EN

İrəvan teatrının fədai cütlüyü: "Ermənilər gördülər, Bakıda teatr açılmır, lap aktivləşdilər" - MÜSAHİBƏ

BAKI, 1 sentyabr. TELEQRAF

Sentyabrın birində Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl medalına layiq görülən, "Tərəqqi" medallı qocaman sənətkarımız Vidadi Əliyevin 80 illik yubileyidir. Noyabr ayında da onun xanımı Xalq artisti Elmira xanım 80 illik yubileyini qeyd edəcək. Yubileyləri münasibətilə görüşüb söhbət etmək istəyirik. Vidadi müəllim bizi evə dəvət edir.

Teleqraf xalq artistləri ilə müsahibəni təqdim edir:

- Vidadi müəllim, səksən illik yubileyiniz olacaq. Əvvəlcə, sizi yubileyiniz münasibətilə təbrik edirik. Elə əvvəldən başlayaq – teatrla, kinoyla səksən illik ömrün harasında tanış olmusunuz?

- Mən Ağstafada doğulub, orada böyümüşəm. Teatr görməmişdik. Kəndimiz dağ kəndi idi. Onun da köhnə, uçuq-sökük bir klubu vardı. Bir gün müəllimlərin bir söhbətinə şahid oldum. Danışırdılar ki, nə vaxtsa kəndə gələn müəllimlərdən biri burada “teatr çıxardıb”. Özü də tövlədə. Klub yox imiş. Mən o müəllimi də, teatrı da görməmişdim, yaşımdan çox qabaq olubmuş.

Amma bunu eşidəndən sonra fikirləşirdim ki, görəsən, biz də tamaşa göstərə bilərikmi? Tamaşa görməmişəm, teatr necə olur bilmirəm...

- O vaxtlar kəndə film də gəlmirdi?

- Bu hadisədən bir az sonra kəndə köhnə filmlər gəlməyə başladı. Yadımdadır, “Çapayev” filmi gəlmişdi. Sonra bir-iki başqa film də gətirdilər. Onlara baxandan sonra düşündüm ki, necə edim? Kitab oxuyan idim. Pyesləri oxuya-oxuya başa düşürdüm ki, tamaşa göstərmək üçün qədim papaq, geyim, müxtəlif əşyalar lazımdır. Onu da anlayırdım ki, tamaşa göstərmək asan iş deyil.

O vaxt yaşlı kişilər lətifələr danışırdılar. Oturub dinləyirdim. Başladım bu lətifələrdə danışılanları yığmağa. Həmin eşitdiyim lətifələr əsasında yazdığım bir tamaşanı oynamaq qərarına gəldim.

Tamaşa nədir bilmirdim, teatr görməmişdim

- Vidadi müəllim, ilk tamaşanızı harada qurmuşdunuz?

- Çiy kərpicdən bir klub tikmişdilər. Dar, balaca bir yer idi. Təxmini, əlli adamlıq. Nə isə. Birinci səhnəni oynadıq, indi ikinciyə keçməliyik. Saç dəyişməlidir, bığ dəyişməlidir, geyim dəyişməlidir. Bəs indi neynəyək? Sən demə, teatra bir pərdə lazım imiş. Dedim axı, bayaq, tamaşa görməmişdim, bilmirdim. Pərdəni birtəhər tapdıq, düzəltdik. İndi də məlum oldu ki, bir kulis də lazımdır.

- Tamaşanı qura-qura öyrəndiniz teatrı yəni...

- Elə oradaca, addım-addım öyrənirdim. Təsəvvür edin, o tamaşanı necə qurub-oynamışdıqsa, hələ də o kənddə həmin tamaşadan danışırlar.

- Bəs tamaşadan sonra nə oldu?

- Tamaşanın səsi gedib Qazaxa çatdı. O vaxt maşın, avtobus yox idi. Heç Ağstafaya gedib çıxa bilmirdik. Uşaq idik. Qazaxdan gəldilər ki, bəs o tamaşanı bir də oynayın, baxaq. Oynadıq, baxdılar, bəyəndilər. Dedilər, Qazaxda Xalq teatrı var, ora üzv olun, biz də yazmağa, tamaşalar qurmağa kömək edək.

