EN

Səkinə Manafova: Bərpaçı rəssam peşəsinin əsas xüsusiyyəti səbirli olmaqdır MÜSAHİBƏ

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 avqust, Tatyana İvanayeva, AZƏRTAC

Belə bir fərqli fikir var ki, bərpaçı rəssamları rəsmlərin təbibi adlandırırlar. Artıq bayağılaşan bu müqayisə tamamilə doğru deyil. Çünki təbib ən yaxşı halda pasiyentin dərdini yüngülləşdirməyi, onu xəstəlikdən qurtarmağı bacarırsa, bərpaçı rəssam daha çox iş görə bilir. O, gəncliyi öz “pasiyentlərinə” qaytarmaq missiyasını yerinə yetirir. Bərpaçı rəssamlar daha çox gənclik illərini uzadan, qocalmanı dayandıra bilən Mefistofelin funksiyasını yerinə yetirirlər. Amma Mefistofeldən fərqli olaraq, onlar bunun müqabilində heç kimin ruhunu tələb etmirlər.. Həmişə öz ruhlarını verirlər...

Azərbaycan Milli İncəsənət Muzeyinin baş elmi işçisi Səkinə Manafova iyirmi ilə yaxındır ki, özünü bu nadir sənətə həsr edib...

- Sənət əsərlərinin bərpası təsirli tədqiqat bazasına əsaslanan ciddi bir elmdir. 2010-cu ildə Azərbaycan Milli İncəsənət Muzeyində Elmi-bərpa şöbəsinin açılması isə məişət bərpası tarixində mühüm mərhələdir. Təkcə onu qeyd edək ki, bu, Fərhad Hacıyevin bizə miras olaraq qoyub getdiyi işin məntiqi davamı idi. Mübaliğəsiz deyə bilərəm ki, məhz onun fədakarlığı, sənətə dərin sədaqəti sayəsində Azərbaycan öz bərpa məktəbini əldə edib. O, 1957-ci ilin sentyabrında həmin dövrdə “bizim muzey” adlanan Azərbaycan Dövlət İncəsənət Muzeyində işə başlayıb, sonra 1971-ci ildə Azərbaycanda birinci, SSRİ-də isə dördüncü olan Muzey Dəyərlərinin və Əsərlərinin Elmi-Bərpa Mərkəzini təsis edib.

- Amma o vaxta kimi Azərbaycanda muzey kolleksiyaları formalaşmışdı və onların mühafizəsinə kimsə “nəzarət” etməli idi!

- Ölkəmizdə muzey işinin tarixini dərindən araşdırmaq fikrində deyiləm, amma məncə, qeyd etmək lazımdır ki, rəssamlıq yarandığı dövrdə müəyyən spesifik nüanslara malik idi. Bizim təsviri incəsənət mədəniyyətimiz portretləri qəbul etməyən İslam qanunlarına uyğun gəlirdi. Əsasən, bunlar miniatür əsərlər idi ki, burada rəssam şərti üzləri, təbiəti, süjet və gül kompozisiyalarını və başqa təsvirləri rəngləyirdi. Amma SSRİ dövründə Azərbaycan muzeylərinin fondlarına Rusiyanın digər muzeylərindən olan sənət əşyaları daxil olmağa başlayanda, tarix özü bərpa sənətinin vacibliyini göstərdi. Azərbaycan rəssamları isə dünya rəngkarlıq tendensiyalarına qoşulmağa, bununla da Qərblə Şərqin vizual kəsişməsinə çevrilən bənzərsiz sənətimizi dünyaya gətirməyə başladılar. Amma ötən əsrlərin muzey eksponatları xüsusi diqqət tələb edirdi ki, Fərhad Hacıyev Moskvaya Dövlət Mərkəzi Bədii Bərpa Emalatxanasına oxumağa gedəndə də məhz buna diqqət yetirirdi. O, Bakıya təkcə rəssam kimi deyil, bərpaçı kimi qayıdıb, öz səylərini keçmişin qorunub saxlanılması yolu ilə gələcəyə yönəldib, gələn il 90 illik yubileyini qeyd edəcəyimiz muzeyi bu missiyası üçün başlanğıc nöqtəsi seçib. Yaxşı ki, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-Bərpa şöbəsi pioner Fərhad Hacıyevin hüquqi varisi kimi muzeyin tamhüquqlu və ayrılmaz hissəsinə çevrilərək bu il 15 illik yubileyini qeyd etdi. Gizlətməyəcəyəm ki, onun nailiyyətlərində, uğurlarında, fəaliyyətinin tanınmasında öz rolumun olduğu düşüncəsi ilə bu yubileydə iştirak etməkdən məmnunam...

