EN

Bu Azərbaycanın heç 80 ci problemi də deyil, Nəsiminin məzarı ilə uğraşmaqdansa… SORĞU

Tribuna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan ədəbiyyatının ən böyük klassiklərindən biri olan İmadəddin Nəsiminin məzarının Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr gündəmə gəlib. Bu addım həm ədəbiyyat, həm də milli-mədəni irsimiz üçün mühüm hadisə hesab olunur. Mövzu ətrafında fikir müxtəlifliyi olsa da, Nəsiminin vətən torpağında uyuması onun irsinin qorunması baxımından xüsusi rəmzi məna daşıya bilər.

Nəsiminin irsinin beynəlxalq miqyasda tanıdılması üçün bu addım hansı imkanlar aça bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-ın sorğusunu cavablayan qələm adamlarının açıqlamasını təqdim edirik:

Şərif Ağayar

Nəsimi “Dünya duracaq yer deyil, ey can, səfər eylə” deyirdi. Yəni o, nəinki Azərbaycanı, heç dünyanı da özünə vətən saymırdı. Nəsimi indi arzuladığı əbədi vətəndə – Tanrının hüzurundadır. Nəşini Hələbdən gətirmək isə Azərbaycanın heç 80-ci problemi də deyil. Nəsiminin məzarı ilə uğraşmaqdansa, Nəsimi kimi istedadı olan gənclərimizin dolanışığı və inkişafı haqda düşünsək, daha faydalıdır. Belə ucuz vətənpərvərlik heç kimə lazım deyil.

Almaz Ərgünəş Bəyazid

Mənim üçün insanın harada torpağa tapşırılmasının heç bir əhəmiyyəti yoxdur. Nəsimi adi insan deyil, fərqlidir. Mənim üçün qəbristanlıq əhəmiyyətsiz və mənasız bir məkandır.

Dünyanın qarmaqarışıqlığına baxdıqda, bir dahinin hardasa məskunlaşmasını, qəbrini kimsə öz adına da çıxarır. Nəsiminin öz torpağımıza gətirilməsi bəlkə də yaxşıdır. Amma mən bunu istəməzdim. O harada uyuyubsa, orada da qalsın. Yer üzündə bu torpaq ki, var, insanların ovuntularından, çürümüş bədənlərindən yaranmış bir maddədir. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyirdi. Nəsimi elə bil bu gün üçün deyibdir ki, “mən elə bura da sığaram”. Bəziləri deyir, “Nəsimi iki cahanı nəzərdə tutub”. Amma Nəsimi iki cahanı nəzərdə tutmur. Elə, bir cahan var. O yer də elə Nəsiminin məskunlaşdığı yerdir. Çünki Nəsimi deyir, “Məndə sığarikən cahan, mən bu cahana sığmazam”. Yəni, o demir iki cahan. Nəsiminin cəsədi bütün cahana sığa bilər. Onun ruhu onsuz da heç yerə sığan deyil. O, ədalətsizlikləri görürdü. O, bütün varlığı ilə deyirdi ki, mən bütün cahanı özümdə sığışdıra bilirəm, cahan mənə sığa bilmir. Bu baxımdan Nəsimi hara da getsə, bütün cahan ona sığınıbdır.

Fəxri Uğurlu

Bu işin Nəsiminin beynəlxalq aləmdə tanıdılmasına dəxli yoxdur. Məncə, şairin yaralı cismiylə uğraşmaqdansa, ruhunun qayğısına qalmaq lazımdır. Nəsimi poeziyasını lazımınca mənimsəyə bilmişikmi? Onu başqalarına da tanıda bilmişikmi? Nəsiminin ideallarına layiq olmağın qayğısına qalırıqmı? Azərbaycan mənəviyyatı tarixində onun yerini müəyyənləşdirə bilmişikmi? Günü bu gün də “ənəlhəq” deyənin ağzından vuranlar, ona kin-küdurət bəsləyənlər, ona qarşı açıq-gizli fətva verənlər var. Bu xəttin getdikcə güclənməsinin, Nəsiminin dərisini soyanların islam aləmində at oynatmasının, hələ də söz sahibi olmasının səbəbləri barədə düşünmüşükmü? Budur üzərində baş sındırmalı olduğumuz suallar. Nəsimini kafir sayanlar ölkəmizin mənəvi ərazisini addım-addım işğal etməkdədirlər. Bunun dərdini çəkmək lazımdır, daha bir torba sümüyün yox.

Aqşin Yenisey

Nəsimin məzarını Hələbdə də dünya mədəni irsinə çevirmək olar. Düşüncəsinin miqyası ilə Nəsimi bütün Şərqə aiddir. İş elə aparılmalıdır ki, Nəsiminin irsinə də, məzarına da bütün islam Şərqi sahib çıxsın, yəni Nəsimi hansısa xalqın deyil, bütün müsəlman dünyasının mədəni ikonasına çevrilsin. Platonun, Aristotelin məzarının harada olmasının bu gün heç bir əhəmiyyəti yoxdur. Eləcə də Füzulinin, Nəsiminin. Əgər biz klassiklərin irsini yenidən mədəniyyətin dövriyyəsinə daxil edə bilməyəcəyiksə, nə fərqi var onların məzarı qürbətdə unudulsun, ya vətəndə. Amma müsəlman şərqi Nəsiminin məzarına sahib çıxmaq fikrində deyilsə, əlbəttə, köçürülməlidir. Çünki Şərqə insanmərkəzli düşüncəni Nəsimi aparıb. Nəsimiyə istinad Azərbaycan düşüncəsinə istinaddır. Bu mənada biz Nəsimin hər şeyinə sahib çıxmalıyıq.

Bircə

H. Cavidin Bakıya gətirildiyi günləri xatırladım. Onu gətirənlər gözümün önündə canlandı.

Hətta bu mövzuda qardaşlarımla mübahisə də eləmişdim.

Qorxurdum ki, (cavanın beyni qan olur axı) birdən qəbir Cavidin olmaz.

Bu hiss məni çox pərişan eləyirdi.

Qardaşımın dövrü mətbuatdan oxuduğu cümlə yadımdadır.

Qəbirdən böyük şairimizin gözlüyü tapılıb…

Nəsimidən fərqli olaraq, orda basdırılmağı Cavid əfəndi özü seçməmişdi.

Böyük faciənin günahsız qurbanının nəşinin öz vətəninə gəlməsi hamımızı qürurlandırmışdı.

Nəsimi öz istəyiylə o torpaqda yaşamağı seçib.

Sözsüz ki, bizim fikrimiz heç nəyi dəyişməyəcək.

Ən ağıllı qərarı dövlətimiz özü verəcək.

Qəbrinin harda olmağı onun ədəbi-əbədi şöhrətindən bir qıxmıq da qopartmayacaq.

Gün o gün olsun ki, Şeyx Səfi xalçası Bakıya gətirilsin.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
tribunainfo.az

2Sources