EN

Putinin köməkçisi, Rusiyanın diplomat hazırlayan universitet rektoru bu qədər əmlakları necə yığıblar?..


Rusiya prezidentinin köməkçisi, keçmiş mədəniyyət naziri Vladimir Medinskinin və onun ailə üzvlərinin paytaxt Moskva və Moskva vilayətində 57 mülkü var. Bunu Korrupsiyaya Qarşı Mübarizə Fondu açıqladığı araşdırmada bildirib. Fondun hesablamalarına görə, bu əmlakın dəyəri təxminən altı milyard rubl təşkil edir.

Araşdırma müəlliflərinin müəyyən etdiyi kimi, Medinski və qohumlarının əmlakı arasında Putinin müşavirinin 18 yaşlı qızı Mariya Medinskayanın şirkəti tərəfindən otelə çevirməyi planlaşdıran Moskvanın mərkəzində təxminən 700 milyon rubl dəyərində 300 metrlik penthaus və 500 milyon rubl dəyərində köhnə malikanə də var. Medinskinin 21 yaşlı oğlu Aleksandr Moskvada bir mənzilə və 300 milyon rubl dəyərində ticarət obyektlərinə və onları icarəyə verən bir neçə şirkətə sahibdir. Aleksandr Medinski həmçinin Kremlin yaxınlığındakı İtalyan restoranı “Il Letterato”nun sahibidir. Medinskilər ailəsinin daşınmaz əmlakının başqa bir hissəsi keçmiş mədəniyyət nazirinin qayınanası və bacısının adınadır və onun həyat yoldaşı Marina minlərlə kvadratmetr ticarət və ofis sahəsinə sahib olan səkkiz şirkətə nəzarət edir. Bu ərazilər mağazalara, banklara və idman klublarına icarəyə verilir. Məmurun özü də atası və bacısı ilə birlikdə Yeni Moskvadakı elit Vatutinki kottec kəndində 3000 kvadratmetrlik torpaq sahəsinə sahibdir. Torpaq sahəsində iki malikanə və bir neçə kiçik ev tikilib. Korrupsiyaya Qarşı Mübarizə Fondu Medinskinin ən yaxın qohumlarına məxsus daşınmaz əmlakların tam siyahısını dərc edib. Fond bu aktivlərin dəyərini 5,967 milyard rubl və ya 73 milyon dollar qiymətləndirib: “Bu, 127 min nəfər əhalisi olan bütün Kovrov şəhərinin büdcəsinə bərabərdir”. Medinski IV və V çağırış Dövlət Dumasının deputatı, Vahid Rusiya Partiyası Ali Şurasının Büro üzvü, Rusiyanın keçmiş mədəniyyət naziri, həm də cari tədris ilindən bəri yalnız bir rus məktəbi üçün icazə verilən vahid tarix dərsliyinin müəllifidir. O, anti-Ukrayna və anti-Qərb təbliğatı ilə məşğul olduğuna görə dəfələrlə tənqid olunub. O, həmçinin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya və Ukrayna arasında aparılan danışıqlarda Kremlin nümayəndə heyətinə başçılıq edib və indiyədək heç bir əhəmiyyətli nəticə əldə etməyib. Medinski 2016-cı ilin aprelində “XV-XVII əsrlərin ikinci yarısının Rusiya tarixinin işıqlandırılmasında obyektivlik problemləri” adlı doktorluq dissertasiyası ilə bağlı qalmaqaldan sonra geniş şöhrət qazanıb. Rusiya tarixçilərinin elmi ictimaiyyəti mətni oxuyaraq Təhsil və Elm Nazirliyinə ərizə ilə müraciət edərək, Medinskinin sözlərini, işindəki kobud səhvini, elmi dərəcəsini geri almağı tələb edib. O vaxt qeyd edilirdi ki, hətta tarix fakültəsinin tələbəsinin kurs işində belə yanlışlılara yol verilməsini təsəvvür etmək çətindir. Medinski bu qalmaqala baxmayaraq, Putinin ətrafındakı “tarixin şefi” mövqeyini nəinki itirmədi, əksinə daha da gücləndirdi. Bundan sonra da o, sürətlə varlanmağa başladı.

11-ci siniflər üçün yeni tarix dərsliyinin müəllifi Medinski ilə yanaşı həm də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovdur. Onun da Moskvada və xaricdə elit daşınmaz əmlaka sahib olduğu bildirilir. Ümumiyyətlə, Medinski və Torkunov ümumi dəyəri 8 milyard rubldan çox olan elit daşınmaz əmlaka sahibdirlər. Hələ 2019-cu ildə “Proekt” nəşri vahid tarix dərsliyinin ikinci müəllifi, Anatoli Torkunovun Rublevskoye şossesində təxminən 300 milyon rubl dəyərində bir evə sahib olduğunu müəyyən edib. Əmlak rektorun həyat yoldaşına rəsmiləşdirilib və gəlir bəyannaməsində qeyd olunmayıb. Torkunovun digər şəxsi evi Putinin Novo-Oqaryovo iqamətgahından 100 metr aralıda yerləşir. 440 kvadratmetr ev və 1500 kvadratmetr torpaq sahəsi də arvadın adınadır. Onların qiyməti təxminən 200 milyon rubl təşkil edir. Torkunovların Xamovnikidəki 230 metrlik mənzili də eyni qiymətədir. Bundan əlavə, Korrupsiyaya Qarşı Mübarizə Fondu Torkunovlar ailəsinin Yeni il tətilini keçirməyi xoşladığı xaricdəki mülklərini də tapıb. İspaniyanın Malaqa şəhərində iki mənzil rektorun qızı Yekaterina Torkunovanın adınadır. Bu, sahilə yaxın elit ərazidə 300 metrlik penthaus və 140 kvadratmetrlik mənzildir. Ailə penthausu 2015-ci ildən əvvəl əldə edib. Araşdırma müəllifləri belə əmlakın ümumi dəyərini təxminən 15 milyon avro və ya 1,5 milyard rubl həcmində qiymətləndirirlər. “Novaya Gazeta Evropa” bütün bunlar fonunda qeyd edir ki, 2025-ci ildə Rusiyada azı 99 deputat və yüksək rütbəli məmura qarşı korrupsiya işi açılıb. Bu, son illərin ən yüksək göstəricisi olub. Cinayət işləri əsasən federal və regional nazirliklərin rəhbər müavinləri, şəhər merləri və onların müavinləri də daxil olmaqla yüksək səviyyəli məmurları əhatə edir. Statistikaya görə korrupsionerlərin üçdə biri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Ardınca tikinti və kommunal xidmətlər, iqtisadiyyat və sənaye, nəqliyyat və təbii ehtiyatlardan istifadə sahələri gəlir. Bu rəqəm son 6 ilin - 2019, 2020, 2021, 2022 və 2023-cü illərin hamısından yüksəkdir. Bu da ölkədə korrupsiyaya qarşı mübarizənin intensivləşdiyini, lakin eyni zamanda sistemli problemlərin dərinliyini göstərir.

Nahid SALAYEV

Chosen
49
baki-xeber.com

1Sources