EN

Barış Mançonun “arkadaşım eşşek” dediyi yerdəyəm Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Döşəməsi çay daşlarından salınan küçədə gəzirəm.

Beynimdə və dilimdə dayanmadan hamınızın bildiyi o melodiya... Hər addımda öz-özümə zümzümə edirəm:

“Kaç yıl oldu, saymadım köyden gideli? Mevsimlər geldi-geçti görüşmeyeli...”

Mızıldadıqca o klipdəki ritmlər də mənə qoşulur, Barış Mançonun duet ortağına çevrilirəm.

Uşaqlıq xatirələri film kadrı kimi gözümdə canlanır. Şəhər “7-dən 77-yə” izləyirəmmiş kimi hiss etdirir.

Barış Mançonun ayaq izləri, ulduz formalı gitarası fərqli imici sanki hələ də buradaymış kimi...

Qrimm qardaşlarının nağılında ayrı-ayrı səbəblərdən sahibləri tərəfindən tərk edilən o canlılarla qarşılaşıram.

Yaşlı eşşək, it, pişik və xoruz birlikdə yeni həyat axtarır, dostluğun, birliyin və ümidin mesajını verir. Onların heykəli küçədə dayanıb, mənim zümzüməm ilə əks-səda verir, nağıl sanki hər küncdə canlanır.

Bremen yalnız bir şəhər deyil-o, keçmiş ilə indinin, nağıl ilə reallığın, musiqi ilə tarixin harmonik birləşməsidir.

Burada hər addım bir hekayə danışır, hər ritm bir xatirə oyadır, hər daş bir sirr saxlayır. Nağıl, musiqi, pop mədəniyyəti və tarixi sənaye abidələri bir araya gələndə, Bremen sanki həm tarix kitabı, həm də canlı performans səhnəsinə çevrilir.

Hər ziyarətçi həm keçmişin hekayəsini, həm də günümüzün ritmlərini yaşayır, Bremen isə öz nağılını küçələrində yazır.

Bir az irəlidə Roland heykəli dayanır. Bu nəhəng daş qəhrəman Bremenin minillik hekayəsini qoruyur. 6 əsrdən çox yaşı olan abidənin özü isə UNESCO tərəfindən qorunur. Qurumun dünya irsi siyahısındadır.

Balaca bir şəhər olsa da, Bremen müstəqil əyalətdir. Sahəsi 317 kvadrat kilometr olan bu şəhər San-Marinodan sonra dünyanın ikinci ən böyük şəhər-respublikasıdır.

Limanı Şimal dənizi ilə əlaqəli olaraq uzun illərdir beynəlxalq ticarət üçün açıqdır. Avtomobil sənayesi, hava və kosmik texnologiyalar, qida və xidmət sektoru şəhərin həyatını canlandırır. Tarixi heykəl, dəyirman, nağıl hekayələri və musiqi festivalları – bütün bunlar Bremenə həm turistlər, həm də orada yaşamaq istəyənlər üçün cazibədarlıq qatır.

Qırmızımtıl daş divarları ilə illərin yükünü daşıyan dəyirmanın hər çatı şəhərin qədimiliyindən xəbər verir.

Onun qarşısında kiçik bir göl uzanır; səthi günəşin işığında titrəyir, sanki dəyirmanın kölgələri suyun üzərində rəqs edir. Burada dayanıb bir anlıq baxanda, keçmiş ilə indinin ahəngi bir melodiyaya çevrilir, gözlə görünməyən tarix və səslər bir-birinə qarışır.

Bremendə addımlamaq piano dilləri üstündə yerimək kimidir, hara getsən qulağında bir not səslənir… Mən addımlarımı geri çəksəm də, şəhərin melodiyası mənimlə qalır – sanki hər ziyarətçi üçün bir nağıl qapısı açılır və Bremen, öz sükutu ilə yeni hekayələr yaratmağa davam edir. Mən isə burada səfərimi bitirib geri dönməliyəm. O mahnıda dediyi kimi:

“Ayrılık geldi başa, katlanmak gerek…”

Telli Minbir

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
qafqazinfo.az

1Sources