EN

Kiçik Gürcüstan ipoteka kreditlərinin həcminə görə Azərbaycandan 2 dəfə “böyükdür”...


Xalid Kərimli: “Təkcə ipoteka portfeli yox, ümumiyyətlə, Gürcüstanda bankların aktivlərinin ÜDM-yə nisbəti də bizdən çox yaxşıdır”

Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən bankların ipoteka portfelinin analizi göstərir ki, digər bank göstəricilərində olduğu kimi, ipoteka kreditləşməsinin həcminə görə də Gürcüstan liderdir.

Cari ilin 6 ayı ərzində bu ölkədə kreditləşmənin həcmi 4.7% artaraq 4,3 milyard dollardan 4.6 milyard dollara yüksəlib. 2025-ci ilin ilk yarısında Azərbaycan və Ermənistanda protfelin artımı eyni səviyyədə - 4,4% olsa da, həcmi kəskin fərqlənir. Bu müddətdə Azərbaycan bankları ipoteka krediti portfelini 2,6 milyard dollara, Ermənistan isə 4 milyard dollara çatdırıb.

Burada təəccüb doğuran məqam odur ki, Azərbaycanda əhalinin sayı digər ölkələrdən təxminən 3 dəfə çoxdur, ancaq ipoteka krediti portfelinin həcmi 1,5-2 dəfə, adambaşına düşən ipoteka kreditinin həcmi 5 dəfə azdır. Halbuki, bizim maliyyə imkanlarımız daha böyükdür. Maraqlıdır, niyə bizdə ipoteka kreditlərinin həcmi digər iki Cənubi Qafqaz ölkəsinə nisbətən bu qədər azdır?

“Həm ümumi iqtisadi inkişaf səviyyəsinə görə geridə qalırıq, həm də maliyyə sektorunun iqtisadiyyatda roluna görə”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Biz iqtisadçılar olaraq Mərkəzi Bankın sədri ilə görüşdə də bu məsələləri qaldırıb müzakirə edirik. Ancaq təkcə ipoteka portfeli yox, ümumiyyətlə, Gürcüstanda bankların aktivlərinin ÜDM-yə nisbəti də bizdən çox yaxşıdır. İstehlak və biznes portfeli də daha yüksəkdir. Yəni Gürcüstanda bank sistemi daha geniş fəaliyyət göstərir. Bu, həm Gürcüstan iqtisadiyyatının şəffaflığı ilə bağlıdır, həm də digər səbəblərlə. Məsələ ondadır ki, Gürcüstanda bank sistemində şəffaf əməliyyatlar və dövriyyələr olur. Gürcüstanda iqtisadiyyat daha şəffafdır, qeyri-rəsmi iqtisadiyyatın səviyyəsi daha aşağıdır. Kölgə iqtisadiyyatı elə də böyük deyil. Azərbaycanda isə qeyri-rəsmi iqtisadiyyat daha geniş və böyükdür. Səbəblərin bir qismi bunlarla bağlıdır. Başqa bir tərəfdən, bizdə bank sistemi inkişaf edir. Son dövrlər kredit portfelində olan artımlara baxanda görürük ki, 17-18 faizədək artım var. Düzdür, son illər 13-14 faizə düşüb, amma ümumi artım 15 faizin üzərindədir. Görünən odur ki, bank sektoru inkişaf edib. Lakin ümumi şəkildə həm Gürcüstandan, həm Ermənistandan maliyyə sektorunun iqtisadiyyatda rolu baxımından geri qalırıq. Digər tərəfdən, bizim maliyyə imkanlarımız yox, dövlətin maliyyə imkanları genişdir. Ancaq Gürcüstanda, hətta Ermənistanda adam başına düşən ÜDM-nin həcmi, çox təəssüf ki, Azərbaycandan çoxdur. İqtisadi və əmək haqqı göstəricilərində Azərbaycan sürətlə qonşu dövlətlərdən geri qalır. Bank və maliyyə sektorunda geridə qalırıq. Həm ümumi iqtisadi inkişaf səviyyəsinə görə geridə qalırıq, həm də maliyyə sektorunun iqtisadiyyatda roluna görə geri qalırıq. O üzdən bütün bu problemlər həll edilməlidir”.

Vidadi ORDAHALLI

Chosen
65
baki-xeber.com

1Sources