EN

4 nəfərin öldüyü dəhşətli qəzada inanılmaz anlar - Ailələri onu bağışlasa da ...

Gəncə Ağır Cinayətlər Məhkəməsi Tərtər-Suqovuşan yolunda baş verən dəhşətli yol qəzası ilə bağlı cinayət işinə baxaraq qərar qəbul edib. Məhkəmə, sürücü İlkin Zülfüqarovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi (yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma, sürücülük hüququ olmadan törədilməsi) ilə təqsirli bilib və onu 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

BAKU.WS xəbər verir ki, qəza 2024-cü il noyabrın 30-da saat 18 radələrində Ağdərə rayonunun Çaylı kəndi ərazisində baş verib.

Zülfüqarov "Nissan Tiida" markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub: 80 km/saat sürət məhdudiyyəti olan yolda 120 km/saat sürətlə hərəkət edib, idarəetməni itirib və avtomobil dərəyə aşıb.

Nəticədə avtomobildə olan dörd sərnişin – Sərdar Alxanov, Asəf Kərimov, Mütəllib Həsənov və Samir Məmmədov – ağır bədən xəsarətləri alaraq yerindəcə həlak olub.

Ekspertiza rəyləri qəzada alkoqol və ya narkotik vasitələrdən istifadə edilmədiyini təsdiqləyib, lakin Zülfüqarovun Azərbaycanda sürücülük hüququnun olmaması (Rusiyada aldığı vəsiqəni vaxtında dəyişdirməməsi) cinayətin ağırlığını artırıb.

Məhkəmə istintaqı zamanı Zülfüqarov özünü tam təqsirli bilib və peşmanlığını ifadə edib. O, ifadəsində qəzanın bir iti yoldan keçirməmək üçün sükanı çəkdiyi zaman baş verdiyini, lakin sürətin yüksək olması səbəbindən idarəetməni itirdiyini bildirib.

Zülfüqarov həmçinin qəzadan sonra iki dəfə intihara cəhd etdiyini və mərhumların ailələri ilə barışdığını qeyd edib. Zərərçəkmişlərin hüquqi varisləri (ailə üzvləri) məhkəmədə şikayətlərini geri götürüb və barışıq əldə etdiklərini bildiriblər.

Məhkəmə hökmündə Zülfüqarovun iki azyaşlı övladının olması, peşmançılığı və barışıq faktı cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilib. Lakin onun Rusiyada oğurluq cinayətinə görə əvvəllər məhkum olması (6 ay həbs) və qəzanın dörd nəfərin ölümünə səbəb olması cəzanın ağırlığını müəyyənləşdirib.

Chosen
2
2
far.az

3Sources