Bax, mənim ilk teatr düşüncəm, ilk tamaşa fantaziyam oradan başlayıb. Sonradan öyrəndim ki, tamaşa, teatr tamam ayrı şey imiş.

- Həmin vaxt neçə yaşınız vardı, Vidadi müəllim?

- Doqquzuncu sinifdə oxuyurdum. On altı yaşım vardı. İlk həvəsim o vaxtdan yaranmışdı, sonra Bakıya gəldim. Onda Mədəniyyət Universiteti “Teatr İnstitutu” adlanırdı. Bura gələndə gördüm ki, imtahanlar yekunlaşıb. Sən demə, imtahanları bir ay qabaqdan götürürlərmiş. Beləcə, Bakıda qaldım, işlədim. Növbəti il instituta qəbul oldum.

- Hansı fakültəyə qəbul olmuşdunuz?

- Dram və kino aktyorluğu fakültəsinə.

- İnstitutu neçənci ildə bitirmisiniz, sonra yolunuz hara oldu?

- 1967-ci il idi. İnstitutu bitirəndə bir neçə nəfərin təyinatını Akademik Milli Dram Teatrına verdilər. Onlardan biri də mən idim. Amma mərhum rejissorumuz Nəsir Sadıqzadə dedi ki, kursu bölməyək. İmtahan tamaşası da “Sevil” idi. Balaş rolunu mən oynayırdım. O vaxt İrəvanda təzə teatr açılmışdı, bizə də dəvət gəlmişdi. Nəsir Sadıqzadə dedi ki, hamımız yığışıb gedək orada birlikdə işləyək. Beləcə, getdik ora.

Bizə xeyli söz verilmişdi, amma...

- Ora getməyə həvəsli idiniz? Vəziyyət necə idi o vaxtlar?

- Həvəsli idik. Gənc komanda, təzə açılmış teatr... Bizə əvvəlcə xeyli vədlər verildi. Demişdilər, bir neçə ilə evlə təmin olunacaqsınız. Təyinatla getmişdik. Müqavilənin şərti belə idi. Amma söz verdikləri kimi olmadı. Bir il keçdi, iki il keçdi... Məcbur qalıb işlədik. Elə o vaxtlarda da teatrda Elmira xanımla tanış oldum.

- Tanışlığınız barədə də bir az danışaq...

- Mən İrəvan teatrında işləyirdim. Elmira xanım da İrəvanda Pedaqoji İnstitutu bitirmişdi, amma içindəki teatr sevgisi onu teatra gətirmişdi. Onda direktorumuz Əziz Süleymanov idi, Elmira xanımla uzaq qohum idilər. Əziz müəllim Bakıdan gələn peşəkar komanda ilə yanaşı, teatrda yerli aktyor, aktrisaların da olmağını istəyirdi.

Qərbi Azərbaycanın ən ucqar kəndində də o tamaşaları unutmayıblar

- Tamaşalarda birlikdə oynamısınız, tərəf-müqabili olduğunuz tamaşalar da vardı?

- Teatrın ilk tamaşasında Elmira xanım oynamırdı. İkinci, üçüncü tamaşadan sonra o da qoşuldu. Nadir hallarda tərəf-müqabili olmuşuq. Amma eyni tamaşada rol almışıq. Dramda, komediyada birlikdə oynamışıq. Bu gün əminəm ki, Qərbi Azərbaycanın ən ucqar kəndində də o tamaşaları unutmayıblar...

Beləcə, teatrda tanış olduq, ailə qurduq. Oqtay dünyaya gəldi. Balaca bir qeyd edim ki, Hidayət Orucovun İrəvan teatrı haqqında kitabında belə bir cümlə də var: “Teatrın ilk övladları doğuldu: Oqtay və Fərəh”. Fərəh Xalq artisti Tamilla Abdullayeva ilə əməkdar artist Şamil Dəmirçiyevin qızları idi. İkisi də eyni ildə doğulublar. Sonra çətinlik, şəraitsizlik ucbatından Bakıdan gələn aktyorların hamısı qayıdıb getdi.

