EN

Əfqanıstanda zəlzələ: Taliban qadınları xilas etməyi qadağan etdi, dağıntılar altında qaldılar

BAKI, 6 sentyabr. TELEQRAF

Son günlər Əfqanıstanda baş verən silsilə dağıdıcı zəlzələlərdən sonra iqtidarda olan Talibanın nəzarətində olan xilasetmə xidmətləri dağıntılar altından yalnız kişiləri çıxarıb. Talibanın şəriət qaydalarına uyğun olaraq, qadınlar öz taleyinə buraxılıblar.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

ABŞ nəşri bildirib ki, Taliban fövqəladə hallarda belə, ailə üzvü olmayan kişi və qadınlar arasında hər hansı fiziki təması qadağan edən ciddi dini qanunlara riayət edir. Buna görə də, xilasedicilər yalnız kişi və uşaqları xilas edib, dağıntılar altında qalan qadın və yeniyetmə qızlardan yan keçiblər.

Kunar əyalətində könüllü xilasetmə qrupu qadınları çökmüş binaların dağıntıları altından çıxarmaqda tərəddüd etdiklərini bildirib. Komandanın hamısı kişilərdən ibarət olduğundan, onlar yaralı qadınları dağıntılar altında qoyublar, ətraf ərazilərdə yaşayan qadınlar gəlib onları çıxarıblar.

Məlumatda deyilir ki, dağıntılar altından təkbaşına çıxa bilən qadınlara tibbi yardım göstərilməyib.

Bəzi xilasedicilər də dəri ilə təmasdan qaçmaq üçün ölü qadınları paltarlarından tutaraq çıxarıblar.

Əfqanıstan hökumətinin açıqlamasına görə, zəlzələ nəticəsində azı 2200 nəfər ölüb, 3600 nəfər yaralanıb. Nəşr qeyd edib ki, Taliban rəqəmlərlə bağlı gender bölgüsü təqdim etməyib. Amma ən çox qadınların zərər çəkdiyi güman edilir.

“Ən pisi də odur ki, Taliban qadınlara tibb də daxil olmaqla əksər peşələrdə işləməyi qadağan edib və onlara humanitar təşkilatlarda işləmək də qadağandır”, - mənbə vurğulayıb.

Zəlzələnin ertəsi günü Məzari-Dərə rayonuna gələn “New York Times” müxbiri zərərçəkənlərə yardım edən tibb, xilasetmə və humanitar qruplar arasında qadınların olmadığını görüb. Rayon xəstəxanalarından heç birində bir nəfər də olsun, qadın işçi yox idi.

Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman zəlzələdən zərər çəkmiş bölgələrdə qadın tibb işçilərinin çatışmazlığının olduğunu etiraf edib: “Amma Kunar, Nanqarhar və Laqmandakı xəstəxanalarda zəlzələ qurbanlarının müalicəsi üçün çoxlu sayda qadın həkim və tibb bacısı var”.

Chosen
101
teleqraf.com

1Sources