EN

Pakistanda daşqın təhlükəsi səbəbilə 25 min nəfər təxliyə edilib

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, Cəlalpur Pirvala şəhərində xilasetmə əməliyyatı bazar günü axşam saatlarında başlanıb və gecə boyunca davam edib. Pəncab Fəlakət İdarəetmə İdarəsinin baş direktoru İrfan Əli Kathia bildirib ki, təxliyələr yüksək riskli məhəllələrdən həyata keçirilib və sakinlər daha təhlükəsiz ərazilərə yerləşdirilib. Təxliyələr, şənbə günü sel sularında xilasedici qayığın batması və 5 nəfərin həyatını itirməsindən sonra intensivləşdirilib. Hadisə zamanı 15 nəfər sağ xilas edilib. Kathia-nın sözlərinə görə, daşqınlar artıq Pəncab əyalətində 4,1 milyondan çox insana ziyan vurub, 4100 kəndi əhatə edib və 25 rayonu təsir altına alıb. Avqustun 26-dan bəri azı 56 nəfər daşqınla bağlı hadisələrdə ölüb, 2 milyondan çox sakin isə evlərini tərk etməyə məcbur olub. 50 yaşlı inşaat işçisi Qulam Şabir, yaşadığı kəndin su altında qalmasından sonra ailəsi ilə birgə şəhər kənarında hündür yerə sığındıqlarını deyib və hələ də kəndlərdə qalan insanlar üçün təxliyə əməliyyatlarının sürətləndirilməsinə çağırış edib. Yerli hakimiyyət orqanları, ordu və polis birlikdə genişmiqyaslı xilasetmə əməliyyatı aparır. Xüsusilə pilotsuz uçuş aparatları və vertolyotlar vasitəsilə ucqar ərazilərə yardım çatdırılır. İndiyə qədər təxliyə olunan ailələrə çadırlar və ərzaq məhsulları paylanır. Pəncabın baş naziri Məryəm Navaz Şərif mərkəzi idarəetmə otağından təxliyə və yardım proseslərini şəxsən izləyir. Daşqınlar yalnız Pəncabla məhdudlaşmayıb. Pakistanın cənubunda yerləşən Sind əyalətində də Hind çayının səviyyəsinin artması səbəbilə 100 mindən çox insan təhlükəli ərazilərdən təxliyə olunub. Xatırladaq ki, Sind əyaləti 2022-ci ildə ölkədə baş verən və 1739 nəfərin ölümünə səbəb olan fəlakətli daşqınlarda ən çox zərər çəkən bölgələrdən biri olmuşdu. Pakistan Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının (NDMA) məlumatına əsasən, iyun ayının sonundan bu yana davam edən musson yağışları və daşqınlar nəticəsində ölkə üzrə 900-dən çox insan həyatını itirib. Hindistan isə diplomatik kanallar vasitəsilə İslamabada potensial transsərhəd daşqınlarla bağlı məlumatlar təqdim edib.

 

Chosen
100
Ajans.az

1Sources