Teatrı yaşatmaq naminə orada qaldıq

- Kimlər qayıtdı oradan, Vidadi müəllim?

- Hacı İsmayılov, Ramiz Məlikov... Başqaları da vardı. Tamilla xanımla Şamil Dəmirçiyev qaldılar, mən də qaldım. Düzdür, onlar bizimlə eyni kursun uşaqları deyildilər, amma onlar da Bakıdan gəlmiş kadrlardan idilər.

- Bəs siz nə yaxşı qayıtmadınız Bakıya?

- Biz orada teatrı yaşatmaq naminə qaldıq. Ermənilər teatrı bağlamaq istəyirdilər. Onlar hətta Bakıda da bir erməni teatrı yaratmaq istəyirdilər. Bakıdan da onlara deyilmişdi ki, Dağlıq Qarabağda bir erməni teatrı var, ikinci teatra ehtiyac yoxdur.

Ermənilər bizi burunlayırdılar

- Ermənilər orada sizi incidirdilər?

- Əlbəttə. Görəndə ki, Bakıda teatr açılmır, ondan sonra xüsusilə aktivləşdilər. Bizi, loru dildə desək, burunlamağa başladılar.

- İrəvan teatrını bağlamaq istəyirdilər yəni?

- Bəli. İstəyirdilər teatrda problemlər yaransın, plan dolmasın, teatr bağlansın. Biz orada təkcə aktyor olaraq çalışmırdıq, yaradıcılıqdan başqa həm də İrəvan teatrının təəssübünün keşikçiləriydik. Hər cür fədakarlıq edirdik ki, teatrı ayaqda saxlaya bilək.

- Bəs nə qədər belə davam edə bildiniz?

- 21 il... 21 il o cür yaşadıq, işlədik. 1988-ci ilə qədər. O qaçhaqaç, köçhaköçdə oradan çıxmağa məcbur olduq. Sonra teatrın Bakı dönəmi başladı.

- Teatrın rəhbəri oldunuz həm də...

- Kollektivi toplayıb İrəvandan qalan yeganə mədəniyyət ocağını yaratmaq naminə işlədik. Teatrı Bakıda yenidən bərpa etdik deyərdim. Teatrın rəhbəri və rejissoru kimi yaradıcılıq ənənələrini davam etdirməyə çalışdım. Teatrın tək rəhbəri olmamışam – orada ən xırda işlərdən, texniki işləri - hər şeyi özüm etmişəm. Hər işə can yandırmışam.

- Vidadi müəllim, 220-dən çox tamaşada rol almısınız, 20-dən çox filmdə müxtəlif obrazlar yaratmısınız. Maraqlıdır, bu obrazlardan sizin üçün xüsusi olanı varmı?

- Mənim fikrimcə, aktyorun işi obraz yaratmaqdır və o, bütün rollarını sevməlidir. Üstündə işlədiyin rolu o qədər mənimsəməlisən ki, təbiilik alınsın. Oynadığın hər rol sanki sənin özün olmalıdır. Bu baxımdan bütün obrazlarım mənə ayrıca əziz olub.

Söhbətin bu yerində bayaqdan sakitcə bizi dinləyən Elmira xanım da söhbətə qoşulur. O dillənəndə sevinirəm. Müsahibəni dəyərli aktyorlarımızın ikisiylə birlikdə etmək mənim ideyam idi və Elmira xanımın söhbətin əvvəlindən bəri davam edən susqunluğu, açığı, bir az pərt etmişdi məni. Elə bilirdim, heç danışmayacaq...

- İrəvan teatrının bütün tamaşalarında baş rolları Vidadi müəllim oynayıb, - deyir Elmira xanım, - əsərin qəhrəmanı həmişə o olub.

Vidadi müəllim bütün tamaşalarda baş rolu oynayırdı

- Elmira xanım, bəs bu digər aktyorlar arasında narazılığa səbəb olmurdu? sevincək soruşuram. Məqsədim Elmira xanımı söhbətə tutmaqdır.