- Elə həmin 50-ci illərə qayıdaq...

- Deməliyəm ki, ayrı bir struktura çevrilən Muzey Dəyərlərinin və Reliktlərinin Elmi Bərpası Mərkəzi bütün bərpa işlərinin aparıldığı, müxtəlif muzeylərin fondlarından muzey eksponatlarının göndərildiyi məkana çevrildi. Bu, təkcə uzunmüddətli iş prosesi deyildi, həm də eksponatın bir mütəxəssisin əlinə keçməsinin illər boyu gözlənməsi ilə əlaqəli idi. Hansı ki, əsər muzeydəki “doğmalarından” fərqli, başqa bir şəraitdə olanda, ona da mənfi təsir edirdi. Onun birbaşa “dünyaya gəldiyi” yerləri demirəm. Məsələn, mənim sevimli portretlərimdən biri olan “Böyük knyaginyanın portreti” (Yelizaveta Fyodorovna – red.) 1890-cı illərdə haradasa alman rəssamı Fridrix Kaulbax tərəfindən çəkilib. Bu isə o deməkdir ki, müəllif o dövrün tələblərinə cavab verən materiallardan istifadə edib və bir növ portretin çəkildiyi yerin iqliminə uyğunlaşıb. Sonra rəsm “məcburi səyahətə çıxıb”, onun saxlanma şəraiti dəyişib və hər dəyişiklik tabloya təsir edib. Proses qaçılmaz və dağıdıcıdır - temperaturun dəyişməsi və iqlim dəyişikliyi öz izlərini buraxıb... Zaman keçdikcə, həmin rəsm muzeydə “kök salıb”, lakin bərpaya və yeni yerə yenidən köçməyə ehtiyac var idi. Bərpaçılarla “ünsiyyət” bitdikdən sonra əks istiqamətdə təkrarlanacaq sənət əsəri üçün “stres” dövrü başlayıb. Ona görə də on beş il bundan əvvəl Azərbaycan Milli İncəsənət Muzeyində şöbəmiz açılanda, bu “gərginlik” onun eksponatlarının həyatından kənarlaşdırıldı ki, bu da biz, bərpaçılar üçün böyük kömək oldu, temperatur və rütubət şəraitindən bilavasitə asılı olan muzey fondlarının saxlanma bölmələrinin vəziyyətini sabit saxlamaqda vəzifələrimizi müəyyən dərəcədə asanlaşdırdı.

- Necə də maraqlı səslənir!.. Temperatur və rütubət şəraiti!..

- Bərpaçılar bir növ meteoroloqlardır, onlar “muzeydə hava şəraitini” daim izləyirlər. Biz müəyyən dərəcədə “təmirçiyik”, günəşin və rütubətin təsirini azaltmaq üçün profilaktik təmir işləri aparırıq. Dediyimiz kimi, diqqətimiz obyektin təbii qocalma prosesinə təsir edən amillərə yönəlib. Xüsusən də eksponatlarımız xarici sərgilərdə, böyük sənət layihələrində iştirak etmək üçün səyahətə çıxanda. Belə hallarda əvvəl və sonra profilaktik yoxlamalar həyata keçiririk. Evdə isə “bərpa reydləri” dövri xarakter daşıyır. Biz, öz növbəmizdə, fondlarda və sərgi salonlarında eksponatların vəziyyətinə nəzarət edirik. Artıq topladığımız təcrübə bizə onların cari saxlanması ilə bağlı tövsiyələr verməyə və ya ciddi nəticələrin qarşısını almaq məqsədilə bizdən bir az da olsa diqqət tələb edənləri şöbəmizə aparmağa imkan verir. Muzey eksponatlarının əsas “təcavüzkarlarından” biri və hər yerdə mövcud olan rütubəti xüsusi qeyd etmək istəyirəm. Bu, təkcə tarixi incəsənət obyektlərinə deyil, həm də müasir əsərlərə hökm kəsilən bir bəladır. Üstəlik, bu bəla metal, toxuculuq, keramika və çini, yaxud rəsm əsərləri arasında fərq qoymur...

