EN

“Şahdəniz”in növbəti mərhələsi üçün əsas tikinti müqaviləsi imzalanıb  

https://www.adobe.com/genuine/dm-twp-row-lp.html?promoid=KQQQTZLZ&mv=other&closeWindow=1&openBrowser=1&gid=OMU8PHTRO2>oken=dccf2a31-497d-4944-a7ef-90d798ffc431&sdid=KCJMV9XB&cohortid=CC&timer=9.0d&gcsrc=GC&gcprog=DM&gcprogcat=NG&gcpagetype=NPhttps://www.adobe.com/genuine/dm-twp-row-lp.html?promoid=KQQQTZLZ&mv=other&closeWindow=1&openBrowser=1&gid=OMU8PHTRO2>oken=dccf2a31-497d-4944-a7ef-90d798ffc431&sdid=KCJMV9XB&cohortid=CC&timer=9.0d&gcsrc=GC&gcprog=DM&gcprogcat=NG&gcpagetype=NP“Şahdəniz Kompressiya” (ŞDK) layihəsi çərçivəsində eyniadlı platformanın üst modullarının tikintisi üçün 321 milyon dollar dəyərində müqavilə imzalanıb. Bu barədə “Şahdəniz” konsorsiumu məlumat verib. Məlumatda həmçinin müqavilənin “Azfen” şirkətinə verildiyi bildirilir.

Üst modulların tikintisi müqaviləsi bu ilin iyun ayında ŞDK üzrə qəbul edilmiş yekun investisiya qərarından sonra layihənin icrası üçün əsas işlərin başlandığını bildirən mühüm bir addımdır. Bu müqavilənin iş həcminə ŞDK platforması üçün 8500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə edilməklə “Azfen”in Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək. 

Üst modulların tikintisi işlərinin bu ilin dördüncü rübündə başlanacağı və 2028-ci ilin sonunda yekunlaşacağı planlaşdırılır. Bu işlərə 90 faizindən çoxu yerli mütəxəssislər olmaqla 3000-dən artıq işçi qüvvəsi cəlb olunacaq. 

BP-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond deyir: “Düşünürük ki, ŞDK layihəsindəki bu irəliləyiş “Şahdəniz” tərəfdaşları və ümumiyyətlə, ölkə üçün mühüm bir hadisədir. Bu uğur ŞDK-da çalışan komandalarımızın əzmkarlığını, yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni əməyin təhlükəsizliyi, keyfiyyət və kapital səmərəliliyi baxımından ən yüksək standartlara uyğun həyata keçirmək öhdəliyimizi bir daha vurğulayır”. 

Müqavilənin “Azfen”ə verilməsi bu şirkətin təsdiqlənmiş təcrübəsi, o cümlədən Azərbaycanda dəniz platformaları üçün üst modulların tikintisi üzrə əvvəlki layihələrdəki uğurlu iş icrasına əsaslanır. Şirkətin Bayıldakı tam modernləşdirilmiş, dünya səviyyəli tikinti-quraşdırma sahəsi üst modulların inşadan sonra quruda inteqrasiyası və bütövlükdə barjaya yüklənməsi üçün bütün lazımi imkanları təmin edir. Bu da ŞDK layihəsinin qrafikə uyğun və büdcə daxilində həyata keçirilməsi üçün əsas amildir. 

Xatırladaq ki, nəhəng “Şahdəniz”in işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard dollarlıq ŞDK layihəsində məqsəd buradakı aşağıtəzyiqli qaz ehtiyatlarının  hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. 

ŞDK çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq. 

Üzərində dörd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm “Şahdəniz Alfa”, həm də “Şahdəniz Bravo”dan hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq. Layihə həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, “Şahdəniz Alfa”, “Şahdəniz Bravo” və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.  

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı nəzərdə tutulur. Tikintinin 2029-cu ildə sona çatması ilə ŞDK platformasının həmin ildə “Şahdəniz Alfa”dan, 2030-cu ildə isə “Şahdəniz Bravo”dan çıxarılan qaz həcmlərini kompressiya üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. 

Qeyd edək ki, hazırda “Şahdəniz” yatağındakı mövcud qurğuların hasilat gücü gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard) standart kubmetr təşkil edir. Cari ilin birinci yarısında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil olunub. “Şahdəniz”dən Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyekt üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edir. 

Flora SADIQLI,

“Azərbaycan”

Chosen
20
8
azerbaijan-news.az

9Sources