- Rolu rejissor Vidadi müəllimə verəndən sonra aktyorların etiraz etmək haqqı yox idi axı. Bilirsiniz, xarici görünüşü, boyu-buxunu, qabiliyyəti ilə seçilirdi. Cəfər Cabbarlının bütün əsərlərində baş rolları Vidadi müəllim oynayıb (gülür), xarici əsərlər əsasında qurulmuş tamaşalarda da, adətən, baş rollar onun olurdu. Əlimizdə video-kasetlər, lent yazıları olmasa da, bunu sübut edəcək fotoşəkillər var...

- Elmira xanım, ikiniz də eyni peşənin adamlarısınız, amma deyəsən, həmişə Vidadi müəllim sizdən çox tanınıb. Sanki siz bir az kölgədə qalmısınız...

- Əlbəttə tanınacaq (Elmira xanım bu ifadəni elə bir intonasiya ilə deyir ki, səmimi olduğuna zərrəcə şübhəm qalmır). Kölgədə qalmaq söhbəti deyil. Sadəcə olaraq bura biz çox sonradan gəlmişik. Bütün tamaşalarımız İrəvanda olub. Cavanlığımız orada keçib. Biz bura qayıdanda mənim artıq 43 yaşım vardı.

Bu yerdə Vidadi müəllim söhbətə qoşulur:

- Bura gələndən sonra bir müddət heç nə edə bilmədik. Mitinqlər, Qarabağ davası, doxsanıncı illərin xaosu, Qanlı Yanvar hadisələri...

- Teatrı teatr edənə qədər , - Elmira xanım davam edir, - mənim təqaüd yaşım çatdı. Yenə də deyirəm, söhbət tanınmaqdan getmir. Bizim əsas işimiz, rollarımız İrəvanda qaldı. İrəvanda olan o işləri də sanki heç kim görmək, dəyərləndirmək istəmir.

Bakıya qayıdanda da özümüzü yad kimi hss etdirdilər

Bilirsiniz, İrəvanda bizə türk kimi baxırdılar. Deyirdilər, türksünüz. Türksənsə, deməli düşmənsən. Bakıya qayıdandan sonra burada da özümüzə qarşı ayrı-seçkilik hiss etdik. Biz bilmirdik ki, hara getsəydik bizə doğma olardı?! Yəni, orada da, burada da yad kimi hiss etdirdilər özümüzü.

Amma bizim orada düşmən içində mədəniyyətimizi qoruyub-saxlamağa çalışdığımızı qiymətləndirmədilər. Bunu qiymətləndirməliydilər. Beş il İrəvan teatrı Bakıda dövlətdən bir qəpik maliyyə almadan fəaliyyət göstərdi. Tanışların, sponsorların gücünə beş il teatrı saxladıq. Beş ildən sonra Allah qəni-qəni rəhmət etsin, Ulu Öndərimizə, o hakimiyyətə gələndən sonra teatrımıza dövlət teatrı statusu verildi.

- İrəvan teatrı Ermənistandan öz adıyla gələn yeganə mədəniyyət ocağı olub, - Vidadi müəllim əlavə edir.

- Niyəsə ölkədə Azdramadan (Akademik Milli Dram Teatrı) başqa teatr, Azdramanın aktyorlarından başqa da aktyor yoxdur elə bil, - Elmira xanım bir az hirslənir, - bu saat dəyər verilən, qiymətləndirilən istənilən aktrisanın oynadığının beş qatını düşmən içində oynamışam. Gəlib oturub baxırdılar, gözləyirdilər bir səhv tapalar, teatrı bağlayalar. Bəhanə axtarırdılar. Vətən müharibəsinin ildönümü barədə tamaşa müsabiqəsi vardı. Bütün Cənubi Qafqaz regionu üzrə. Bizim teatrı birinciliyə layiq olduğu halda, birinciliyi erməni teatrına verdilər...

- Münsiflər ayrı-seçkilik etdi?

- Bəli. Moskvadan komissiya gəlmişdi. Komissiya üzvləri arasında ciddi mübahisə yarandı. Ədalətsizlik etmişdilər. Erməni teatrını birinci etdilər, bizə ikinci yeri verdilər.

İrəvan teatrı kəndbəkənd gəzirdi

- Maraqlıdır, Elmira xanım, hansı əsəri hazırlamışdınız?

