Pakistanın cənub-qərbində yerləşən Belucistan əyalətində keçirilən mitinqin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, polis rəsmiləri partlayışın əyalətin paytaxtı Kvetta şəhərindəki Şahvani Stadionunun qarşısında, mitinqin başa çatmasından qısa müddət sonra baş verdiyini açıqlayıblar.
“Dawn” qəzetinə danışan Kvetta xəstəxanasının sözçüsü Dr. Vasim Baiq partlayış nəticəsində 4 nəfərin həyatını itirdiyini və 17 nəfərin yaralandığını bildirib.
Yerli televiziya kanalı “Samaa News”-un görüntülərində yaralıların polis maşınları və şəxsi avtomobillərlə xəstəxanalara aparıldığı əks olunub.
Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, sözügedən mitinq Belucistanın sabiq baş nazirlərindən Sardar Akhtar Mengalın rəhbərlik etdiyi Belucistan Milli Partiyası tərəfindən təşkil olunmuşdu.