EN

Tarixi zəfərləri olan türk milləti

Tarix boyu dövlətsiz olmayan türk milləti dünya mədəniyyəti xəzinəsinə də əvəzsiz töhfələr bəxş etmişdir. Onlar maddi və mənəvi mədəniyyət sahəsində bir sıra kəşflərin və yeniliklərin müəllifləri olmuş və qazandıqları nailiyyətlər qonşu və uzaq xalqlara da ciddi təsir göstərmişdir. Orxon-Yenisey abidələrində minlərlə daşın və qaya parçasının üzərinə həkk edilmiş kitabələrdə bu barədə zəngin məlumatlar vardır. Daha zəngin məlumatlara isə Çin qaynaqlarında rast gəlinir. 

Bu gün islam dünyası da bu dinin səlib yürüşlərindən qorunub saxlanmasına görə türklərə, ilk növbədə Səlcuqlara və Osmanlılara borcludur. Məlumata görə, 1299-1913-cü illərdə Osmanlı imperatorluğunu məhv etmək üçün Qərb dünyasının dini, dünyəvi və hərbi xadimləri  tərəfindən 100 plan irəli sürülmüş və son nəticədə bu da öz təsirini göstərmişdir. Birinci Dünya müharibəsinə 2,8 milyon əsgərlə girən Osmanlı ordusunun sıralarında müharibədən sonra 560 min əsgər qalmışdı. Təsadüfi deyil ki, türklər apardıqları müharibələr nəticəsində 50 milyondan çox şəhid vermişlər. Bunların arasında İstiqlal savaşı müstəsna əhəmiyyət kəsb edir. 

1919-cu il mayın 19-da Mustafa Kamal Paşa böyük əzm və qətiyyətlə Samsuna çıxdı, qısa zaman kəsiyində onun öndərliyi altında türk milləti Vətənin azadlığı uğrunda yenidən savaşa başladı. Həmin ilin dekabrında Ankaraya gələn Mustafa Kamal Paşa bütün səylərini və qüvvələrini cəmləşdirərək 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisini (TBMM) qurdu. Beləliklə, bütün millətin idarəçiliyi xalqın iradəsinə tabe edildi. Həm də Ankara Qurtuluş hərəkatının mərkəzi halına gəldi. İlk uğurlar Şərq cəbhəsində Rusiyanın və Qərb dövlətlərinin xeyli miqdarda silah-sursatla təchiz etmiş olduğu 150-200 minlik nizami erməni-daşnak qüvvələrinə qarşı qanlı savaşda qazanıldı. Sonra Qərb cəbhəsində müzəffər türk ordusunun yunan qoşunlarına qarşı başladığı Birinci və İkinci İnönü savaşları düşmənə vurulmuş sarsıdıcı zərbələrlə sonuclandı. 

Müttəfiq qüvvələrdən yenidən ciddi dəstək alan yunan ordusu öz hücumlarını amansızlıqla davam etdirdi. Bu zaman Kamal Paşa doğma yurdu uğrunda ölüm-dirim savaşına girəcək ordusuna aşağıdakı tarixi əmrini verdi: "Xətti müdafiə yoxdur, səthi müdafiə vardır. Bu səth, bütün vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanı ilə islanmadıqca tərk olunamaz". Yenilməz türk ordusu dərhal bu əmrin icrasına başladı. 

Yuxunun və dincəlməyin nə olduğunu düşünməyən türk əsgəri 1921-ci il avqustun 23-dən sentyabrın 12-dək fasiləsiz davam edən qanlı Sakarya savaşını qazandı. Bu savaş qalib türk ordusunun qəti olaraq müdafiə durumundan hücum vəziyyətinə keçdiyi önəmli döyüş kimi tarixə düşdü. Bu zəfəri layiqincə dəyərləndirən TBMM yenilməz komandan Mustafa Kamal Paşaya "Qazi" ünvanı və "Marşal" rütbəsi verdi. 

Sakarya savaşından sonra düşmən qüvvələri geri çəkilərək əvvəlcədən hazırlamış olduqları güclü istehkamlarda mövqe tutdular. Bu cəbhə xətti Əskişəhr, Kutahya və Afyonun şərq səmtində yerləşirdi. Təpədən-dırnağadək silahlanmış düşmən uzun bir müdafiə savaşına hazırlaşırdı. Yunan ordusu Qərbi Anadolunu türk ordusuna qarşı müdafiə etməyi planlaşdırırdı. Hətta Afyonun cənub-qərbindəki bölgə bir-birinin arxasında beş müdafiə xətti olaraq təşkil edilmişdi.