- Ancaq bunun üçün oriyentiri minlərlə eksponata yönəltmək lazımdır!

- Muzeyimizdə olan bütün eksponatların vəziyyətini, eləcə də nə vaxt bərpa olunduğunu izləməyə kömək edən “tibb tarixçələri”miz var. Həm də onların hər birinin texnoloji və fərdi xüsusiyyətlərini - “doğulduğu, yaşadığı, köçdüyü, müalicə edildiyi” yerdən gələn bütün məlumatları birlikdə saxlayırlar. Xüsusilə sonuncu, “müalicə prosesində” necə və haraya hərəkət etmək barədə əlavə məlumat lazım olduqda, bu, işimizi asanlaşdırır ...

- Baxmayaraq ki, onların hamısı müxtəlif materiallardan hazırlanır. Bu, rəngləmə üçün faydalı olanın toxuculuq üçün uyğun olmadığını göstərir və ya metal üçün məqbul olan şey keramika, yaxud çini material ilə işləmək üçün istifadə edilə bilməz.

- Onları hətta bir-birinin yanında saxlamaq da olmaz! Çünki metalların yanında olan və oksidləşmə təsirinə məruz qalan tekstil məmulatlarını aldığımız hallar olub. Həm də burada onu qeyd etmək lazımdır ki, məsələn, misin oksidləşməsi bürüncdən və digərlərindən fərqlənir. Beləliklə, təmasda olduqda, kağız və tekstil dərhal görünməyən, lakin zaman keçdikcə geri dönməz hala gələ bilən bu təsirləri udur. Bütün bu nüanslar saxlama zamanı nəzərə alınmalı və bərpaçıların tövsiyələri diqqətlə dinlənilməlidir. Öz təcrübəmdən bir hadisəni paylaşacağam. Bir dəfə mütəxəssis qismində bizi İmişliyə göndərmişdilər ki, keçmiş Mədəniyyət Evindəki eksponatların vəziyyəti ilə tanış olaq. Bu binada plener üçün oraya gələn tanınmış azərbaycanlı rəssamların hədiyyə etdiyi rəsmlər mini fondda saxlanılır, onların arasında Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin tabloları da var idi. 1984-cü ildən kolleksiya möhürlənib və məni heyran edən o oldu ki, bütün rəsmlərin yalnız 15-17%-i minimal zədələnib, həm də daha çox mexaniki cəhətdən. Baxmayaraq ki, bu, bir növ xüsusi saxlama yeri deyil, əsərlərin diqqətlə saxlanıldığı sadə bir otaq idi. Bunun sirri sadə oldu; bəzən pəncərələr açılır, İmişlidə çox aşağı olan temperatur və rütubət şəraiti də optimaldır. Demək olar ki, bütün bu onilliklər ərzində işıqlandırmadan istifadə edilməməsinə baxmayaraq. Bilirsiniz, mən o zaman öz işimi yerindəcə görə biləcəyimi düşünmüşdüm. Xüsusi avadanlıq tələb edən zədələnmiş rəsmlərdən yalnız bir neçəsini Bakıya apardıq. Yeri gəlmişkən, başqa bir misalı Türkiyədəki təcrübəmdən gətirəcəyəm, oraya da səfər etmişəm və İtaliyadakı kimi şəraitlə tanış olmuşam. Muzey eksponatlarının təhlükəsizliyi baxımından mütəxəssislər üçün problemə çevrilən miqyasdan kənar olan temperatur və rütubət şəraitinə görə onları saxlamaq problemlidir.

- Bəs sizin probleminiz nədən ibarət idi?