- “Tribunal” əsərini hazırlamışdıq. Belarus müəllifin əsəri idi. Çox mükəmməl hazırlamışdıq. Dediyim odur ki, o cür şəraitsizlikdə, o sıxıntıların arasında elə işlər görmüşük. Balaca bir teatrın ikincilik qazanması özü də böyük iş idi o vaxt, o şərait üçün. Heç teatrımızın binası da yox idi. Balaca bir klub idi. Tamaşalarımızı əsasən, kəndlərdə göstərirdik. Qərbi Azərbaycanın ən ucqar kəndlərinəcən gedib çıxmışdıq.

Eyni zamanda, Azərbaycan SSRİ-nin rayonlarına qastrol səfərlərinə gedirdik. Onda Gürcüstanda Azərbaycan teatrı yox idi. Tiflis teatrını bağlamışdılar. Borçalı, Qarayazı camaatına da mədəni qulluq baxımından İrəvan teatrı kənbəkənd gəzirdi.

- Əhatə dairəniz çox geniş olub...

- Qərbi Azərbaycanın 35 rayonu, Gürcüstanda azərbaycanlıların sıx yaşadığı beş-altı rayon, Azərbaycanın da 30-dan çox rayonunda qastrolda olurduq. İrəvan teatrının sonuncu qastrol səfəri 1988-ci ilin noyabrında Lənkəranda olub...

Amma nə olsun? Heç nəzərə alan, sayan yoxdur ki...

Laqeydlik tək bizə qarşı deyil

- Elmira xanım, sizcə bu laqeydliyin səbəbi nədir?

- Bu laqeydlik tək bizə qarşı deyil ki. Ölkədə 27 teatr var. Azdramadan, beş-altı nəfər Musiqili teatrdan, bir-iki aktyor da Gənc Tamaşaçılardan – elə bil, bunlardan savayı ölkədə başqa aktyor yoxdur. Qalanlarını görmək istəmirlər. Bunları tanıyırıq, vəssalam. Kim harada nə işləyir, kim harada nə oynadı – bununla maraqlanan da yoxdur.

Mən qiymətləndirilmək-filan istəmirəm, amma ən azı, bir dəfə qeyd etmək olar ki, bunlar da var, bunlar da əziyyət çəkiblər. Düşmən arasında mədəniyyət yaşadıblar...

- Maraqlıdır, bəs müasir tamaşalara, filmlərə gedirsiniz, baxırsınızmı? (Söhbəti dəyişmək istəyirəm, ağlıma ilk bu sual gəlir).

- Mən getmirəm, - Elmira xanım cavab verir, - səhhətimlə bağlı çox çıxa bilmirəm evdən. Ona görə teatra, filmə gedə bilmirəm.

- Mən də iki il olar getmirəm filmlərə, tamaşalara. Amma televiziyadan baxırıq, - Vidadi müəllim də dillənir.

- Baxdıqlarınızdan danışaq onda. Müasir Azərbaycan filmi haqqında nə düşünürsünüz? Sizcə, vəziyyət necədir?

- Müasir filmlərdən nə göstərirlər ki televiziyada? – Elmira xanım gileylənir, - İki-üç film göstəriblər. Seriallardır, o da ki... Heç nə deyə bilmərəm, çünki baxmıram.

- Baxmırsınız seriallara?

- Nəyinə baxım? Mövzu yox, məna yox. Yazan yox. Aktyor özünü öldürməklə deyil ki...

- Yeri gəlmişkən, Vidadi müəllim, siz müasir filmlərdən birində - “Nabat”da da oynamısınız. Bir az o filmdən danışaq. Təklif gələndə necə qarşıladınız?

- O filmdə sınaq çəkilişi olanda bir neçə nəfər gəlmişdi. Mən iranlı qadınla tərəf-müqabili idim. Hamımız bir-iki parçanı oynadıq. Bir müddət vaxt keçdi. Məlum oldu ki, rol üçün məni bəyəniblər. Filmdən sonra Ərdəbildə bir rejissor var – Babək Şirinsifət. O baxıb, bəyənib. “Nabat” filmini orada montaj etmişdi. Gəldi bura, bizim kinostudiyada “Üçüncü günün adamı” adlı film çəkdi. Orada mənə rol verdi.