Belə bir şəraitdə türk ordusunun da gücləndirilməsi lazım gəlirdi. Komandanlıq qış düşənədək hücuma keçmək istəyirdi. Bu məqsədlə "Sad hərəkatı" adlı məxfi bir əməliyyat planı da hazırlanmışdı.  Lakin hücum planı əvvəlcə bahar, sonra isə yay aylarına təxirə salındı. Qazi Mustafa Kamal Paşa deyirdi ki, "yarım hazırlıqla, yarım tədbirlə ediləcək hücum, heç hücum etməməkdən daha pisdir". 

1922-ci ilin yayında bütün yurdda son dərəcə sürətli bir hazırlıq görülürdü. Millət evində-eşiyində, əlində nəyi vardısa ordusuna verir  və qəti zəfəri gözləyirdi. Ağır və üzücü döyüşlərdən çıxmış piyada və topçuların döyüş sursatı tükənmək üzrə idi. Qərb cəbhəsinə göndərilən hərbi birliklərin oraya yetişməsi üçün xeyli vaxt tələb olunurdu. O vaxtlar bu bölgədə dəmir yolu yox idi. Əsgərlər piyada gedir, döyüş sursatları isə arabalarla, heyvanların belində daşınırdı. Bu vaxt minlərlə qutu sursatı, top və tüfəng müttəfiq dövlətlərin işğalı altında olan İstanbuldan gizli yollarla Anadoluya gətirilirdi.                    

 Nəhayət iyunun 16-da Böyük hücum haqqında qərar qəbul edən Mustafa Kamal Paşa Baş qərargah rəisinə, milli müdafiə nazirinə və ordu komandanlarına hücum üçün gizlicə zəruri tədbirlərin görülməsi əmrini verdi. Əsas məqsəd düşmənə tez bir zamanda qətiyyətlə zərbə endirmək idi.  Bu zaman yunan ordusu pulemyot, top, təyyarə, motorlu nəqliyyat vasitələri, döyüş sursatı və digər ehtiyaclar baxımından üstün vəziyyətdə idilər. Türk ordusunun əsas üstünlüyü isə qılıncların sayında, yəni süvari birliklərində idi. Bununla belə Rusiya, İtaliya və Fransadan satın alınan silahlarla, miqdarı artırılan və yeni qoyulan vergilərlə, pul yardımları ilə ordunun ehtiyacları təmin olunurdu. Yurd içində hərbi emalatxanalar gecə-gündüz çalışırdı. Pəncərə dəmirlərindən və dəmir yolu relslərindən süngü və xəncərlər hazırlanırdı. 

Hərbi hazırlıqla yanaşı, düşmənin sayıqlığını azaltmaq məqsədilə hətta belə bir taktikaya da əl atılmışdı. İyulun 28-də ordu  idman komandaları arasında təşkil edilmiş futbol yarışına tamaşa etmək bəhanəsilə bütün komandirlər Akşehirə dəvət olunmuşdular. Kamal Paşa onlara Böyük hücumun təfərrüatları barədə məlumat vermişdi. Sonra o, gizli surətdə Ankaraya dönərək hücum qərarını hökumətə bildirmişdi. Beləliklə, avqustun 6-da hücuma hazırlaşmaq haqqında orduya gizli əmr verilmişdi. 

Bu arada Kamal Paşa son dəfə barış təşəbbüsü edərək daxili işlər nazirini Paris və Londona göndərmişdi. Lakin orada türk elçisini soyuq qarşılamışdılar. 

Savaşın qaçılmaz olduğuna qəti əmin olan Kamal Paşa avqustun 18-nə keçən gecə gizli surətdə Ankaranı tərk etdi. O, avtomobillə Konya yolu ilə Qərb cəbhəsi qərargahının yerləşdiyi Akşehirə gəldi. Komandanlarla keçirilən qısa bir toplantıdan sonra avqustun 26-da sübh çağı hücuma başlamaq qərarı qəbul olundu. Avqustun 25-də Baş komandan və ordu generalları hücumun idarə ediləcəyi Kocatəpənin cənub-qərbindəki çadırlı qərargaha gəlmişdilər. 

1922-ci il avqustun 26-da sübh tezdən saat 05-30-da döyüş başladı. Düşmən səngərləri bir-birinin ardınca ələ keçirilirdi. Qəfil hücum öz bəhrəsini verdi. Bazar günü, avqustun 27-də səhər tezdən türk ordusu bütün cəbhələrdə yenidən hücuma başladı və bu, əsasən süngü zərbələri və qeyri-adi səylər nəticəsində baş verdi. Afyon qurtuluşun şanlı və şərəfli müjdəcisi idi və Baş Komandan Qərargahı və Qərb Cəbhəsi Komandanlığı Qərargahı Afyona köçürüldü.

