EN

Vaşinqtondan Pekinə qədər

Son iki ay Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki güclü mövqelərə malik olduğunu və Prezident İlham Əliyevin dünyanın nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayandığını göstərən hadisələrlə zəngindir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə avqustun 7-8-də Vaşinqtona, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun sonu, sentyabrın əvvəllərində Çinə işgüzar səfərləri bu baxımdan əsl həqiqətləri bir daha nümayiş etdirdi.

Qətiyyətli siyasət həmişə qalib gəlir

Dövlətlərin və onlara rəhbərlik edən şəxslərin nüfuzu yürütdükləri siyasətin məzmunu ilə ölçülür. Bu siyasət qətiyyətli olanda həm dövlət, həm də onun lideri beynəlxalq səviyyədə ehtiramla, hörmətlə qarşılanır. Prezident İlham Əliyevin avqust ayında ABŞ-yə etdiyi səfər də bunu təsdiq etdi. Bu səfər proqramının  hər bir detalı  - qarşılanma, olduqca səmimi atmosferdə aparılan danışıqlar, dövlətimizin başçısına Ağ Evin rəmzi açarının təqdim olunması Donald Trampın Prezident İlham Əliyevə və Azərbaycana olan yüksək ehtiramının nümunəsinə çevrildi. Bütün dövlət və hökumət başçıları Ağ Evdə belə səviyyədə qarşılanmır. Və ya ABŞ rəhbərliyi heç də hamıya bu cür səmimi münasibət göstərmir.  Prezident D. Tramp özü də qeyd etdi ki, Ağ Evin rəmzi açarını nadir hallarda təqdim edir.

Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasının  keçirilməsi də  Prezident İlham Əliyevin səfərinin və Vaşinqtondakı görüşlərinin nəticələrinin respublikamızın siyasi-milli maraqları baxımından əhəmiyyətini göstərir. 

Xatırladaq ABŞ-nin əvvəlki rəhbərliyinin dönəmində Vaşinqtonun Azərbaycana olan münasibəti fərqli idi. Bayden hakimiyyətinin ölkəmizə qarşı qərəzli davranmasının kökündə Azərbaycanın yürütdüyü qətiyyətli siyasət, öz milli maraq və mənafelərini  cəsarətlə təmin etməsi dayanırdı. Bayden-Blinken cütlüyünün işi-gücü sanki yalnız Azərbaycanı hədəfə almaq idi. Onlar ölkəmizin regionda yaratdığı reallıqlarla barışmaq istəmir, respublikamızın öz ərazi bütövlüyünü bərpa etməsinə qarşı çıxırdılar. Xatırladaq ki, Baydenin prezidentliyi zamanı Azərbaycanın rəsmi nümayəndə heyətlərinin ABŞ-yə səfərlərinə məhdudiyyət tətbiq edilmişdi. Bundan başqa, ABŞ siyasiləri ölkəmizə qarşı müxtəlif sanksiyaların tətbiq edilməsinə dair təkliflər irəli sürürdülər. Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı şayiələri yayanlardan biri də elə Bayden administrasiyası idi.  

Bütün bunlar Bayden-Blinken qaragüruhunun Azərbaycanın yürütdüyü qətiyyətli siyasət qarşısındakı cılızlığının, məğlubiyyətinin göstəricisi idi. Bütün bunlar, sadəcə, Azərbaycan-ABŞ münasibətlərini tarixdə görünməmiş dərəcədə gərginləşdirməmişdi, həm də Vaşinqtonun imicini, ona olan qlobal etimadı zədələyirdi. 

ABŞ-nin yeni administrasiyası Bayden-Blinken qaragüruhunun yürütdüyü siyasətdən imtina edib. Azərbaycan-ABŞ münasibətlərində ötən aydan etibarən baş verən keyfiyyət dəyişiklikləri bunun bariz nümunələrindən biridir. Bu sırada ən mühüm məqamlardan biri odur ki, D.Tramp Azərbaycan Prezidenti İlham Əliyevin siyasi liderlik keyfiyyətlərini yüksək qiymətləndirir. Avqust ayının sonlarında ABŞ Prezidenti Donald Trampın şəxsi imzası ilə Prezident İlham Əliyevə hədiyyə etdiyi tarixi fotoşəkillər və həmin fotoların üzərində yazdığı, "İlham, siz böyük lidersiniz!" və digər xoş sözlər bir daha dövlətimizin başçısının hörmətlə qarşılanan lider olmasının və yüksək beynəlxalq nüfuzunun təcəssümünə çevrildi. 

Səmimi dostluğun təcəssümü

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun sonu, sentyabrın əvvəllərində Çinə işgüzar səfəri, keçirdiyi görüşlər, "ŞƏT plyus" formatında görüşdə çıxışı bir daha göstərdi ki, cənab İlham Əliyev beynəlxalq miqyasda böyük ehtiramla qarşılanan siyasi lider, Azərbaycan isə dünyanın yüksək nüfuza malik dövlətlərindəndir.

Azərbaycan-Çin münasibətlərinin bu gün yüksək səviyyəyə çatmasında iki dövlətin liderləri arasındakı dostluq münasibətlərinin xüsusi rolu var. Təsadüfi deyil ki, Azərbaycan və Çin rəhbərlərinin avqustun 31-də keçirilən görüşündə Si Cinpin İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlamışdı. Hər iki dövlətin rəhbərinin bir-birinə ünvanladıqları məktublar da hər zaman dostluq ruhunda olur. Bu səfər zamanı xüsusi qarşılanma, Prezident İlham Əliyevə göstərilən yüksək ehtiram bir daha Azərbaycan və Çin dövlətlərinin və onların liderlərinin səmimi dostluğunun təcəssümünə çevrildi.

Azərbaycanla Çin Xalq Respublikası həm də bir-birinə strateji tərəfdaş olan dövlətlərdir. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" isə əlaqələri tamamilə yeni müstəviyə yüksəldib. Çinlə strateji tərəfdaşlıq Azərbaycanın qlobal siyasətdəki mühüm yerinə dəlalət edən mühüm faktordur. 

Prezident İlham Əliyevin Çində "ŞƏT plyus" formatında görüşdə iştirakı da dövlətimizin başçısına və respublikamıza olan ehtiramın mühüm göstəricisidir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil. Lakin bu qurumun əksər üzvləri ilə sıx siyasi-iqtisadi əlaqələri var.  Təşkilatın üzvlərinin bir qismi isə Azərbaycanın strateji tərəfdaşlarıdır. 

Yerləşdiyi regionun lideri olan Azərbaycan beynəlxalq müstəvidə də söz sahibi olan dövlətlər sırasına daxildir. Bu Vaşinqtondan Pekinə qədər qlobal ictimaiyyətin bölüşdüyü və inkarolunmaz reallıqdır. Dünya Azərbaycanı öz məqsədlərinə qətiyyətlə çata bilən, Cənubi Qafqazda və dünyada cərəyan edən siyasi proseslərə təsiri olan dövlət kimi tanıyır. 

Lideri güclü olan dövlət qarşısında dayanan bütün milli məqsədlərə çata bilir. Bütün qələbələrimizin və uğurlarımızın təməlində dayanan amil isə Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və uzaqgörən siyasətdir. Ona görə Azərbaycan nüfuzlu dövlətlərlə, Prezident İlham Əliyev isə nüfuzlu siyasi liderlər ilə bir cərgədə dayanan dövlət başçısıdır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

1Sources