EN

Naxçıvanda hüquqi əsas olmadan əməkhaqqı xərcləri aşkarlandı

BAKI, 9 sentyabr. TELEQRAF

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində əməkhaqqı ödənişində hüquqi aktların qüvvədən düşməsinə baxmayaraq əlavə xərclər edilib

Teleqraf Hesablama Palatasına istinadən xəbər verir ki, Naxçıvan MR Nazirlər Kabinetinin 22.02.2022-ci il tarixli 41 nömrəli ştat cədvəlinə əsasən aylıq vəzifə maaşlarını tənzimləyən qərar 14.11.2024-cü il tarixdə qüvvədən düşməsinə baxmayaraq, ötən il noyabrın 15-dən dekabrın 31-ə qədər olan dövrdə Agentlik tərəfindən işçilərin əməkhaqqı üçün ümumilikdə 26 min 890,03 manat vəsait hüquqi aktların olmaması şəraitində xərclənib.

Eyni zamanda, Naxçıvan MR Nazirlər Kabinetinin 18.01.2022-ci il tarixli “Naxçıvan MR Dövlət Nəqliyyat Xidməti” PHŞ-in işçilərinin maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsinə dair qərar da 14.11.2024-cü il tarixində qüvvədən düşüb. Buna baxmayaraq, həmin dövrdə işçilərə 21 735,78 manat əməkhaqqı əlavəsi hüquqi əsas olmadan ödənilib.

Agentlikdə həmçinin bəzi əməkdaşların əmək stajı düzgün hesablanmayıb və audit dövründə 9 513,07 manat artıq vəsait sərf olunub.

Bununla yanaşı, Agentliyin tabeliyində olan “Taksi” MMC-də İT üzrə mütəxəssis vəzifəsinə gətirilən işçinin əmək müqaviləsində gündəlik 3 saat iş vaxtı nəzərdə tutulsa da, ona təsdiq edilmiş ştat cədvəlində göstərilən 560 manat aylıq əməkhaqqı tam olaraq ödənilib. Bu isə əlavə olaraq 1 708 manat artıq xərcə səbəb olub.

Chosen
91
teleqraf.com

1Sources