EN

"Qurtuluş-93"də sakinləri narahat edən TƏHLÜKƏ: Binanın daşıyıcı divarları sökülüb

Abşeron rayonunun Masazır kəndində yerləşən "Qurtuluş-93" yaşayış kompleksində ciddi təhlükə yaradan fakt aşkarlandığı iddia olunub. Oxu.Az-a daxil olan müraciətdə kompleksin 96 və 98-ci binalarının zirzəmilərində fəaliyyət göstərəcək iaşə obyektləri üçün binaların daşıyıcı konstruksiyalarına müdaxilə edildiyi iddia olunub.

 

"Bu binalar 15-20 ilin binalarıdır. Həmişə zirzəmiləri olub. İndi isə obyekt sahibləri binaların zirzəmilərindən qazanc əldə etmək üçün binanın dayaqları və əsas aparıcı sütunlarını sökərək onların yerinə plastik materialdan hazırlanan boydan-boya pəncərə yerləşdiriblər. Bu özbaşına dəyişiklik nəticəsində beşmərtəbəli bina qəzalı vəziyyətə düşüb. Aidiyyəti qurumlara müraciət etsək də, heç kim bu qanunsuzluğa məhəl qoymur", - deyə iddiada bildirilir.

 

Məsələ ilə bağlı "Qurtuluş 93" yaşayış kompleksinin satış mütəxəssisi Həşim Həsənov Oxu.Az-a açıqlamasında səsləndirilən fikirlərin əsassız olduğunu bildirdi.

 

"Yəqin ki, heç bir insan binanın daşıyıcı divarının sökülməsi iddiasına inanmaz. O divarlar sökülsə, bina necə uçmadan qala bilər? Kim bu riskin altına girər? Orada qurulan obyektlərin bütün sənədləri, çıxarışları var. Onlar qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçib. Bununla bağlı da müvafiq sənədlər var. İddia olunan pəncərələr qoyulan yerə gəlincə, həmin hissə heç bir daşıyıcı rol oynamır. Sadəcə, kərpicdən olan arakəsmələrdir, o kərpiclərin heç bir daşıyıcı rolu yoxdur. Obyektə giriş üçün o kərpiclər götürülüb və yerinə qapı qoyulub. Yəqin, razılaşarsınız ki, obyektə giriş üçün haradansa bir giriş mütləq olmalıdır", - deyə H.Həsənov bildirib.

Tarix: 5 Sentyabr 2025, 14:54   
Chosen
60
4
pravda.az

5Sources