Qanlı savaş gedişində avqustun 27-də türk ordusu düşməni qabağına qataraq Sincanlı və Afyon düzənliklərinə endi. Dumlupınar-Uşak istiqamətində qaçan yunan qoşunları Aslihanlar bölgəsinə sıxışdırıldı. Türk birlikləri onların İzmirə qaçış yollarını kəsdilər. Nəticədə düşmənin beş diviziyası mühasirəyə düşdü. 

Savaşın qanlı gedişi türk əsgər və zabitlərinin qəhrəmanlıq, mərdlik nümunələrilə doludur. Hücumun qızğın çağında polkovnik 57-ci diviziyanın komandiri Rəşad bəy ona həvalə edilmiş yüksəkliyi ilk cəhddə ələ keçirə bilmədi. Baş komandan onu telefona çağıraraq bildirmişdi ki, onun ləngiməsi digər birlikləri çətin duruma salır. Polkovnik cavabında: "Yarım saatdan sonra hədəflərə varacağız. Narahat olmayın, Paşam!"  deyərək təkrar atəş xəttinə qaçaraq nəyin bahasına olursa-olsun bu yarım saat içində təpəni ələ keçirmək üçün diviziyanı yenidən hücuma qaldırmışdı. Lakin təpəni ələ keçirmək mümkün olmamışdı. Baş komandan yenidən ona telefon açır. Polkovnik dərhal növbətçi zabiti yanına çağıraraq ona bir kağız verərək tapşırır ki, bunu şəxsən Paşaya oxuyarsan, mən  səngərdən ayrıla bilmərəm. Zabit telefonda gözləyən baş komandana belə cavab verir: "Rəşad bəy intihar etmişdir, Paşam.  Sizə oxumaq üçün vidanaməni göndərdi: "Yarım saat içində bu mövqeni almaq üçün sizə söz verdiyim halda, sözümü yerinə yetirmədiyimə görə yaşaya bilmərəm".               

Avqustun 30-da səhər tezdən bölgədə böyük bir meydan savaşı başladı. Mustafa Kamal Paşanın məharətlə idarə etdiyi bu savaşda bir gün ərzində yunan ordusunin böyük bir qismi məhv edildi, digər bir hissəsi isə əsir alındı. Mustafa Kamal Paşa işğaldan azad edilmiş Uşak şəhərində əsir alınmış yunan baş komandanı general Trikopislə hörmətlə, səmimi davrandı. Bu şanlı türk komandanının bəşəri hüquqlara, beynəlxalq normalara sayğı ilə yanaşmasını göstərirdi.                                                         

Avqustun 26-da Afyonda başlayan böyük hücum avqustun 30-da çərşənbə günü Dumlupınar döyüşündə düşmən qüvvələrini məğlub edən türk ordusunun qəti qələbəsi ilə başa çatdı. Bu zəfər türk millətinin istiqlal mübarizəsində dönüş nöqtəsidir. Avqustun 30-da düşmən üzərində mühüm qələbə qazanılsa da, onların qalıqlarının ölkə hüdudlarından tamamilə qovulub çıxarılması bir qədər sonra baş verdi.  Anadoludakı yunan qüvvələrinin yarısı məhv edildi və ya əsir götürüldü, qalanları isə üç qrup halında geri çəkildi. Bunun qarşısında Qazi Mustafa Kamal Paşa Çalköydəki xaraba evin həyətində türk ordusuna yunan ordusunu təqib etmək üçün "Ordular, birinci hədəfiniz Aralıq dənizidir. İrəli!" əmrini verdi.   

9 sentyabr 1922-ci ildə İzmir, 11 sentyabrda Bursa, 18 sentyabrda isə Qərbi Anadolu düşmən işğalından azad edildi. 11 oktyabr 1922-ci ildə imzalanan Mudanya atəşkəsi ilə Şərqi Trakya silahlı qarşıdurma olmadan yunan qoşunlarından təmizləndi. 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə Türkiyənin müstəqilliyi bütün dünyada tanındı.    

1922-ci ildə Atatürkün komandanlığı altında qələbə ilə nəticələnən böyük hücumun xatirəsinə hər il avqustun 30-u Türkiyə və Şimali Kipr Türk Respublikasında milli bayram kimi qeyd olunur. 

Türk ordusunun Qurtuluş savaşı zamanı işğalçı qüvvələrə son və həlledici zərbə vurmaq və onları Anadoludan çıxarmaq üçün həyata keçirdiyi ümumi hücum əməliyyatı "Böyük Hücum" adını almışdır. İşğal qüvvələri bir müddət sonra ölkəni tamamilə tərk etsə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı gün kimi qəbul edilir.

 

Atamoğlan MƏMMƏDLİ, 

BDU-nun dosenti

1Sources