EN

Tərtərdə tələbə adı qazanan və birinci sinfə gedən şəhid övladları ilə görüş olub

Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Tərtər rayonunda bu il ali məktəbə qəbul olan və birinci sinfə gedən şəhid övladları ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə çıxış edənlər tələbə adını qazanan məzunları, məktəb həyatının başlanğıcında olan birinciləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Gənclərə biliklərə dərindən yiyələnməyi, təhsil illərini yüksək göstəricilərlə başa vurmağı, Vətənə sadiq vətəndaş olmağı arzulayıblar.

Sonra dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən söz açılıb. Bildirilib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.

Sonda ali məktəbə qəbul olmuş şəhid övladlarına Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən fəxri fərman və hədiyyələr, birinci sinifə gedən şəhid övladlarına isə məktəbli ləvəzimatları təqdim olunub.

Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Chosen
58
1
ikisahil.az

2Sources