EN

Çində görüşdən sonra Paşinyan Putinə son konkret mesajını açıq dedi - "öz hesabımıza, özümüz üçün..."


“Bugünkü və əvvəlki Ermənistan respublikalarının fərqi nədir? Əvvəllər Ermənistan Respublikası başqa ölkələrin sayəsində, başqa ölkələr üçün mövcud idi”. Bunu “Facebook” səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan yazıb.

O, daha sonra qeyd edib: “Bu gün Ermənistan Respublikası öz sayəsində, öz vətəndaşlarının sayəsində, öz vətəndaşları üçün mövcuddur”. Maraqlıdır ki, Paşinyan bunu Çində Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra dilə gətirib. Çünki Ermənistan yaranandan bəri məhz Rusiyanın əlində alət olub. Rusiya prezidenti Paşinyanla uzun müddət görüşmədiklərini bildirib. Putin qeyd edib ki, bu müddət ərzində müzakirə üçün həm ikitərəfli, həm də regional xarakterli xeyli sual yaranıb. Qeyd edək ki, Paşinyanın dövründə Ermənistan KTMT-də iştirakını dayandırıb, ölkənin neytral mövqedə qalacağını təsdiqləyib, Zəngəzur dəhlizini isə ABŞ təsiri ilə xarici idarəçiliyə təslim edib. Bundan başqa, ermənistan Avropa ittifaqına daxil olmağa can atır. Bu da o deməkdir ki, ölkə Avrasiya İqtisadi İttifaqından da çıxmalı olacaq. Putin və Paşinayn arasında Çində baş tutan görüş barədə tərəflər müsbət açıqlamalar versələr də, reallıq bunun əksini göstərir. Rusiya hökumətinin təmsilçisi Aleksey Overçuk qeyd edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxaraq Avropa İttifaqına üzv olub-olmaması barədə qərar yalnız erməni xalqı tərəfindən qəbul edilməlidir və bu zaman bütün amillər nəzərə alınmalıdır: “Yaxınlarda Nikol Vovayeviç Paşinyan dedi ki, eyni zamanda həm Aİİ, həm də Aİ üzvü olmaq mümkün deyil. Əgər nə vaxtsa belə bir qərar verilərsə, əminəm ki, hər iki istiqamətdə qərar qəbuluna təsir göstərən müxtəlif amillər nəzərə alınacaq”. Ermənistanın “Past” qəzeti isə yazır ki, Kreml artıq müxtəlif istiqamətlərdə İrəvana təzyiqlər edir: “Məsələn, son vaxtlar Rusiya hüquq-mühafizə orqanları Ermənistanın “Spayka” şirkətinin yüzlərlə yük maşınını heç bir səbəb olmadan Gürcüstanla sərhəddə saxlayır. Bu, təkcə hansısa şirkətə qarşı atılan addım deyil, Ermənistan iqtisadiyyatının ən həssas nöqtəsinə birbaşa zərbədir. Məsələ budur ki, “Spayka” Ermənistanın ən böyük aqroholdinqidir və yük maşınlarının sərhəddə dayandırılması təkcə şirkətə yox, həm də Ermənistanın kənd təsərrüfatı istehsalçılarına və ümumilikdə iqtisadiyyata ciddi ziyan vura bilər. Əgər bu, uzun müddət davam edərsə, Ermənistanın kənd təsərrüfatı məhsullarının ixrac zənciri dağılacaq. Rusiyanın yüzlərlə “Spayka” yük maşınını sərhəddə dayandırması təsadüfi deyil. Bu, birbaşa mesajdır: Moskva Ermənistanın xarici siyasətindəki tələskənliklərini cavabsız qoymayacaq. Rusiya baş nazirinin müavini Overçuk və digər rəsmilər artıq bu barədə birbaşa mətnlə xəbərdarlıq ediblər”. “Past” hesab edir ki, baş verənlər təzyiqlərin sürətlə digər sektorlara sıçrayacağına dair xəbərdarlıqdır: “Sanksiyalar bir neçə gün ərzində təkcə kənd təsərrüfatı məhsullarına deyil, həm də enerji, nəqliyyat və digər iqtisadi sahələrə şamil edilə bilər. Bu durum Ermənistanın beynəlxalq reputasiyası üçün də ciddi risklər yaradır. Bazarda Ermənistan qeyri-sabit tərəfdaş kimi qəbul oluna bilər. Dövlət strukturları adekvat reaksiya verməsə, Ermənistan yeni, daha ciddi təzyiqlərlə və iqtisadi iflic riski ilə üzləşəcək”.

Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov qeyd edir ki, Rusiya ilə qarşıdurmalar İrəvana baha başa gələcək. O, hakimiyyətə xitabən, “Facebook” səhifəsində yazıb: “Rusiya yox, Türkiyə və Azərbaycan sizin “qardaş dövlətlərinizdir”. O, Paşinyana müraciət edərək sual verib: “ Nikol, nə üçün “qardaş ölkə” Rusiya Federasiyası Zəngəzurda konsulluq aça bilmir?

Niyə Rusiya və KTMT müşahidəçilərinin əvəzinə Ermənistanda Aİ müşahidəçiləri peyda oldular? “Niyə “Zvartnots” hava limanından rus sərhədçiləri çıxarıldı?

Niyə ruslarla danışıqlar meydanından qaçdın, Qərb meydanına getdin? Niyə KTMT-də münasibətləri dondurdun? Niyə parlamentdə Aİ-yə üzv olmaq niyyətini bəyan edən qanun qəbul etdiniz? Niyə Rusiyanın hərbi mövcudluğunu Ermənistan üçün təhlükəsizlik təhdidi elan etdin? Niyə Rusiyanı Ermənistan əleyhinə “kiber müharibə” qızışdırmaqda ittiham etdiniz? Niyə komanda yoldaşlarını ukraynalı rəsmilərlə görüşə göndərdin? Niyə hakim partiyanın deputatı Roma Statutunun qəbulunu “Putini həbs etmək imkanı” kimi təqdim edirdi? Qardaşlıq münasibətləri belə olmur. Onu anlamaq qalır ki, Moskva Nikolun “göz yaşları”na inanır, yoxsa yox?”. Bunlar fonunda diqqət çəkən məqamlardan biri də odur ki, İrəvanda həbs edilmiş rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyanın təşəbbüsü ilə “Öz yolumuzla” adlı hərəkat yaradılıb. Karapetyanın müraciətini onun qardaşı oğlu Narek Karapetyan hərəkatın təqdimatı zamanı oxuyub. “Taşir” şirkətlər qrupunun rəhbərinin sözlərinə görə, 2025-ci ilin sonuna qədər hərəkatın əsasında siyasi partiya yaradılacaq və bu partiya 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində iştirak edəcək. Qeyd edək ki, iyunun 18-də İrəvan məhkəməsi Karapetyanı hakimiyyəti ələ keçirməyə çağırışda ittiham edərək həbs edib. O, Kremlə ən yaxın şəxslərdən biridir. Moskvanın Paşinyanı Karapetyanla əvəz etmək niyyətini isə bəzi erməni rəsmiləri özləri də etiraf edib.

Samirə SƏFƏROVA

Chosen
98
36
baki-xeber.com

10Sources