- Bir dəfə şöbəmizin müdiri Natiq Səfərovla öz gücümüzü, toplanmış təcrübəmizi müəyyən etmək məqsədilə xaricdən az qala kritik vəziyyətdə olan bir tablo aldıq. Rəsmin sahibinin o zaman bizə yazdığı kimi, bir neçə mütəxəssis onunla bağlı məyusedici hökm vermişdi - bu, bərpaolunmaz əsər idi. Tablo bizə gəldikdə və

açılanda, boya təbəqəsi praktiki olaraq çökmüşdü, kətanın özü sözün həqiqi mənasında “ölmüşdü” və təsvirin 60-70%-ni öz üzərində çətinliklə saxlayırdı. Amma biz tablonu canlandırmaq vəzifəsini qarşımıza qoymuşduq. Bu, fəal axtarışlar və cəsarətli eksperimentlər dövrü idi, nəticəsini həmin rəsmə “hökm çıxaran” alman həmkarlarımız da gözləyirdilər. Yetərli bir müddətdən sonra rəsmləri tamamilə bərpa etməklə, biz onların rəyinin səhv olduğunu praktikada sübut etdik. Hətta onu demirəm ki, onlar uzun müddət Azərbaycandan gələn bərpaçıların almanların imkanlarından kənar bir işin öhdəsindən gəlməsini qəbul etmirdilər. Rəsm təbəqəsini hər bərpaçının edə bilməyəcəyi yeni bir kətana köçürsək də, təsviri bərpa etdik, gücləndirdik və “pasiyent” sanki yenidən doğuldu...

- Bərpaçı peşəsinin xüsusiyyətləri nədən ibarətdir?

- Fəaliyyətimizin aydın şəkildə müəyyən edilmiş “hipostazları” - konservasiya, bərpa və yenidənqurma işimizin düzgün təşkilinə kömək edir. Birincisi, bəzi səbəblərə və şəraitə görə rəsmi bərpa edə bilmədiyimiz zamandır. Məsələn, indiki ekspozisiyada olan eksponatda qeyri-kritik qüsur aşkar olunur və bu, gələcəkdə onun tam hazırkı vəziyyətinə təsir göstərməsin deyə, biz bu sahəni “düzəldirik” və nəzərə alırıq. İkincisi, müəyyən hazırlıq tədbirlərindən sonra eksponatın yarandığı vaxta uyğun vəziyyətə gətirilməsidir. Üçüncüsü, “sağ qalmış” fraqmentlər, tarixi məlumatlar, yazılı mənbələr və vizual materiallar itirilmiş əsəri və ya obyekti yenidən yaratmağa imkan verir. Amma bərpaçı peşəsinin əsas xüsusiyyəti səbirdir. Bu, əziyyətli bir anamnezlə başlayan “pasiyent ilə ünsiyyətin” ilk anlarından bəri hərfi mənada lazımlıdır. Bədii əsərin bərpadan əvvəl, bərpa zamanı və sonrakı davranışını da müşahidə edirik. Hər altı və səkkiz aydan bir onların vəziyyətini yoxlayırıq.

Mənim əsas iş sahəmdən biri çini ilə işləməkdir ki, bu material şirli və ya şirsiz ola bilər. Burada da rütubətin təsiri və müxtəlif dərəcələrdə oksidləşməyə məruz qalan çininin özünün tərkibi mühüm rol oynayır. Atəşdə formalaşma prosesi başqa bir rol oynayır, bu müddət ərzində daxili mikroçatlar və ya kristallar meydana gələ bilər ki, bu da sonradan xarici amillərə reaksiya verir. Müxtəlif kompozisiyaları olan bir çox material var, ona görə də onlara xas olan bütün nüansları öyrənməli idim və hələ də buna davam etməliyəm. Məsələn, bizim muzeyin kolleksiyasında bərpa etdiyim Meissen çinisinin “Fəsillər” seriyasından “Atəş” adlı bir vaza var. Deməli, material o qədər keyfiyyətli idi ki, onunla işləmək çox çətin idi. Bilirsiniz, çini material və ya keramika ilə işləmək mühəndislik düşüncəsi zəncirini nəzərdə tutur. Burada nəinki nəyisə bərpa etməlisən, həm də hissələrin həcmini nəzərə alaraq, onu gələcək üçün gücləndirmək məqsədilə kiçik “sancaqlardan” istifadəyə ehtiyac var. Amma “Atəş” təslim olmadı, bu da məni variantlar axtarmağa məcbur etdi. Buna baxmayaraq, mələyi və qanadları vazaya qaytardım... Yenə yuxarıda və aşağıda şirli boyalar, o cümlədən qızıl anlayışı var ki, onun effekti atəş zamanı əldə edilir. Bütün bu xüsusiyyətlər də fərqli yanaşmalar tələb edir. Keramika və çini məmulatlar üçün müxtəlif növ yapışqanların olduğunu bilirsinizmi? Buna görə də mən sizi həmişə mütəxəssislərlə əlaqə saxlamağa çağırıram, nəinki bərpaçı adı altında fəaliyyət göstərən həvəskar “baytarlara”.

