“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsinin icrasına başlayıb.
Layihənin rəhbəri, Birliyin sdəri Könül Quliyeva açqlamada layihənin həyata keçirilməsindən bəhs edib. QHT sədri qeyd edib ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir:
“Bu il həyata keçirəcəyimiz layihənin əsas məqsədi uşaqlar, yeniyetmələr və gənclərimizin milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasında, müasir tərbiyədə məktəbli-müəllim-valideyn münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsinə dəstək olmaq. Bu sahədə yaranan boşluqları aradan qaldırmaq üçün məktəb-ailə arasında əməkdaşlığı inkişaf etdirməkdir".
QHT sədri qeyd edib ki, üç aylıq (01.08.2025-31.10.2025) layihə çərçivəsində Tərtər və Bərdə rayonlarının hər birində ayrı-ayrılıqda 2 tədbir keçirmək, daha sonra layihə mövzuzuyla bağlı yerli internet tv-də 3 maarifləndirici veriliş hazırlamaq planlaşdırılıb.
O, qeyd edib ki, Azərbaycan hər zaman milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən məkan olub. Bu məmləkətdə əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri mövcud olub, formalaşıb. Son illər ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində uğurlu işlər həyata keçirilir. Mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuq və bu gün də varıq. Hər bir şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin böyük rolu var. Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər. Əsas dəyərlər ailədə formalaşmağa başlayır. Ədalət, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, cəsarət, mərdlik, dürüstlük, halallıq, milli-mənəvi dəyərlərə, soy-kökünə bağlılıq, böyüklərə ehtiram və əməksevərlik ruhunda tərbiyənin əsası ailədə qoyulur:
"Təbii ki, ailə tərbiyəsi güclü olarsa, məktəbdə təhsilin səviyyəsi üstün olarsa, bunlar bir-birini tamamlayarsa bütün bunlar baş verməyəcək. Ancaq təssüflər olsun ki, yeniyetmə və gənclər arasında narkomaniyaya aludəçilik danılmazdır, məktəblərdə şagirdlər siqaret çəkir, tez-tez məktəblilər arasında bıçaqlanma hadisələri ilə üzləşirik, bir sıra ailələr uşağın təlim-tərbiyəsi ilə maraqlanmır və s. Boşluqları aradan qaldırmaq üçün məktəb ilə ailə, müəllim ilə valideyn arasında körpü yaratmaq, əməkdaşlıq vacibdir. Bizim layihəmiz buna istiqamətlənib. Hər il olduğu kimi bu il də donor təşkilatın dəstəyi ilə layihəmizi müvəffəqiyyətlə başa vuracağıq”.