EN

“Azərbaycanlının namizədliyi Bakı–Moskva münasibətlərinə təsir etmir” – Elçin Xalidbəyli – ÖZƏL

"Rusiyada hər hansı bir azərbaycanlının hakim partiyanın siyahısı ilə deputatlığa namizədliyinin irəli sürülməsi Azərbaycan-Rusiya münasibətlərinə ciddi təsir göstərmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, həmin azərbaycanlı böyük ehtimalla Rusiyanın hakim partiyasının üzvüdür və bu seçkilərdə də azərbaycanlı kimi yox, məhz həmin partiyanın təmsilçisi kimi iştirak edir. Yəni Kreml bu məsələyə Azərbaycana jest kimi yanaşmır, bu, sadəcə olaraq hakim partiyanın siyasi maraqlarından qaynaqlanan bir prosesdir.

E. Xalidbəyli əlavə edib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin korlanmasının səbəbləri bəllidir və bunun günahkarı Rusiyadır. Belə prinsipial problemlərin mövcud olduğu şəraitdə hansısa bir azərbaycanlının hakim partiyadan deputat seçilməsi və ya siyasi baxımdan ön plana çıxarılması həlledici faktor ola bilməz. Belə məsələlərə əhəmiyyət vermək lazım deyil. Üstəlik, Rusiyada azərbaycanlılara qarşı qəddarlıq nümayiş etdirilir. Bu iki proses - yəni bir tərəfdən azərbaycanlının namizədliyi, digər tərəfdən isə azərbaycanlılara qarşı təzyiqlər - bir-birinə qətiyyən adekvat deyil. Rusiyada azərbaycanlılara qarşı ayrı-seçkilik və milli-etnik zəmində təzyiqlər hələ də davam edir.

Siyasi şərhçi qeyd edib ki, əgər Rusiya Azərbaycanla korlanmış münasibətləri normallaşdırmaq istəyirsə, ilk növbədə, Rusiyada yaşayan azərbaycanlılara qarşı bu qəddarlığı dayandırmalıdır. Halbuki hazırda bunun müşahidəsi yoxdur, əksinə, proses artan xətt üzrə davam edir.

"Digər tərəfdən, Rusiya Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasına görə də rəsmən üzr istəməli və kompensasiya ödəməlidir. Ancaq hələlik Rusiya belə bir addım atmaq niyyətində olduğunu göstərmir. Əksinə, Kreml müxtəlif manipulyasiyalarla həm beynəlxalq ictimaiyyəti, həm də post-sovet məkanını çaşdırmaq siyasəti yürüdür", - deyə E. Xalidbəyli əlavə edib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın Rusiyadan kifayət qədər ciddi gözləntiləri var. Bu gözləntilər doğrulmadan Azərbaycan-Rusiya münasibətlərinin normallaşması ehtimalı o qədər də yüksək deyil.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
93
olaylar.az

1Sources