- Sanki sadə yapışqana və ya gilə ehtiyac var...

- Hətta gil də fərqli ola bilər və hər biri müəyyən bərpa tələblərinə cavab verir. Yaxud fiqur ayaqda dayanırsa və ya oturursa, gərək gipsdən istifadə edək və ona nəyisə qataq... Hətta mövsümün də rolu var. Bundan əlavə, bərpaçı, məsələn, nəfəs aldığı kimyəvi maddələrlə işləyir. Proses uzunmüddətli, tədrici yanaşma tələb edir, tələsmək mümkün olmadıqda, belə bir vəziyyətdə işi soyuq hava dövrünə keçirmək daha yaxşıdır. Eksponata, habelə qurutma prosesinə təsir edən rütubət amilini də unutmaq olmaz, ancaq rəsmlər üçün eyni yanaşma, xüsusən də boyalar yağlı olduqda. Təbii qurutma prosesi eksponatın materialından asılı olmayaraq, birbaşa iqlimdən asılıdır. Həmin kontekstdə bu, bədəndən toksinlərin çıxarılmasına bənzəyir - eksponatın vəziyyətini izləmək altı aydan səkkiz aya qədər davam edir. “Yeniliyə” uyğunlaşma prosesinin özü səkkiz ildən bir il yarıma qədər çəkir.

- İşinizdə sizə ən yaxın olan sahə nədir?

- Mənim üçün fərqi yoxdur! Hər bir uyğun sahə yaxındır... Burada təhsilin də təsiri var. İki il kəsim və tikiş üzrə oxudum, diplom aldım. Kollecdə rəssam, akademiyada heykəltəraş təhsili almışam. Rəssamlıq və qrafika səth üzərində olan təsvirdirsə, heykəltəraşlıq konkret bir eksponatı hər tərəfdən qavramağa imkan verir. Bu təcrübə akademiyada məcburi tapşırıq olan üç fiqurdan ibarət kompozisiyalar tərtib etməklə əldə edilir. Yadımdadır ki, bu cür vəzifələri həll etmək üçün heykəltəraşlıqda rəsm üslubundan istifadə edərkən, habelə unikal fırça vuruşları zamanı kompozisiyaya dərhal estetik forma verəndə, mən öz yanaşmamı inkişaf etdirdim. Mənim üçün heykəltəraşlıq formasının quruluğu ilə rəssamlığa xas olan canlılığı birləşdirmək maraqlı idi ki, bunu müəllimlərim Ömər Eldarov, Arif Qazıyev, hazırda bu təhsil ocağına rəhbərlik edən Natiq Əliyev qeyd edirdilər. Ona görə də əminliklə deyirəm ki, mənim üçün hansı sənət əsəri ilə işləməyin heç bir fərqi yoxdur. Üstəlik, bərpa ilə yanaşı, həm də özümü rəssam və heykəltəraş kimi də reallaşdırıram. Ümid edirəm ki, tezliklə orijinal əsərlərimi müəyyən bir sintez formatında təqdim edəcəyəm və özümü başqa bir tərəfdən göstərəcəyəm...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
azertag.az

1Sources