EN

Öldü deyildi, məzardan başqası çıxdı - 17 illik sirr

Türkiyənin Diyarbakır vilayətinin Bismil rayonunda yaşayan Fatma və Ercan Aslan ailəsi 2008-ci ildə ikinci övladlarını dünyaya gətirməklə böyük bir xoşbəxtlik yaşayacaqlarını düşünürdülər. Lakin bu sevinc onlar üçün kabusa çevrildi.

Bizim.Media xəbər verir ki, Fatma Aslan evində erkən doğum edib.

Yeddi aylıq doğulan körpə əvvəlcə Bismil Dövlət Xəstəxanasına, daha sonra isə Diyarbakırdakı Dağqapı Uşaq Xəstəxanasına aparılıb. Körpə erkən doğum səbəbi ilə 17 gün inkubatorda saxlanılıb. Bu müddət ərzində valideynlərə uşaqlarını görməyə və ana südü verməyə icazə verilməyib.

Atası Ercan Aslan həmin günləri belə xatırlayır:

“17 günün sonunda gecə saatlarında bizə zəng edib "Başınız sağ olsun, körpəniz dünyasını dəyişdi" dedilər. Körpəni bizə qutu içində verdilər. Onu Yeniköy qəbiristanlığında dəfn etdik. Lakin illər keçdikcə içimizdə şübhələr artdı”.

Mezar açıldı, DNA testi həqiqəti üzə çıxardı

Aslan ailəsi uzun illər övladlarının əslində ölmədiyinə inanıb. Nəhayət 3 il əvvəl prokurorluğa müraciət ediblər və məzar açılıb. DNA testində məlum olub ki, dəfn edilən körpənin Fatma Aslanla heç bir genetik bağlılığı yoxdur.

Ercan Aslan deyir:

“Cənazəni aldıq, dəfn etdik. Amma sonradan qəbiristanlıq qeydiyyatında belə bir dəfnin olmadığı üzə çıxdı. DNA nəticəsi ilə də təsdiqləndi ki, dəfn etdiyimiz körpə bizim oğlumuz deyil. Bunu öyrənəndə qəribə də olsa bir rahatlıq tapdıq”.

“Oğlum yaşayır, amma rahat deyil”

Fatma Aslan isə heç vaxt oğlunun öldüyünə inanmayıb:

“Mənə ölüm xəbərini verdikləri an içim sızlamadı, gözümə yaş gəlmədi. Daxilimdə güclü bir hiss vardı ki, oğlum sağdır. Mən onun Diyarbakır və ətrafında yaşadığına inanıram. Hiss edirəm ki, oğlum yaşayır, amma rahat deyil. Ola bilər başqa ailəyə verilib. Ona görə də xahiş edirəm, 5 fevral 2008-ci ildə Diyarbakır və ətrafında doğulan bütün körpələrdən DNA testi götürülsün”.

17 ildən bəri övlad həsrəti çəkən Aslan ailəsi, oğullarının tapılması üçün mübarizəni davam etdirir.

Aygün Hüseyn, Bizim.Media

Chosen
3
1
bizim.media

10Sources