EN

“Napoli” Luis Hasanı icarəyə göndərdi

İtaliyanın “Napoli” klubu gənc yarımmüdafiəçisi Luis Hasanın B Seriyası təmsilçisi “Karrareze”yə icarəyə göndərildiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Əslən Albaniyadan olan Luis Hasa İtaliya nəhəngi “Yuventus”un yetirməsidir. Turin klubunun müxtəlif yaş qrupları üzrə komandalarında oynamış mərkəz yarımmüdafiəçisi bir müddət “Leççe”də də çıxış edib.

“Napoli” Hasanı bu ilin yanvarında “Leççe”dən 500 min avro müqabilində heyətinə cəlb edib. O, Neapol klubunun əsas komandasında debüt şansı qazanmayıb.

Hasa İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynayıb. O, 2023-cü ildə U-19-la Avropa çempionu olub, 2022-ci ildə isə U-18 komandası ilə Aralıq dənizi oyunlarında gümüş medal qazanıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir.

Chosen
97
arena.az

1Sources