EN

Aİ-nin müşahidə missiyası regiondan getməlidir

Azərbaycan öz yolunu özü seçib. Bu, sülh yoludur. Tarixinin ən çətin dövrlərində, bir sıra ölkələrin və beynəlxalq təşkilatların ikili standartları ilə üz-üzə qalanda, haqsızlıqlarla, ədalətsizliklə qarşılaşanda da münaqişənin silah vasitəsilə deyil, danışıqlarla həll olunmasının tərəfdarı olub, hər zaman sülhpərvərliyini nümayiş etdirib.

ATƏM tərəfindən (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi 1995-ci il yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırılır) 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan Minsk qrupu üzərinə götürdüyü vəzifəni yerinə yetirmək əvəzinə, problemin həllini daha da düyünə saldı, sülhə zərbə vurdu.

Beynəlxalq səviyyədə cəzasızlıq işğalçı Ermənistanı arxayınlaşdırdı. Azərbaycanın iyirmi faiz ərazisini yerli əhaliyə - azərbaycanlılara divan tutaraq, qətliamlar, soyqırımları törədərək zəbt etdi. Minlərlə azərbaycanlı dəhşətli işğəncələrlə öldürüldü, əsir götürüldü, evləri talan edildi, yandırıldı, sağ qalanlar yurdundan qovuldu. 

Ermənistan 1994-cü ilin mayında imzaladığı atəşkəs sazişinə əməl etmədi. Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxladığı otuz ilə yaxın müddətdə işğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və mülki vətəndaşlarının yaşayış yerlərini intensiv olaraq iriçaplı silahlardan atəşə tutdular. Əsgər və zabitlərimiz, dinc insanlarımız işğalçıların təxribatının, terrorunun qurbanı oldular.

Azərbaycan dövləti öz ərazilərini işğalçılara güzəştə getməyəcəyini qətiyyətlə bəyan etməklə bərabər, münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu 44 gün ərzində işğalçı ölkənin silahlı qüvvələrini məğlub etdi. 2023-cü ildə baş verən 1 günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində Qarabağda Ermənistanın təxribatına və terroruna son qoyuldu. Ermənistanın 1990-cı illərdə işğal etdiyi  torpaqlarımız azad edildi. Azərbaycan suverenliyinə tam nail oldu.

Qalib ölkəmiz bu böyük zəfərlərindən sonra da düşmənçilik deyil, barış mövqeyini tutdu. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, sülh danışıqlarının təşəbbüskarı Azərbaycan oldu. Lakin xarici havadarlarının məkrli oyunlarına aludə olan Ermənistan yenə də riyakarlıq etdi. Fransa, Hindistan kimi ölkələrdən silah-sursat aldı, sülhə zərbə vuran addımlar atdı.

İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqının (Aİ) ortaya atdığı müşahidəçilik missiyası da Cənubi Qafqaz regionunda vəziyyəti daha da gərginləşdirməkdən başqa heç nəyə yaramadı. Rəsmi Bakı Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistan tərəfindən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac olmadığını dəfələrlə bəyan etsə də, təşkilat bu gərəksiz missiyasını nəinki dayandırmadı, hətta daha da genişləndirdi.

Xatırladaq ki, Aİ-nin Azərbaycanla Ermənistan arasında danışıqlarda aktiv vasitəçilik etdiyi vaxtlarda, 2022-ci ilin oktyabrında Praqa razılaşması çərçivəsində Ermənistana 40 nəfərlik Aİ missiyasının müvəqqəti - iki aylıq yerləşdirilməsi barədə razılıq əldə olundu. Həmin missiyanın fəaliyyəti dekabrda başa çatdı. Ancaq 2023-cü il yanvarın sonlarında Aİ rəsmi Bakının razılığını almadan Ermənistanın Azərbaycanla sərhəd xətti boyunca müşahidə missiyasının yerləşdirilməsinə qərar verdi. Ermənistana 40 nəfərlə gəlmiş Avropa İttifaqı missiyası 2023-cü ilin fevralından 138 nəfərlik heyətlə fəaliyyət göstərdi. Həmin ilin dekabrında isə missiyanın sayı 209 nəfərə çatdırıldı. Aİ üzvü olmayan Kanadanın nümayəndələri də müşahidə missiyasına qoşuldular.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində bildirdi ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı. Dövlətimizin başçısı qeyd etdi ki, heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar: "Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər".

Təəssüf ki, bundan sonra da rəsmi Bakının və digər region ölkələrinin razılığı alınmadan Avropa İttifaqının müşahidə missiyasının regionda qalma müddətinin uzadılması üçün arzuolunmaz addımlar atıldı. Belə ki, yanvarın 29-da Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzatmaq barədə razılıq əldə etdilər.

Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mənfi təsir göstərməkdən, Cənubi Qafqaz regionunda sülhə, sabitliyə əngəl yaratmaqdan başqa bir iş görməyən Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinə son qoyulması labüddür.

"Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər". Bu, Vaşinqtonda Azərbaycan Prezidenti, ABŞ lideri və Ermənistan baş nazirinin iştirakı ilə iki ölkənin xarici işlər nazirlərinin parafladığı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsində qeyd olunub. Sözügedən layihəyə əsasən, tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

Belə çıxır ki, fəaliyyəti sülhə xidməti vəd etməyən Avropa İttifaqı müşahidəçiləri də Ermənistanın sərhədyanı rayonlarını tərk etməlidirlər. 

Belə bir vaxtda Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosun verdiyi açıqlamadan bəlli olub ki, missiya fəaliyyətini davam etdirir və getmək niyyətində deyil: "Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək". Vasilis Maraqos onu da deyib ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə ölkədədir və gərək olduğu müddətdə burada qalacaq. 

Artıq Aİ missiyası regiondan çıxıb getməlidir. Və bölgədən çəkilib getməklə iki ölkənin - Azərbaycanla Ermənistanın sülhə gedən yoluna daha çox fayda verəcəyini bilməlidir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

1Sources