"Nabat" mükəmməl idi

- “Nabat” ssenari işi, aktyor oyunu baxımından sizi qane etmişdi?

- Bu haqda biz sonra rejissorla da danışdıq. Bəzi xırda nüanslar vardı. Film hazır olmadan ona tam baxmaq imkanı olmur axı. Əyər-əskikləri baxandan sonra görürsən. Məsələn, mən çəkilişlərdə olmuşam, amma filmdəki canavar səhnəsini görməmişdim. Filmə tam baxanda gördüm o səhnəni. Amma ümumilikdə, müharibəni, hərbi, topu-tüfəngi göstərmədən o ab-havanı yarada bilmək... Məncə, mükəmməl idi.

- Fəxri adlarınız da var. Fəxri adları eyni dövrlərdə almısınız?

- Teatrı Bakıda bərpa edəndən sonra bir dəfə Bakı qastrolumuz oldu,1978-ci ildə, - suala Elmira xanım cavab verir, - ondan sonra da Vidadi müəllimə “Əməkdar artist” fəxri adı verildi. Mənə bir qədər sonra verildi fəxri ad. 2007-ci ildə yubileyimdə də “Xalq artisti” fəxri adına layiq görüldüm. Məndən bir az sonra da Vidadi müəllimə kinolardakı fəaliyyətinə görə “Xalq artisti” fəxri adı verildi. Kino günündə.

Yavaş-yavaş müsahibəni yekunlaşdırmaq istəyirəm, qocaman aktyorları çox yormaq fikrim yoxdur, amma müsahibəyə gələndə yolboyu beynimdə fırlanan bir sual vardı, çəkinə-çəkinə sonda mövzunu ora gətirmək istəyirəm.

Oqtaydan sonra filmlərə çəkilmək istəmirəm

- Yaranızı qanatmaq istəmirəm, amma Oqtay bəyin vəfatı ilə bağlı...

Sözüm yarımçıq qalır. Elmira xanımın gözlərində yaş gilələnir. Qəhər məni də boğur, anidən peşman oluram sualımı dilə gətirdiyim üçün, amma valideynləri ilə söhbətləşib, ondan söz açmamaq da olmazdı axı... “Üzr istəyirəm, çox üzr istəyirəm” deyə bilirəm ancaq.

- Bilirsən, qızım, yaşımızın da o yeri deyildi, - araya çökən qısa sükutu Vidadi müəllimin titrəyən səsi pozur, - olan-qalan son gücümüzü Oqtay yıxdı. Ondan sonra neçə filmə dəvət ediblər məni, amma gedə bilmirəm. İçimdə o həvəs yoxdur. Oqtay bir an olsun beynimdən çıxmır.

- Dilarə xanımla münasibətləriniz necədir bəs?

- Əladır, - deyir Vidadi müəllim, - Allah onun üzünü ağ eləsin, Allah onu bizə qızımız kimi verib.

- Dilarə bu evin uşağıdır, - Elmira xanım deyir, - Oqtay yoxdur, Dilarə var əvəzinə. Oqtayın yerini heç kim tuta bilməz, təbii ki, amma Dilarə sağ olsun, bizə doğma qızımız kimi münasibət göstərir. Hər səhər mənimlə danışıb hal-əhval tutmasa işə getməz.

Beləcə, əvəzsiz sənətkarlarımızla söhbəti yekunlaşdırırıq. Onları qarşıdan gələn yubileyləri münasibətilə təbrik edir, maraqlı söhbət üçün, bizə vaxt ayırdıqları üçün təşəkkür edirik. Elmira xanım israrla “müsahibədə fotolar qoymayın” desə də, Vidadi müəllim onu yola gətirir, heç olmaya bir neçə şəkil olmalıdır deyir. “Uşaqları pis vəziyyətdə qoyma, bu işin qaydası budur, şəkil olmalıdır” deyir. Elmira xanım, nəhayət, razılığını verir. Sağollaşıb çıxanda qapıda Vidadi müəllim astaca “Oqtaydan sonra ilk dəfədir mediaya danışır”, - deyir...

Chosen
116
teleqraf.com

1Sources