündəlik çərçivəsində atılan addımlar Azərbaycanın yeni strateji üstünlüyünü formalaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə həyata keçirdiyi fəaliyyətlər beynəlxalq səviyyədə xüsusi maraq doğurur. Qarabağ və Şərqi Zəngəzurda, həmçinin Xəzər dənizi sahillərində külək və günəş enerjisi layihələrinin reallaşdırılması Azərbaycanın enerji potensialını daha da artırır. Qara Dəniz Enerji sualtı kabelinin inşası isə ölkəmizin yaşıl enerjisini Avropaya ötürmək üçün strateji infrastruktur kimi mühüm rol oynayacaq. Bu layihə Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının yeni səhifəsini açır, eyni zamanda, qlobal enerji keçidində Azərbaycanın aparıcı rolunu təsdiqləyir.

Regiona sabitlik, dünyaya isə yeni əməkdaşlıq imkanları təqdim olunur

Bəli, Vaşinqton görüşündə əldə olunmuş razılaşmalar Azərbaycanın bütün bu strateji səylərinin beynəlxalq miqyasda təsdiqlənməsi və dəstəklənməsi baxımından xüsusi önəm daşıyır. ABŞ kimi qlobal gücün bu proseslərdə aktiv iştirak etməsi, regionda sabitlik və inkişaf naminə konkret öhdəliklər götürməsi Bakının strateji mövqelərinin daha da güclənməsinə yol açır, eləcə də regionaşl lider statusunu bir daha təsdiqləyir.

Zəngəzur dəhlizi (TRİPP) seqmentinin beynəlxalq sənədlərlə təsdiqlənməsi isə Azərbaycanın yalnız regional deyil, həm də qlobal tranzit şəbəkəsində mühüm rolunu bir daha ortaya qoyur. Bu dəhliz həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba hərəkət edən yüklərin daha qısa, təhlükəsiz və səmərəli daşınmasına imkan verəcək.

Vaşinqton razılaşmaları həm də Cənubi Qafqazda davamlı sülhün və tərəqqinin bərqərar olması üçün yeni imkanlar açır. Ermənistanın bu prosesdə iştirak etməsi, razılaşmalara imza atması gələcəyə baxışın formalaşması, sülhün əldə olunması baxımından mühüm addımdır. Azərbaycanın prinsipial mövqeyi - regionda sülh, əməkdaşlıq və inkişaf naminə addımları ABŞ kimi strateji tərəfdaş tərəfindən dəstəklənməklə reallığa çevrilir. Bu isə ölkəmizi Avrasiyanın mühüm strateji mərkəzlərindən birinə çevirir. Vaşinqton razılaşmaları bu mövqeyi daha da möhkəmləndirir, regiona sabitlik, dünyaya isə yeni əməkdaşlıq imkanları bəxş edir.

Pərviz SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
1
yeniazerbaycan.com

2Sources