ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və
Strasburq Universitetinin birgə doktorantı, Azərbaycan-Fransız Universitetində
(UFAZ) tədrislə məşğul olan Zaur Bayramovun müəllifi olduğu elmi məqalə
dünyanın ən nüfuzlu akademik jurnallarından biri olan Science nəşrində
çap olunub.
AZXEBER.COM xəbər verir ki, "Palçıq vulkanlarının aktivliyinin və səssiz maqnitudası 6 olan fay
sürüşməsinin çox uzaq məsafədən dinamik şəkildə tətiklənməsi” adlı
məqalə 4 sentyabr 2025-ci il tarixli buraxılışda dərc edilib və jurnalın 47
impakt faktorla (IF) elm aləmindəki nüfuzunu bir daha təsdiqləyib.
Bu hadisə həm ADNSU, həm də Azərbaycan elmi üçün əlamətdar
uğurdur. Zaur Bayramovun baş müəllif olduğu bu nəşr, son illərdə Azərbaycandan
belə nüfuzlu jurnalda yer alan nadir elmi işlərdən biridir. Qeyd edək ki,
məqalədə ADNSU da müəllif institutları sırasında qeyd olunub.
Tədqiqat 6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş
Kahramanmaraş zəlzələlərinin Qərbi Xəzər regionunda – Kür çökəkliyi ərazisində
yaratdığı geodinamik dəyişikliklərə həsr olunub. Beynəlxalq tədqiqat qrupu peyk
radar (InSAR), GPS, seysmik müşahidə və süni intellekt alətləri ilə apardığı
araşdırmalar nəticəsində regionda eyni vaxtda həm 56 palçıq vulkanında
aktivlik, həm də 7 müxtəlif fay boyunca səssiz (aseysmik) sürüş hadisələrinin
baş verdiyini müəyyən edib. Bu proseslərin episentrdən 1000 kilometr uzaqlıqda
qeydə alınması, müasir geofizika üçün nadir və dəyərli müşahidə kimi
qiymətləndirilir.
Tədqiqat nəticələri sübut edir ki, böyük zəlzələlər yer
qabığında min kilometrlərlə uzaqda yerləşən zonalarda belə dinamik tetiklenmə
effekti yarada bilər. Belə ki, Kahramanmaraş zəlzələləri nəticəsində yaranan
uzunmüddətli səth dalğaları Qərbi Xəzər çökəkliklərindəki dərin maye
sistemlərinə təsir göstərərək yeraltı təzyiqləri dəyişmiş və nəticədə faylarda
səssiz sürüş, həmçinin palçıq vulkanlarında püskürmələr baş vermişdir.
Hadisələrin ümumi təsir gücü Mw 6.1 maqnitudalı zəlzələyə ekvivalentdir.
Qeyd edək ki, Məqalə qlobal elmi ictimaiyyətin də diqqətini
çəkib. El País, The Conversation kimi nüfuzlu beynəlxalq
media orqanlarında tədqiqat geniş şəkildə işıqlandırılıb. Bu uğurla bağlı Zaur
Bayramov Oksford Universitetində keçirilmiş elmi seminara dəvət alıb və 2024-cü
ildə Vyana, Korsika və Orlean şəhərlərində baş tutmuş beynəlxalq konfranslarda
mövzu üzrə çıxışlar edib.
ADNSU-nun bu tədqiqatda iştirak etməsi, Azərbaycanın elm və
təhsil müəssisələrinin yalnız regional deyil, həm də qlobal miqyaslı elmi
proseslərdə iştirak etdiyini göstərir. Bu nəşr, ölkəmizin gənc
tədqiqatçılarının beynəlxalq elmi jurnallarda əsas müəllif kimi yer ala
biləcəyini və dünya elminə sanballı töhfələr verə biləcəyini nümayiş etdirir.
Məqaləyə keçid:
https://www.science.org/doi/10.1126/science.adv8438
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.